Başınız ağrıyır? Ürəyiniz sancır? Gözünüzdən yaş gəlir? Bəlkə qızdırmanız var? Fərqi yoxdu, uşaq, cavan və ya qoca, insan övladı zaman-zaman səhhətində yaranan fəsadlardan əziyyət çəkir. Xəstələnir, ağrıyır və bu ağrıya qalib gəlir. Hə, məhz ağrıya.
Bəs görəsən ağrıyan nədir? Lent.az çoxlarınızın marağına səbəb olan bir rubrikaya start verir: "Haran ağrıyır?"
Hər dəfə bir xəstəlik, onun yaranma səbəbini sizlərə mütəxəssislər izah edəcək.
***
İlk söhbətimiz isə xərçəng xəstəliyi barədədir. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının onkoloqu Pərvanə Rüstəmova danışır:
“Xərçəng”termini ilk dəfə Hippokrat tərəfindən elmə daxil edilib və bədxassəli şiş mənasını verən “carcinoma” sözündən əmələ gəlib. Hippokrat bədxassəli şişi zahirən kraba – dəniz xərçənginə bənzətdiyinə görə “carcinoma” adlandırıb. O, xərçəngin bir neçə növünü təsvir edərək, elmə “onkos” (yunanca-şiş) terminini daxil etdi. Roma həkimi Korneli Sels eramızdan əvvəl I əsrdə kiçik ölçülü xərçəngi cərrahi yolla xaric etməyi, böyük ölçülü şişləri isə ümumiyyətlə müalicə etməməyi təklif etmişdi. O, yunan sözü olan “carcinoma” əvəzinə latın sözü - cancer (xərçəng) işlədib ki, bu da müasir “onkologiya” sözünün kökünü təşkil edir.
Xərçəng nəyi məhv edir və ölümə səbəb olur?
İnkişaf edən bədxassəli şiş həm bilavasitə ətraf toxumalara, həm də xəstənin bütün orqanizminə təsir edir. Şişin orqanizmə sistem təsirinin ən mühüm göstəricisi kəskin arıqlama, orqanizmin ümumi taqətdən düşməsi, üzülməsidir. Həmçinin, bədxassəli şişin inkişafı ikincili immun çatışmazlığı ilə müşayiət olunur. Digər tərəfdən qan azlığı qanda dəmirin səviyyəsini aşağı düşməsini, sümük iliyində qanyaranmanın zəifləməsi və qırmızı qan hüceyrələrinin yaşam müddətinin azalması, şişin damarların divarına sirayət etməsi və ya onun parçalanması nəticəsində qanaxma olur. B12 vitaminin çatışmazlığı, xərçəngin sümük iliyinə metastazı xəstələri zəiflədən səbəblərdəndir. Eyni zamanda şişin dağılma məhsulları qana daxil orqanizmin xroniki zəhərlənməsinə səbəb olur, xəstələrdə şişkinlik-ödəm yaranır. Bəzən gecikmiş hallarda şiş digər orqanlara metastaz verərək uzaq orqanların funksiyalarını ciddi şəkildə poza bilər.
Beləliklə, xərçəng hüceyrələri sağlam orqanların istifadə edəcəyi lazımlı yeri və qidaları tutur. Nəticədə sağlam orqanlar artıq işləyə bilmir. Digər hallarda isə bəzi insanlar üçün onkoloji xəstəliyin müalicəsində ciddi ağırlaşmalar ölümə səbəb olur.
Ona qalib gəlmək mümkündürmü?
Əlbəttə! Sadəcə bunun üçün bir neçə şərt var. Öz bədənimizi diqqətlə izləmək, baş verən ən xırda dəyişikliyi belə ciddi siqnal kimi qəbul edib, mütəmadi olaraq tibbi müayinələrdən keçmək və beləliklə ən erkən mərhələdə xəstəliyi aşkar etmək. Xəstə olaraq bizim öhdəmizə düşən budur. Bundan sonrası tibbin müasir inkişafı ilə daha asandır. Xüsusilə son 20 ildə Onkologiya sahəsində sürətli inkişaf xəstələrdə istər cərrahi, istər dərman, istər şüa müalicəsi çox uğurla aparılır. Gecikmiş xəstələrə isə target terapiya-ağıllı, hədəfə yönəlik müalicə və immunoterapiya böyük fürsətlər verir.
Müalicənin istənilən mərhələsində sağalacağına inanmaq və həkimə güvənmək bu xəstəliyə qalib gəlməyin əsas şərtlərindəndir. Unutmayın ki, yüksək əhval ruhiyyə və inamla müalicə prosesi daha rahat gedir.
Nigar Adil