Çin həkimləri donuz qaraciyərinin insanlara ksenotransplantasiyasını uğurla həyata keçiriblər.
Lent.az xəbər verir ki, bu barədə məlumatı “Nature” elmi jurnalı dərc edib.
Əməliyyat Sian şəhərində yerləşən 4-cü Hərbi Tibb Universiteti Xəstəxanasında keçirilib. Donor orqan genomu altı müxtəlif sahədə redaktə edilmiş, geni dəyişdirilmiş donuzdan əldə edilib.
Qaraciyər beyin ölümü elan edilən yetkin xəstəyə implantasiya edilib. Əməliyyat 2024-cü il martın 10-da baş tutub. Ancaq yerli agentlik yazır ki, 10 gün sonra xəstənin yaxınlarının təkidi ilə təcrübə dayandırılıb.
Təcrübənin vaxtından əvvəl başa çatmasına baxmayaraq, həkimlər yekdilliklə əməliyyatı transplantasiya sahəsində irəliyə doğru atılmış mühüm addım kimi qəbul edirlər. İndiyədək dünyada heç bir tibb qrupu donuz qaraciyərini insana köçürməyə cəsarət etməyib.
Qeyd edək ki, qaraciyər transplantasiyası artıq ABŞ-da uğurla sınaqdan keçirilmiş ürək və ya böyrək transplantasiyası ilə müqayisədə xeyli vaxt aparan və mürəkkəb işdir.
Çinli ekspertlər hesab edirlər ki, bu cür innovativ təcrübələr kritik vəziyyətdə olan uyğun donor orqanı gözləyən xəstələrin həyatını xilas edən müvəqqəti həll yolu ola bilər.