Dövlətin vətəndaşına münasibətdəki əsas elementlərdən biri həssas zümrələrə olan diqqətidir. Dövlət onun qayğısına ehtiyac olan zaman vətəndaşın yanında dayananda humanist olur…
Dövlətin humanist üzü
Bu gün Birinci vitse-prezident kimi təyinatından 5 il ötən Mehriban Əliyevanın fəaliyyətində əsas istiqamətlərdən biri məhz həssas zümrə ilə iş olub. Şəhid ailələri, müharibə veteranları, əlillər, uzunmüddətli müalicəyə ehtiyacı olanlar, valideyn himayəsindən məhrum uşaqlar, zəlzələdən zərər çəkənlər, kimsəsizlər, ahıllar evində yaşayanlar, sağlıq, təhsil problemi olanlar, daim özlərinə qarşı xüsusi münasibət gözləyən sənət adamları…
Mehriban Əliyeva uzun illərdir ki, qeyd etdiyimiz sahələrdə ənənəyə çevrilmiş sistemli fəaliyyət göstərir. Qazi, şəhid ailəsi üzvü, ziyalı, dövlətə xidmət etmiş şəxsin, sağlamlığını bu xidmətdə itirmiş adamların dara düşəndə ağlına gələn ilk Mehriban xanım olub. Dövlət üçün can qoyan hər kəsin əslində “dar məqamda Dövlət var” əminliyinin olmasından gözəl heç nə yoxdur. Dövlətə güvənmək, onun çətin günündə sənin, ailənin yanında olduğunu bilmək möhtəşəm hissdir. Mehriban Əliyeva şəhid ailəsində, qazidə, ziyalıda, sənət adamında, bu dövlət üçün istənilən cəbhədə döyüşən, can qoyan adamda Dövlət adına o güvəni, əminliyi yarada bilib. Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi ona da, Dövlətə də Birinci vitse-prezidentin ən böyük xidmətlərindən biri elə budur. Çünki Dövlət vətəndaşı ona əmin olanda, inananda, vətəndaşını qucaqlaya biləndə böyükdür.
Mehriban xanım 2019-cu ildə qazilərlə keçirdiyi görüşdə belə demişdi: “Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”.
“Yumşaq güc” və ənənəyə sadiq
Mehriban Əliyeva həm də mədəni irsin qorunmasındakı həssaslığı ilə diqqət çəkir. Dünyada “yumşaq güc” dediyimiz ənənələrdə iştirakı, dini və mədəni mərkəzlərlə yaratdığı səmimi dostluq Azərbaycanın həmişə köməyinə çatıb. Azərbaycan özünün mədəni və dini tolerant obrazını, mədəni irsə olan diqqətini Mehriban xanımın Vatikanda, Avropa və Asiya ölkələrində həyata keçirdiyi layihələrlə daha da gücləndirib.
Azərbaycanda da maraqlı mədəni tədbirlər onun adı ilə bağlıdır. Ümumiyyətlə, Mehriban xanımın rəhbərliyi ilə hazırlanan tədbirlərin kreativliyi və maraqlı təqdimatları onları gözlənilən edir. İstər “Avroviziya” mahnı müsabiqəsinin, istər Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, ümumən tədbirlərin təşkili, istər muğam müsabiqələri dünya mediasının diqqətini çəkəcək tərzdə maraqlı və fərqli təqdimatlarla təşkil olunmuşdu. Şuşaya mədəni qayıdışımızı göstərən və dünya mediasının bir neçə gün haqqında bəhs etdiyi “Xarıbülbül” musiqi festivalı muğamın yenidən canlandırılmasından sonra qırılmış növbəti ənənənin bərpası idi. Qarabağlı günlərin “Xarıbülbül” festivalı Qarabağlı günlərlə birgə qayıtdı və biz o səhnədə həm də başqa reallığı gördük. Məhz Mehriban xanımın və Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşanın sərvəti olan bəşəri musiqiçi yetişdirmək ənənəsi də bərpa edilibmiş. Cıdır düzünün səhnəsində onlarla gənc vardı, onların əksəriyyəti qarabağlı, bir çoxu da Şuşanın böyük musiqiçi nəsillərinin nümayəndələri idilər. Dünyanın məşhur sənət akademiyalarında oxumuş opera ustaları, simfonik orkestrdə çalışan gənclər… Mehriban xanım onların əksəriyyətinin xaricdə təhsil almasına dəstək göstərmişdi.
İndi Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası üçün aparılan işlərdə də Mehriban xanımın dəst-xətti aydın görünür. Şuşada artıq onlarla abidənin bərpa olunması prosesinə başlanılıb. Hər biri Azərbaycan üçün sərvət, tariximiz üçün əvəzsiz məxəzdir.
Ənənə yaradan Xanım
Mehriban Əliyevanın ənənə yaradan daha bir addımı eks-prezidentlər və onların ailə üzvlərinə göstərdiyi münasibətdir. Bu məsələdə Mehriban xanımın diqqəti və göstərdiyi həssas münasibət çox hörmətə layiqdir. İstər eks-prezident Ayaz Mütəllibov və onun ailəsinə, istərsə də Əbülfəz Elçibəy və ailə üzvlərinə göstərdiyi diqqəti cəmiyyət də digər əməlləri kimi həmişə xüsusi sevgi ilə qarşılayıb. Bu ailələrin istər şad, istərsə də ən çətin günlərində Mehriban Əliyevanın onların yanında olmağını hamımız bilirik. Azərbaycanda Birinci vitse-prezidentlik, Birinci Xanım institutunda sistemli fəaliyyətlə ənənə yaratdığı kimi, bu məsələdə də Mehriban xanım sayğıya layiq bir ənənə yaradıb.
Birinci vitse-prezidentin fəaliyyəti, görülən işlər, keçirilən tədbirlər, layihələr hədsiz çoxdur. Bu yazıda onun fəaliyyət istiqamətlərinə sadəcə konseptual yanaşmağa çalışdıq. Mehriban xanımın fəaliyyəti, gördüyü işlərin çoxu bizə ümumən həyata keçirilən layihələr kimi təqdim olunur. Çox hallarda cəmiyyət yalnız görülən işlərin nəticələri ilə tanış olur. Görünən odur ki, özü təbliğ olunmağı sevmir. Elə Prezidentlə birgə iştirak etdiyi bütün səfərlərdə də belə edir: kamera arxasında özü Prezidenti çəkir, İlham Əliyevin gördüyü işləri, verdiyi açıqlamaları təbliğ edir…