“Mən ailəyə inanıram, evliliyə yox” - SÖHBƏT
26 dekabr 2013 17:16 (UTC +04:00)

“Mən ailəyə inanıram, evliliyə yox” - SÖHBƏT

İlin ən son “Qız-qıza”sını bu ili Uğurla başa vuran telejurnalist Aynur Talıbova ilə eləmək qərarına gəldik. Təsəvvür edin, bu qadın bir ilin içində həm ana olmağa, həm bütün məmləkəti qarış - qarış gəzibmişsiz kimi tanıyacağınız “Azərbaycanı kəşf et” kitabını çıxarmağa (özü də üç dildə), həm də üstünə çəkdiyi bütün şimşəklərə sinə gərməyə vaxt tapıb. Kim deyir ki, bir ildə 12 ay, bir ayda 31 gün, bir gündə 24 saat çox azdır? Sadəcə onun dediyi kimi, “stratejini doğru seçməli”. Onda sən vaxta yox, vaxt sənə işləyəcək!

 

“S+ Qadın Klubu” lap qızlar məktəbi kimidir, buranın divarlarını görə bilən tək kişi bizim fotoqrafdır. Ancaq bu dəfə bu yumşaq divanda bir kişi uzanıb. Kişi – yəni Aynurun yeddi aylıq oğlu Uğur! Əlində oynatdığı telefonda sakit musiqilərə qulaq asaraq yuxuya gedir. Biz isə piçıltıyla iki aydır Xəzər TV-də efirə gedən “Bağışla” layihəsinin bağlanmasından danışırıq:

- Layihə Xəzər TV-nin idi, türklərin insan hekayələri üzərinə qurulan “Film kimi” layihəsi var. Başqalarının həyatında baş verənlərə diqqətli olmaq, onu müzakirə eləmək bizim insanların naturasına uyğundur deyə kanal bu layihənin üzərində dayandı. Mən isə əvvəlcədən dedim ki, məndən heç bir şəkildə Elgiz, Zaur olmağı gözləməyin. Xoşqədəm olmağımı isə ümumiyyətlə gözləməyin. Mənə insan hekayələri üzərindən qalmaqal eləmək, reytinq qazanmaq, insanları ələ salmaq lazım deyil. Hər şeyin bir texnikası var. Aparıcı öz mövqeyini qorumalı, neytral olmalıdıdır. Amma... üstəlik hələ reytinq üçün istifadə elədiyin adamı hamı qınaq mərkəzinə çevirir. Gələn “döyür”, gedən “döyür”. Az qalırsan deyəsən bu adamı Allah vurub, siz niyə vurursuz? Üstəlik, siz kimsiniz? Birinci hamı getsin öz ayıbına kor olsun. Bu nə etik olaraq, nə professional olaraq doğru deyil.

 

- Bütün günahlar aparıcılarda deyil, o ittihamçı ekspertlər “qurbanı” daha çox asıb kəsir...

 

- Məni dəhşətə salan odur ki, toplumun irəli çıxan insanlarının da qatıldığı bu müzakirələrin hamısı beş sinif bitirməmiş, ömür boyu evdə oturub bozbaş bişirən arvad səviyyəsində gedir. O şundulluq, o şoular, o bilməm nələr... Bu mənə diksinti verən bir şeydir. Biz reytinq qurbanı olduq, məlum oldu ki, insanlar səliqəli bir şeyə baxmaq istəmirlər. Ortaya dönüb dəyişib birilərinə bənzəmək ehtimalı çıxdı. Mənimsə qoruduğum bir sima var.

Bəzən bir çox yerlərdə hər zaman göz önündə olan simalar bir müddətliyinə itirlər, görsənmirlər. Çünki üzlərini köhnəltmək istəmirlər. Axı nəticədə bu üz “padoş” deyil. Allaha şükürlər olsun ki, mənim on bir ildir media sektorunda, on ildir ancaq televiziyada olmama rəğmən nə olursa olsun, efirdə olum, reytinq qazanım dərdim olmayıb.

İnsanların problem yaşayarkən üz tutduqları müəyyən QHT və Dövlət qurumlar var. Bütün bunlardan əlini üzən adamlar son çarə olaraq üz tuturlar televiziyaya ki, bura gələndə onların bütün dərdi həll olunacaq. Televiziya onlardan istifadə eləyir, əksər hallarda da heç bir problemlərini həll eləmir. Onlar da reytinq qurbanına çevrilirlər.

Məni dəhşətə gətirir ki, on il bundan əvvəl Azərbaycan televiziya məkanında bir ailə anlayışı var idi. Getdikcə bu anlayışın kanalizasiya suyuna çevrilməsinin şahidi oluram. Fikir olaraq insanlar sözdə, ağızda şişirdilmiş ailə anlayışından, ata və ana anlayışında bəhs edirlər. Amma baxırsan ki, bu gün artıq heç kim öz intim problemini öz aralarında həll eləməyə çalışmır.

Son vaxtlar müzakirə olunan mövzular, artıq hər şeydən şou – bozbaş qoxusunun gəlməsi və... Artıq tədricən adını çəkdiyimiz tərəvəz və yeməklərə (Gülür) xiyara, qoza, fındığa, bozbaşa, qatığa da haqsızlıq elədiyimizi düşünürəm.

Ona görə də artıq uşaq var, xərclərimiz çoxdur deyə layihənin bağlanması maddi tərəfdən mənə pis təsir edir. Amma digər tərəfdən zərrə qədər də olsun pis olmuram.

Qısası, professional nöqteyi nəzərdən özümə yazığım gəlməyə başlayıb. Bütün bu illərdə görülən bu qədər iş var və onun yanında hələ nə qədər də görülməyən bir o qədər iş var. Bu gün mediada görünən modern Azərbaycan reallıqları içərisində, ticari proyektlər olmadığına, ola bilmədiyinə görə fərqli alternativ mövzular da heç kimə lazım olmadığına görə... beləcə bu gün Azərbaycan televiziyalarında özünə hörmət eləyən adamların “yaprak tökümü” yaşanır. Tək-tük mənim kimi adamlar ilişib qalıb.

 

- “Xəzər”dən ayrıldız, yoxsa...

 

- Layihənin davam edilməyəcəyinə dair qərar qəbul edildi. Vəssalam!

 

Pıçıltılarımız özmüzə qalır. Çünki oyanıb və bərkdən mızıldanmağa başlayır.

 

- İlin ən böyük layihəsi yuxudan durdu.

 

- Uğur mənim həyatımın ən böyük layihəsidir. (Gülür) O Allahın bir lütfüdür, sürprizidir. Biz onu gözləmirdik. Elə bir məqamda, elə bir anda gəldi ki... Sanki deyildi ki, “Aynur, al və otur yerində!” Mənim planlarıma qalmış olsaydı, dünyaya uşaq gətirmək... ordan ora, burdan bura, hər zaman dörd təkər üstündə, təyyarələrdə yaşayan, manyak şəkildə öz həvəslərinin, hobbilərinin dalınca koşan və işində, gücündə, kefində olan bir adama qalsa, planda yox idi. “Bu gün bununla məşğul olum, sabah şəxsi həyatla məşğul olacam” deyirdim.

 

- Ən çox xoşuma gələn bilirsiz, nə oldu. Günümüzdə bu proses adətən hamiləlik testinin şəklinin facebookda yayımlanmasından başlayaraq, doğum evindən reportajla bitirsə, siz birdən status yazdız: “Xoş gəldin, Uğur!”

 

- İnsanların hər şey haqqında danışa bilmələrinin tərəfdarıyam, amma... Özəl həyat! Uşaq... Mən həmişə körpə uşaqlardan qorxmuşam.

 

- Niyə?

 

- Düşünmüşəm ki, adamın əlini - qolunu qandallayır, özgürlüyünü əlindən alır. Uşaq olandan sonra artıq sənin həyatında özünə aid heç bir şey qalmır, hər şey ona aid olur. Həqiqətən, heç vaxt uşaq tərəfdarı olmamışam. Hətta heç valideynlərinin xoşuna gəlsin deyə də heç kimin uşağını götürüb yalandan öpməyi bacarmamışam.

 

- Başa düşə bilmirəm, çünki mənim fantaziyam ancaq uşaqları görəndə işə düşür. İndi siz danışırsız, mən artıq söhbəti izləyə bilmirəm, bütün diqqətim onun əllərində, yanaqlarındadır...

 

- (Gülür) Məndə heç vaxt belə olmayıb. Təsəvvür edin, klassik azərbaycanlı ailəsi. Buna görə də çox böyük skandallar olub. Çox qəribədir, həyatımın on ili Türkiyədə keçib, orda oxumuşam, formalaşma dövrüm orda olub. Nədənsə hamı fikirləşir ki, ora getmisən, niyə ərə getməmisən? Deyirəm başa düşmədim, axı ərə getmək hədəfdi?

 

- Bizim insan üçün ərdən o yanda həyat yoxdu, mütləq soruşacaqlar.

 

- İnanıram ki, insan qarşısına hədəf qoyursa, mütləq ona çatır. Mənim ərə getmək hədəfim olmayıb axı. Nə dəxli var? Yanımda kişi olmayanda da özümdə yarımçıqlıq kompleksi hiss eləmirdim. Çox acıyıram belə hallara. Görürəm qız uşağı olan ailələr bir an öncə ondan qurtulmaq, onu ərə vermək haqda düşünürlər. Təhsili belə varsa, “O tərəf oxudacaq” deyirlər. Körpəlikdən hər zaman qızla oğlan uşağı arasındakı elədikləri ayrı seçkilik beynimi xarab eləyib. Amma anamgilin mənə verdiyi çox önəmli bir şey var.

Mənim hər iki nənəm təhsilsiz qadınlar olub, gənc yaşlarında dul qalıblar. Bizim böyüklər onların sıxıntılarını yaşadıqlarına görə hər zaman inandıqları tək şey olub – qadının özünü idarə etməsi üçün mütləq bir peşə sahibi olmalıdır. Məsələn, anam heç vaxt jurnalist olmağımı istəmirdi. İstəyirdi həkim olum, həmişə öz qazancım özümə bəs eləsin deyə. Bu günə qədər də hesab edir ki, mən düzgün peşə seçməmişəm. O mənada ki, özümü təsdiq eləmək üçün çox vaxt sərf eləməli oldum.

Uşağı deyirdim axı... Uşaq mövzusu elə bir şeydir ki, sadəcə uşaq sahibi olmaqdan ötrü xəyal qura bilən insanları anlamıram. Çox vaxt deyirlər “Qadına uşaq lazımdır, evlən, uşaq sahibi ol, sonra boşanarsan”.

 

- Ətrafımız ağıllı məsləhət verənlərlə doludur. Sanki cəmiyyət qucağını açıb atasız uşaqları gözləyirmiş kimi. “Doğ, boşan” deyənlər eyni zamanda da tək qadınlara tənə edirlər.

 

- Guya adət ənənələrə uyğun bir şəkildə bu prosedurları yerinə yetirib, üstəlik toy industriyasının bu qədər inkişaf elədiyi bir ortamda, bizim insanlarımızın sağlam münasibət qurduqlarına dair çox böyük şübhələrim var. Çünki belə ailə qurulmur. Mən ailəyə inanıram, evliliyə yox. Ailə qurmaqdan ötrü gedib hər hansı dövlət qurumunda qeydiyyatdan keçmək şərt deyil. Bu imza insanın gözəl bir ailəyə sahib olması, ana olması, bəxtəvər qadın olması üçün zəmanət deyil. Hər şey münasibətlərdən başlayır. Hər zaman inandığım bir şey var – qadınla kişi bir birlərində özlərini tapır, inanır, elektrikləri, frekansları bir-birinə doğru çəkilir. Doğru zamanda doğru yerdə qurulan münasibətlər var. Bunun da kim deyirsə desin, şablonu yoxdur. Hər kəsin öz doğrusu var. Yozlaşmış Azərbaycan ailə münasibətləri içərisində qadınların acizliyi üzündən arzuolunmaz evliliyi davam etdirmək məcburiyyəti var, acıyıram o insanlara. İstəmədiyin, sənə hörmət eləməyən insanla necə bir damın altında yaşaya bilərsən? Maddi olaraq ondan asılısan?

 

- Kimdənsə maddi asılılığın varsa, faciə artıq qaçılmazdır.

 

- İnsan insanı istədiyi zaman bütün alışqanlıqları, yeri gələndə burnunu qurdalaması, corabını çıxarıb ortaya atması belə sənə tərs gəlmir. O insan üçün hər şeyi sevgiylə eləyirsən. Bu cür evliliklərdə qadının vəzifələri, kişinin vəzifələri hansısa bəndlər üzərində getmir. Hətta evliliyi qurtarmaq üçün bəzən uşaq faktoruna sarılmaq da var... Tez tələsik gedib uşaq eləyirlər... Ay, bunlar nə qədər bədbəxt olduqlarının fərqində deyillər.

 

- Hələ görürsən nişanlı vaxtı yola getmirlər, böyüklər isə yığışıb məsləhət görür ki, tez toy eləyin, düzələcək.

 

- Ondan sonra da heç nə düzəlmir. Bədbəxt olurlar!

 

- Və başlayır aqresiyalar, dörd tərəfə düşmən kəsilmələr, başqalarının həyatına müdaxilələr...

 

- Mən heç kəsin qarşısında hesabat verən insan deyiləm. Özümlə bağlı yanlış bir şey eşidəndə də heç vaxt haqq qazandırmaqdan ötrü çaba göstərmirəm. Əksinə, nalayiq bir söz işlədirsə deyirəm allah canını sağ eləsin. Bir tərs tərəfim də var, əgər o yanlış bir şey danışır, özüm də üstünə qoyuram ki, az bilirsiz, hələ bu da var. Mənə heç vaxt çatmır insanların tənqidlə təhqirin arasındakı fərqi başa düşməmələri. Özəl həyat! Mən heç kimə nümunə deyiləm. Hamı öz həyatını yaşayır.

 

- Biz nümunə axtarmağı sevirik.

 

- Nümunə götürən birinci növbədə evdə ata-anasında nümunə götürür. Ağlı kəsməyə başladıqdan sonra hansı mühitə düşürsə, kimdən nümunə götürməlidir özünə o favoritləri seçir və başlayır onlara oxşamağa və yaxud onların doğruları ilə özününküləri müqayisə eləməyə. Beləcə şəxsiyyət formalaşır. Amma dolayısı ilə hər insanın özəl dediyi şey tamamilə özünə aiddir. Bizdə uşağa çox eqoist yanaşma var – “Tək qalmamaq üçün”. Axı insan dünyaya tək gəlib, tək də gedəcək.

Axı birinci növbədə sən insan yetişdirirsən. İnsanlarda da, heyvanlarda da təbiətin verdiyi çoxalma instinkti var. İnsanı heyvandan fərqli eləyən cəhət isə ailə planlamasıdır. Çünki uşaq birinci növbədə böyük xərc deməkdir. Onun qarşılığını ödəmək üçün də ağlı başında olan adam birinci təhsilini almalı, peşə sahibi olmalı, öz əyin başını almalı, ev saxlamaq iqtidarında olmalıdır ki, övlad dünyaya gətirsin. Deyirlər “Böyüklər yardım eləsin”. Böyüklər zatən bir dəfə yığışıb kömək edirlər, guya toy elədilər. Amma bizim toylarda necə edirlər? Astarı üzündən baha çıxır. Toyu da borc içində bitirirlər. Toy sənayesi ətrafında baş verən hər şeyə çox böyük qıcığım var. O dappadurup, “Vazğalı” ilə evdən aparmaq mənə birtəhər gəlib. Onunla da yanaşı uşaq vaxtı rayona gedəndə izlədiyimiz o kənd toylarından ötrü burnumun ucu göynəyir. Amma bu gün toy anlayışı mənə tamamilə tərs gəlir.

 

- Bu başqasına pul yedirib ziyana düşməkdən başqa bir şey deyil!

 

- Bizim toyumuz axşam saat yeddidən gecə saat birin yarısına kimi davam elədi. Hamı oturdu, söhbət elədik. Heç müğənni də yox idi, sadəcə instrumental musiqi var idi. Demək olar ki, özümüz dedik, özümüz güldük, özümüz oynadıq.

 

Uğur əmziyini itirdiyi üçün əlinə nə keçirsə əmzik kimi istifadə eləməyə başlayır. Anasının əllərindən başlayıb, çənəsinə qədər gedir. Uğurun uğurlu cəhdləri nəticəsində bu mövzu yarımçıq kəsilir. Aynur Uğurun əlindən qopa bildiyi anlarda bunları deyə bilir: “Uğur doğulandan sonra insanların üstümə çullana biləcəyini gözləmirdim, amma yenə də gülürdüm. Bütün o dönəmləri də sakit keçirdiyi üçün atasına sayğım birə beş artdı”. Uğur anasının rəfiqəsinin qucağına gedir. Biz isə onun atası haqda danışırıq:

 

- Uğur bir yana, heç atası ilə tanış olub münasibətlərin bişib bu nöqtəyə gəlməsi... Necə deyim...

 

- Hər halda bilir ki, sıradan qadının yanında deyil.

 

- Mənim kimi bir insanın yanında olmaq həqiqətən çox çətin məsələdir. Çünki bizim cəmiyyət mən tipdə qadınları sevmir. Arxa planda qalan qadınlar daha çox sevilir. Bizim cəmiyyətin kişiləri ağıllı, öz pulunu qazanan qadından qorxur. Çünki yarımçıqlıq hiss eləyirlər. Mənə elə gəlir bizim cəmiyyət kişi yetişdirmək baxımından bir az zəifdir. Oğlum olsun deyilir, amma sonunda yenə keyfiyyətli insan sıxıntısından, keyfiyyətli kişi sıxıntısından hər kəs ağız dolusu danışmağa başlayır. Bax belə danışıb sonra bütün şimşəkləri üzərimə çəkirəm. (Gülür)

Bu cəmiyyət süni qəhrəmanlar yetişdirir. Ya bu qəhrəmanlar Elgiz, Zaur tipində qəhrəmanlardır, ya da Emil Milli və s. tipində. Mən hökuməti söyərək qrand qazanmaq istəmirəm. Mənim həyatımın on ili İstanbulda keçib, ən az burdakı qədər çevrəm də orda var. Bu gün də çamadanımı toplayıb gedib orda yaşaya bilərəm. Mən bura oradakı həyatımı qoyub gəlmişəm, çünki bura mənim evimdi. Mənə kimlərisə söyərək adam olmaq və yaxud da ki, hansısa Avropa dövlətinə qaçıb sığınmaq lazım deyil. Hər kəs gedir, hər kəs! Kənddəkilər Bakıya, Bakıdakılarsa xaricə köçür. Nə olacaq? Kaş toy industriyası qədər başqa sahələr də inkişaf eləsin.

 

- Kaş! Kitabdan danışmaq istəyirəm. Mən çox bəyəndim. Ölkə haqda heç yerdən əldə edə bilməyəcəyin məlumatlar bir arada toplanıb, özü də çox sadə, anlaşılan, tam bir “Aynur dilində” təqdim olunur.

 

- O kitabı yazmaq iki ilə qədər vaxt apardı. İstənilən kitab mağazasına girsəz, Azərbaycan tarixi ilə bağlı tanıdıcı heç nə tapa bilməzsiz. Bizim yerli tarixçilər var, hansısa abidəylə bağlı ətraflı məlumat verir, bura gəlirsən mərkəzdəki alimlər onun dediklərinin heç birini ciddi saymır, daha da dayazlaşdırır. Yəni oradakı dərinləşdirir, burdakı dayazlaşdırır. Bir neçə araşdırmaçı alim var, onlar da bir-birlərini qəbul eləmirlər. Ona görə də oradakı tarixi abidələri araşdırmaq üçün çox zaman lazım oldu, səfərlər, milli kitabxanada araşdırmalar... Bunlar bir yana, bizdə belədir ki, insanlar başını sığallayıb tərifləyirlər. Gəl reallaşdıraq deyəndə isə deyirlər pul yoxdur. Ölkəyə turist axını gözlənildiyindən kitab keçən il “Eurovision”dan əvvəl çıxmalıydı. Bir neçə araşdırmadan sonra mənə dedilər belə şeyləri yadından çıxart. Axırda yenə də Gənclər və İdman Nazirliyi sağ olsun, sahib çıxıb, maliyyə ayırdılar.

 

- Və satışda yoxdur.

 

- Kitab işi də hardasa elə televiziya kimidir. Eyni problemlə rastlaşırıq. “Pulun var? Sponsorun var?” Çap evlərində o qədər qeyri-münasib qiymətlərlə rastlaşırsan ki? Çapını Türkiyədə elətdirdik, çünki burda Azərbaycan dilində min kitabın çapına orda üç dildə üç min kitab çap elədik. Üstəlik, satışın əlli faizinə ortaq olmaq... Onların dediyi rəqəmlərlə mənim bir şey qazana bilməyim üçün gərək bir səkkiz yüz kitab satılsın. Axı onun üzərində o qədər əziyyət çəkilib, o qədər yollar gedilib...

 

- İndi nə eləməyi düşünürsüz?

 

- Televiziya ilə radio o qədər nankor peşədir ki, bu gün varsan, sabah yox. Bu reallıqlarda görünüb simanı itirməkdənsə alternativ işlərlə məşğul olmaq lazımdır. Jurnalistika mənim ixtisasımdır, ona görə bu işin içindəyəm. Bacardığım və sevdiyim sahədir. Amma təəssüf ki, özünü realizə eləməklə bağlı problemlər var. Hələ də xəyal edirəm, inanıram ki, arzuladığım şeyləri eləyə biləcəm. Hesab eləyirəm ki, kitab mövzusuna davam edəcəm. Artıq məni qamçılayan, “işlə” deyən Uğur var. Elə gərgin bir strateji hazırlamalıyam ki, nə şiş yansın, nə kabab.

 

- Artıq bütün addımlar Uğura planlaşdırılıb, Uğurla atılır, deməli daha uğurlu olacaq.

 

- Mən naşükür, nankor insan deyiləm. Həyatda yaşamağa dəyər. 2013-cü ili uğurlu hesab edirəm! Uğur gəldi, o doğulduğu günü kitabımın çapı ilə bağlı nazirlikdən qərar da çıxdı. O öz ruzisi ilə bir yerdə gəldi.

 

- Ona görə Uğur?

 

- Adla bağlı heç bir fikrimiz yox idi. Atası ilə oturub fikirləşdik, internetdə araşdırdıq, birdən Uğur adına rast gəldik. İkimizdə dedik Uğur? Uğur! Beləcə oldu Uğur!

 

Bu yerdə qadın söhbətlərindən bezən bir kişi hikkəsi hiss edirik. İstəyir yeddi aylıq olsun, istər 70 yaşlı. Kişi olduğu yerdə özünü büruzə verir, söhbətimizi kəsib onunla məşğul olmağa başlayırıq...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11432
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar