Ev dələduzlarına HÖKM OXUNDU - "Makler"lərin İŞİ
06 noyabr 2025 11:52 (UTC +04:00)

Ev dələduzlarına HÖKM OXUNDU - "Makler"lərin İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində mənzil satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Xanlar Cəfərov, Oqtay Adışov və Xəzər Əliyev və digər şəxslərə hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov Xəzər Əliyevin 7 il 6 ay və Oqtay Adışovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Dövlət ittihamçısı daha sonra bundan əvvəl də dəfələrlə məhkum olunan Xanlar Cəfərovun barəsində olan cəzanın hazırkı cəza ilə birləşdirilməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Həmçinin təqsirləndirilən şəxslərin hər biri barəsində əlavə cəza olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər, eləcə də maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı Xəzər Əliyevin barəsində başqa yerə getməmək barədə qətimkan tədbirin həbs qətimkan tədbiri ilə əvəz olunmasını tələb edib. 

Daha sonra zərərçəkmiş şəxslər çıxış edərək, dəymiş ziyanın ödənilməsini istəyiblər.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxışlarında müvəkkillərinin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. 

Bundan sonra təqsləndirilən şəxslər son söz deyiblər. Xanlar Cəfərov barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Digər təqsirləndirilən Oqtay Adışov ziyanı ödədiyini deyib və xahiş edib ki, nəzərə alınsın. 

Digər təqsirləndirilən Xəzər Əliyev ziyanı ödəmək istəmək niyyətində olduğunu və himayəsində azyaşlı uşağın olmasının nəzərə alınmasını xahiş edib.

Müşavirədən qayıdan hakimlər hökm elan ediblər. 

Hökmə əsasən Xəzər Əliyev 6 il 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl də dəfələrlə məhkum olunan Xanlar Cəfərovun barəsində olan cəza hazırkı cəza ilə birləşdirilib və 10 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərin hər biri əlavə cəza olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum ediliblər. Onların cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Oqtay Adışova 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

İttihama görə, Xanlar Cəfərov 2014-cü ildən 2019-cu ilədək “Avro Qrand” MMC-nin direktoru vəzifəsində işləyib.

Xəzər Əliyev 2018-2021-ci ildə mütəşəkkil dəstənin üzvləri ilə ev satmaq adı ilə vətəndaşların pulunu ələ keçirib. 

Cinayət işi üzrə üç nəfər zərərçəkmiş qismində tanınıb və ümumi ziyan 139 min manatdır. İstintaq dövründə 32 min manat ziyan ödənilib. 

Xanlar Cəfərov bundan əvvəl dəfələrlə məhkum olunub. O, sonuncu dəfə 2024-cü ildə 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar