Layihə: Vüsalə Məmmədova ilə QIZ-QIZA
Mənim üçün səhnəni sevmək öncəki evliliklərindən on iki uşağı olan, kirayədə yaşayıb, az-maz maaşını son qəpiyinə kimi alimentə verən, siqareti tək-tək alıb, hesabı dostlarının ödədiyi süfrədə içkini gözünə təpən, evdə köhnə və lazımsız kitablardan ibarət (o kitablardakı bütün əsərlər də səhnəyə qoyulmalıdır!!!) kitabxanası olan yeddi bacılı kişini sevmək kimidir və bu, həyatımdakı ən böyük sevgidir. Sadəcə, ömrümün səkkiz ilini ona verəndən sonra bir gün başa düşdüm ki, o mənə səadət vermək iqtidarında deyil... Hamının məzuniyyətə getdiyi, əl-ayağın çəkildiyi bir gündə ayrılmaq üçün ərizə yazdım. Xəbəri eşidən həmkarım Almaz Mustafayeva səhnənin arxasında məni tutub, ərkyana təlaşla ittiham etdi:
- Niyə teatrdan çıxırsan? Hara gedirsən? Mən sənin səhnədə gələcəyini çox yaxşı görürəm...
- Almaz xanım, mənsə sizin indinizi görürəm. Qalmaq istəmirəm...
Gözləri doldu, dabanlarını qaldırıb məni qucaqladı, mən də əyildim, bərk-bərk qucaqlaşdıq. Göz yaşları içində dediyi o kəlmə bu günə qədər də qulaqlarımdadır:
- Kaş ki, uşaqlarım da sənin kimi düşünərdi...
O vaxtdan illər keçib. Hər dəfə rastlaşanda eyni qaydada qucaqlaşırıq, o yenə qulağıma deyir: “Sən çox ağıllı qərar verdin”.
Əməkdar artist, uzun illər Gənc Tamaşaçılar Teatrında çalışan travesti aktrisa Almaz Mustafayeva ilə Lent.az-ın “Qız-qıza” rubrikasında da üz-üzə oturanda, bütün görüşlərimizdə olduğu kimi, yenə birinci o hadisəni xatırladıq...
- Mustafa rəssam, Tural isə rejissordur. Yenə narazısınız?
- Çox təəssüf ki, elə düşünmədilər. Amma açığını deyim ki, indi övladlarımın bu yolu seçmələrindən narazı deyiləm. Onlar bu sənətdə özlərini tapdılar. Mustafa körpəlikdən atasının yolunu seçmişdi, rəsmlə məşğul idi, böyüyəndə seçimi yox idi. Turalın isə seçimi var idi. Məktəbdə çox yaxşı oxuyurdu. Həkim olmasını istəyirdim...
- Xatırlayıram, tibb üzrə təhsilini bitirib, diplomunu sizə “hədiyyə” etdi və “indi isə mən İncəsənət Universitetinə gedirəm” dedi...
- Mən də dedim qapının qabağında yıxılıb öləcəyəm, üstümdən keç, get! Qoymaram mən çəkən əziyyətləri çəkəsən! Mustafa məni yola gətirməyə çalışdı, alınmırdı. O vaxt rəhmətlik Vaqif İbrahimoğlu mənə dedi ki, “əgər mənim auditoriyada bir nəfər Tural kimi tələbəm olsa, bilərəm ki, auditoriyaya boşuna girmirəm”. Bu sözdən sonra mane olmadım, getdi.
- Əvvəllər Mustafa ilə Tural sizdən çox giley edirdilər ki, “özünə baxmır, sözümüzü eşitmir və şəkəri qalxır”. İndi vəziyyət necədir?
- Mən şirniyyatı və un məmulatlarını çox sevirəm. Həkim olmaz deyirdi, mən isə konfetləri oğurlayıb yeyirdim. Amma zamanla ətrafımdakı diabet xəstələrinin necə əziyyət çəkdiyini gördüm və qorxdum. Səhhətimlə bağlı daha çox Tural narahat olur. Başımın üstündə despot kimi dayanır... Atası rəhmətə gedəndə 11 yaşı var idi. Mənim uşaqlarım çox tez böyüdülər. Ataları onları çox əzizləmişdi, yaxşı yaşatmışdı. Uşaqlar öz-özlərinə başa düşdülər ki, daha mən onları əvvəlki kimi naz-nemət içində saxlaya bilməyəcəyəm... Yoldaşım tək uşaqları yox, məni də çox ərköyün eləmişdi. Mən fransız ətirlərini çox sevirəm. Rəhmətlik mənə bir ətirdən üçünü alardı... O rəhmətə gedəndən sonra təsadüfən qəzetdə oxudum ki, fransız ətri alan var, tez zəng etdim... 300 dollarlıq ətri 50 dollara satıb, evə bazarlıq etdim. Uşaqlar yuxudan oyandılar ki, atalarının sağlığındakı kimi süfrə açmışam. Sonra biləndə ki, ətrimi satmışam, çox pis oldular...
Gözlərini silir... Onu həmişə şən, həyat dolu görmüşəm, göz yaşlarına baxa bilmirəm. Mövzunu dəyişməyi təklif edirəm. Teatrdan, xüsusi ilə də uşaq rollarından danışırıq:
- Mən teatra gələndə 70-ci illər – Azərbaycan teatrının ən zirvədə olduğu zamanlar idi. İndi səhnədə aktrisalar uşaq obrazı oynayanda başlayırlar dillərini əyməyə, guya uşaqla danışırlar. Bu düz deyil...
- Ona görə də bu gün uğurlu travesti yoxdur...
- Yoxdur. Ona görə ki... (Bir az fikirləşir) yoxdur! Demirəm mən dahi travesti olmuşam, amma mənə elə gəlir ki, Azərbaycan teatr sənətində yeganə travesti olmuşam. Fakturanın balaca olması hələ travesti olmaq deyil. Rusiyanın Gənc Tamaşaçılar Teatrının görkəmli aktrisası, SSRİ xalq artisti Valentina Sperantova ömrü boyu oğlanı oynamışdı. Lap qocalandan sonra nənələri oynayırdı. Bir iki filmdə də çəkilmişdi. Biz Tiflisdə tamaşa oynayanda o məni səhnədə gördü. Gəldilər ki, Sperantova sizinlə tanış olmaq istəyir. Getdim, zalda əyləşmişdi. Qalxıb məni qucaqlayıb öpdü və dedi ki, “Mən özümdən sonra travesti görməmişdim. Amma siz əsl travesti aktrisasınız. Çox şad oldum, elə bildim öz gəncliyimi səhnədə gördüm”. Rus teatrında travestilərə dair xüsusi güzəştlər var.
- Məsələn...
- Onlar iyirmi il işləyirlər və bu müddətdə bütün titulları, nəyə layiqdirlərsə, alırlar. Yüksək maaşla da təqaüdə gedirlər. Təqaüd məsələsinə toxunmaq istəmirəm, bunu teatr həll etmir. Amma mən əməkdar artist adını teatrın 140 illiyində almışam. Mənə ad verəndə camaat dedi ki, “biz elə bilirdik sən xalq artistisən artıq”.
- Almaz xanım, yeri gəlmişkən, niyə bizdə hamı xalq artisti olmaq istəyir?
- İndi iki gün işləyib ad istəyirlər. Mən and içərəm ki, teatra gələndə ad haqqında düşünməmişəm. Versələr də sağ olsunlar, verməsələr də. Həyatımda başqa problemlər olub, onunla məşğul olmuşam. Mənim ad problemim olmayıb.
Bu yerdə teatrın tamaşaçı problemindən, nizam-intizamından danışırıq. Almaz xanım 1973-cü ildə Burdapeştə səfərini xatırlayır:
- Oranın Gənc Tamaşaçılar Teatrında tamaşaçılara heyran oldum. Bütün gənclər qara kostyumda, saçlar səliqəli daranıb, qızlar balaca sumkalarla... Foyedə necə mədəniyyətlə gəzişirlər, şokda idim. Bizdə pərdə bağlanan kimi, bəzənsə heç bağlanmamış uşaqlar foyeyə necə qaçırlar... Mən orada bir nəfər də olsun ora-bura qaçan uşaq görmədim. Teatr ənənələri saxlanılır və uşaqlara ötürülür. Bizdə isə məktəblərdə vəziyyət necədirsə, teatrda da elədir. Baxın, indi məktəblərdə də nizam-intizam yoxdur. Əvvəllər iki gün uşaq dərsə gəlməyən kimi müəllimlər evə zəng edir, adam göndərirdi. Bunlar hamısı oradan gələn bir şeydir.
- Keçmişi xatırlamışkən, 65 yaşlı əməkdar artist Almaz Mustafayeva 25 yaşlı gənc aktrisa Almaza necə məktub yazar? Hansı tövsiyələri verər?
- Yazardım ki, enerjini qoru, boş-boşuna sərf etmə! Gənclikdə enerjini çox xərcləyirsən, yerimək lazım olanda qaçır, qaçmaq lazım olanda uçursan...
- Bütün dünyada belə bir problem var ki, rejissorlar bəlli yaşa çatan aktrisadan necə istifadə edəcəklərini bilmirlər...
- Bizdə də var. Gərək rejissor da, aktrisa da bunu düşünsün.
- Mən çalışdığım dönəmdə repertuarı əsasən gənclər üzərində qurub, püxtələşmiş aktyorlara isə hər addımda lazımsız olduqlarını hiss etdirirdilər. Bu teatrın bütün tamaşalarında məşğul olan, gündə 3-4 tamaşa oynayan bizim gözümüzü çox qorxudurdu. Qısa zamanda lazımsız olacağımızı hiss edirdik. İndi vəziyyət necədir?
- İndi durum çox dəyişib. Mən Bəhram Osmanovun “Qırmızı papaq” tamaşasında nənəni, Cənnət Səlimovanın “Mən səni sevirəm” tamaşasında qəhrəmanın anasını oynayıram. Rejissorlar mənə yaşıma uyğun rollar verirlər. Amma yenə də istəyərdim başqa bir rol olsun... Nə olsun ki, mənim boyum balacadır, yəni mən həyatda ana, nənə deyiləm? Hesab edirəm ki, faktura önəmli deyil...
- Önəmlidir, əgər o aktrisada başqa heç nə yoxdursa...
- (Gülür) Ay sağ ol!
- Başın içi boşdursa, üstü mütləq “dolu” olmalıdır.
- Aktrisa üçün gözəllik ondursa, doqquzu istedaddır. Hələ ki fakturam yerindədir, rəqsləri bacarıram, formadayam. Bir tamaşaçım Marat Haqverdiyevin “Ah qadınlar, qadınlar” tamaşasına baxandan sonra demişdi ki, Almaz Mustafayeva Azərbaycanın Cülyetta Mazinasıdır. Təəssüf ki, mənim yanımda elə nəhəng rejissor ərim yoxdur. Amma mən son vaxtlarda “Üç bacı” serialında Kubra roluna çəkildim. Obraz tamaşaçıların qəlbinə yol tapdı, hətta hərdən küçədə mənə Kubra da deməyə başlayıblar. Sevindim ki, mən bunu da bacarıram. İlk dəfə idi komediya oynayırdım. Demək ki, yaxşı rejissor lazımdır... Aktyor ömrü nədir ki... Gəncliyimdə elə rolları sırf travesti olduğum üçün mənə vermədilər ki... Bu travesti adı Domokl qılıncı kimi hər zaman başımın üstünü kəsib...
Yenidən “gənclik və teatr” mövzusuna qayıdırıq. Gənclik gedəndən sonra “ömrümü teatra həsr etdim” deyərək bütün mükafatlara iddia edən narazı aktyorlar haqda xeyli söhbət edirik. “Axı onlardan ömürlərini istəyən olmamışdı” deyirəm. Cavabı:
- İki şeyi heç vaxt qəbul etmirəm. Birinci, deyirlər mən ailəmi teatra qurban verdim. O adamlara deyirəm ki, qələt elədin, verməyəydin! Şəxsən mənim üçün ailə müqəddəsdir və onu heç nəyə qurban vermək olmaz! Ailəsini atıb guya ki, özünü teatra həsr edənin hansının başına tac qoyublar? Heç kimin!
- Axı özlərini teatra həsr edib nə ediblər?
- Əmin ol, o adamlar heç biri özünü teatra həsr etməyib, onlar özlərini özlərinə, öz keflərinə həsr ediblər. Əgər mənim həyat yoldaşım sağlığında mənə “seçim et” desə idi, təbii mən onu seçərdim. Ailəni necə seçim qarşısında qoymaq olar? Bir də onu qəbul etmirəm ki, görürsən istedadsız adam üçün deyirlər 4 il oxusun, bəlkə sonuncu kursda ondan bir şey çıxdı. İstedad ya olur, ya da olmur. Niyə adama vaxtında başa salmırlar ki, get başqa işin qulpundan yapış. Hərdən opera teatrında xorda dayanan, ora-bura gəzən adamlara baxıram. Beş il konservatoriya oxuyub sonra xorda o yan - bu yana gəzmək... Mənim onlara yazığım gəlir.
- Ya da bütün ömrünü kütləvi səhnələrə çıxmaqla yaşayan digər aktyorlar... Hədər yaşanmış ömürdü...
- Bəlkə başqa işi daha istedadla görərlər. Deyən yoxdur ki, axı sən niyə səhnədə olmalısan? Ömrünü niyə boşuna çürüdürsən?
- Axı bunu teatrda adama deyən olmur.
- Hesab edirəm ki, teatra bir il sınaq müddəti ilə götürmək lazımdır. Bacarmadı, deyilsin ki, get özünə sənət tap.
- Əminliklə deyirəm, o nə qədər ki, gənc və gözəldir, ona bu söz deyilməyəcək...
- (Gülür) Bizim cavanlara baxıram, istedadlıdırlar. Amma onları yönəldən yoxdur. Hərdən deyirəm bunu belə etsəniz yaxşı olar. Geyimini izah etməyə çalışıram... Nə qədər qəbul edirlər, özləri bilərlər. Həmişə deyirəm ki, səhər tamaşanız varsa, axşamdan istirahət etmək lazımdır. Mən əgər səhər tamaşam varsa, bir gün əvvələ heç bir iş salmıram ki, gücümü toplayıb, yaxşı oynayım.
- Çox ağır rejimlə işləyirlər. Şərtlər adamı məcburən çox dəyişir...
- Heç kimə, heç nəyə görə insan gərək özünü dəyişməsin. Məni verilişə çağırırlar, birinci onu deyirəm ki, qalmaqallı verilişdirsə, mən gəlmirəm, inciməyin məndən! Efirdə yığılıb kiminsə müqəddəratını həll edirlər.
- İndi bizim aktyorlar daha çox ailə məsələləri üzrə ekspert kimi tanınırlar.
- Axı artist hüquqşünas deyil, vəkil deyil! Kimsən ki, ailə problemi həll edirsən, kiməsə ağıl öyrədirsən? Bir dəfə bir qadın küçədə məni qucaqlayıb dedi ki, sənə qurban olum. Səni çox sevirəm. Çünki heç kimin verilişinə çıxıb ağıl öyrətmirsən. Özündən, işindən, uşaqlarından danışırsan.
- Yəqin o verilişlərə getməyinizə uşaqlar da qarşı olar...
- Tural tapşırıb ki, elə verilişlərə çıxsan, sənin üzünə baxmaram. Olub ki, getmişəm. Amma necə? Zəng edib deyiblər ki, teatrdan danışacağıq, getmişəm. Amma çəkiliş başlayanda bir falçı gəlib oturub yanımda. Baxdım, aparıcı üzünü çevirdi. Bilir ki, efirdən durub gedə bilərəm. Bir dəfə getmişəm axı. Xoşqədəmin verilişindən getmişəm. Elə oldu ki, çəkiliş başladı, gördüm hamısı falçılardır. Bir 10 dəqiqə keçmişdi ki, mən axırda dözməyib dedim ki, məni bu verilişə niyə çağırmısınız? Hamı faldan danışır, mən isə falçı qapısı tanımıram. Mən gedirəm! Qalxıb getdim. Amma əvvəldə bir-iki kadr çəkmişdilər, verilişin sonuna qədər o kadrı göstərdilər. Baxanlar da elə bildilər ki, verilişdə iştirak etmişəm.
- Bəs o biri veriliş necə oldu? Teatrdan danışacağıq deyib çağırdıqları...
- Çəkiliş boyu çiynimi falçıya çevirib oturdum. Dəhşətə gəlirdim, hər üzümü çevirəndə görürəm bunlar az qalır bir-birinin saçını yolsun. Axırda dedilər ki, Almaz xanım, sizi verilişə aldadıb çağırdıq. Dedim ayıb olsun! Onlardan birinin prodüseri həftədə iki dəfə zəng edirdi, deyirdim məşqdəyəm. Axırda bezdirdi, açıq dedim.
- Nə dediniz?
- Dedim verilişinizi bəyənmirəm. Dedi bilirsiniz bizim reytinqimiz necə yüksəkdir... Dedim o sizin reytinqinizdir! Mənim reytinqim isə sizin verilişdən beş dəfə artıqdır. Mən öz reytinqimi itirmək istəmirəm!