Onu ilk dəfə qara paltarlı qadın kimi görmüşəm. 1992-ci ildə, xəbərlərdə... Ağlayırdı. Evdə dedilər ki, bu qız müğənnidir, Şahnaz Haşımovanın bacısıdır...
Yaddaşımda o şəkli qalsa da, siması həmişə mənə baharı xatırladıb. Ona görə də baharın ilk “Qızqıza”sını əməkdar artist Aybəniz Haşımova ilə etmək istədim. Evində görüşdük. Söhbətə onu ilk dəfə gördüyüm kadrla başladıq...
- Sizi ilk dəfə “Günün ekranı”nda görmüşəm...
- 1992-ci ilin iyulunda... Mən çox pozitiv insanam. Ömrü boyu şən olmuşam. Ağlamaq nədir bilməmişəm. Biri yanımda ağlayanda ağlaya bilmədiyim üçün utanırdım... Zaman gəlir ki, insan bir də görür gözündən yaş öz-özünə axır. İndi artıq gözümün yaşı ovcumun içindədir. (Gözləri dolur) Səhnədə nə qədər xoşbəxt olsam da, yenə bir tərəfim kəsikdir. İçimdə daim bir nigarançılıq var ki, birdən yenə məni ağladarlar. Bax, bu qorxu 23 ildir mənimlə yaşayır.
- Onda neçə yaşınız var idi?
- Mən 22 yaşımda, 1990-cı ildə ailə qurmuşam. Çox tez ailə qurdum. Evdən bezdirdilər ki, müğənnisən, tez ərə get, sonra yaxşı qismət çıxmaz. Ailəm çox mühafizəkardır. Bacımı tanıyırsınız, Şahnaz xanım doğma qardaşına belə ehtiyatla əl verib görüşən, kişilərə qarşı məsafə qoruyan qadındır. Şahnaz xanım həyatda örnəyimdir.
- Sizin neçə yaş fərqiniz var?
- 11 yaş. İndi sizə şəkillərimizi göstərəcəm, görəcəksiniz ki, qucağında böyümüşəm. Ümumiyyətlə, məni anamdan əvvəl Şahnaz xanım qucağına alıb.
- Necə?
- Ailənin beşinci uşağıyam, anamı xəstəxanaya çatdıra bilməyiblər. Məni evdə dünyaya gətirib. Böyüyümüz Şahnaz xanımdır, həmin vaxt anamın yanında imiş. Mən doğulanda Şahnaz xanımın qucağına veriblər. Deyir ki, Aybəniz, sənə ilk dəfə baxanda gördüm ki, üzündə qəribə bir işıq var. Elə hesab etdim ki, öz uşağım oldu.
- Maraqlıdır, səkkiz uşaqlı ailədə ikiniz sənətə gəldiniz... Sanki öz istedadından sizə pay verib.
- Bəli. Görünür bu nə isə bir bağdır. Qəribədir. Baxın, ailəvi şəkillərimizdə ancaq mənim yanımdadır, əli də çiynimdə.
- O əl həmişə çiyninizdə olub?
- Həmişə! Ona çox minnətdaram. O mənə qadın kimi də örnək oldu, sənətkar kimi də. Şahnaz xanım qarşımda olmasaydı, bəlkə də gənclərə qoşulub həyatımı məhv edərdim. Gənc olanda insanın yetərincə ağlı olmur.
- Onda “Bülbüllər”ə qarşı mühafizəkarlığı Şahnaz xanımdan götürmüsünüz?
- Ola bilər. Mən Gəncədə 12 yaşıma qədər yaşamışam. Hara gedirdi, məni yanında aparırdı. Bütün məşqlərində iştirak edirdim. Hətta anamgil evdə heç kimi onun otağına girməyə qoymurdular. Mənsə gizlin gedib girirdim. (Gülür) Sizə bir gülməli hadisə danışım. Şahnaz xanım deyir, Aybəniz, bir dəfə otağımda məşq edirəm. Birdən gördüm stolun altından tappıltı gəlir. Elə qorxdum ki, birdən içəri heyvan-zad girər. Baxdım ki, girib oturmusan stolun altında, mənə qulaq asırsan. Musiqiyə də uyğun döşəmədə nağara çalırmış kimi ritm tutursan. Acıqlandım ki, “Az, çıx ordan!” Çıxıb oturdun, dedim o çaldığını bir də stolda çal. Başladın eyni ritmi vurmağa. Onda dedim hə, bu uşaq musiqiçi olacaq.
- Bu neçə yaşınızda olub?
- 2-3 yaşım olanda, xatırlamıram. 7 yaşım olanda Şahnaz xanım məni fortepianoya qoydu.
- Necə şagird idiniz?
- Notlara baxmağı sevmirdim. Qara-qara notlar yazırdılar, deyirdim bu nədir. Qara rəngi heç sevmirəm axı. İndi də sevmirəm, hərdən məcbur olub geyinirəm. Deyirdim, müəllimə, olar, siz o əsəri çalasınız, mən onu əzbərləyib çalım.
- Notsuz? Musiqi duyumu ilə?
- Hə. Müəllim heyrətə gəlirdi, bir dəfə çalırdı, dərhal öyrənirdim.
- Bəs səsinizi nə vaxt kəşf elədilər?
- 1979-cu ildə. 11 yaşım var idi. Anamın iş yerində öz-özümə piano çalıb, oxuyurdım. Sən demə, qapının arxasından məni dinləyirmişlər...
- Kim?
- Anamgilin müdiri, yanında da fəhlələr daxil oldu içəri. Dedi, qızım sənin nə yaxşı səsin var. Axşam burda konsert olacaq, gəl, sən də oxu. İndi elə sevinirəm ki, axşam səhnədə oxuyacam.
- Ananız nə dedi?
- Ailəmizdə uşağa qadağa yoxdur. Anam bizimlə həmişə dost olub. Mən Aynişana qarşı çıxdım, amma mənim anam dedi ki, oxumaq istəyirsən, oxu! “Göyərçin” uşaq ansamblının rəhbəri Zaman Hüseynova dedilər ki, belə bir uşaq var, axşam o da oxusun. O da dedi ki, bu gün oxumasın. Amma sabah yanıma gəlsin, dinləyək. Hirsləndim. Çox ərköyün uşaq olmuşam. Bunu özümə yaraşdırmadım. Heç nə demədim, amma üzümü çevirib getdim. Düşündüm ki, qorxusundan qoymadı oxuyam. Bildi ki, oxusam hamıdan yaxşı oxuyacağam deyə qoymadı. Səhərə qədər əsəbimdən yata bilmədim. Tezdən Zaman müəllim zəng elədi ki, Aybəniz, gəl sənə qulaq asaq. Dedim istəmirəm.
- Hirsiniz soyumamışdı deyə?
- Yox. Yaman hisli idim. (Gülür) Axırda anama dedim ki, mən o ansamblda oxumaq istəmirəm. Amma gedib onlara necə oxuduğumu göstərib, sonra da üzümü çevirib gedəcəm. Qoy görsün ki, mən onları sayıb qalmadım. Getdim. “İnsaf da yaxşı şeydir” oxudum, bitirdim. Zaman müəllim dedi ki, “Aybəniz, sən bu ansamblda oxumalısan”. Dedim, yox, mən sadəcə gəldim ki, mənə qulaq asasınız. Çıxdım getdim evə. Zaman müəllim üç gün evə zəng elədi, dedi özüm atası kimi yanında dayanacam. Axırda anam dedi ki, ay Aybəniz, düz deyir də! Uşaqsan, əyləncən olar, guya evdə oturub neynirsən? Məktəbə gedib evə gəlirsən. Başqa işin yoxdur, get oxu. Sonra istəməzsən, oxumazsan.
- Şahnaz xanım nə deyirdi?
- O hələ bilmirdi. Şahnaz xanım o vaxt bildi ki, mən “Göyərçin” ansamblı ilə Moskvaya, Ostankinoda “Vesyolıe notki”də iştirak etməyə gedirdim...
Qeyd: Sovet dönəmində 15 respublikadan istedadlı uşaqların qatıldığı “Vesyolıe notki”ni Avroviziya Uşaq Mahnı Müsabiqəsinə bənzətmək olardı. İldə bir dəfə keçirilən bu musiqi bayramına bütün respublikalar özünün “ən yaxşısını” göndərirdi.
Moskavadan təzəcə qayıtmışdıq ki, yenə bir konsert oldu. Konsertə Gəncənin 1-ci katibi Həsən Həsənov da gəlmişdi. Axırda yaxınlaşdı ki, sən nə yaxşı oxuyursan. Adın nədir? Düşündüm ki, birdən adım yadında qalmaz, qoy elə Şahnaz xanımın adını deyim. Dedim Şahnaz Haşımovanın bacısıyam...
Bir neçə gün də keçdi, dedilər noyabrın 2-də Heydər Əliyev Gəncəyə gələcək, konsert olacaq. Həsən Həsənov deyib ki, o gün bir uşaq çox yaxşı oxuyurdu, onu da tapın gətirin, oxusun. Adı yadımda qalmayıb, bütün məktəbləri axtarın...
Xeyli axtarandan sonra Fikrət Verdiyev gəlib Şahnaz xanıma deyib ki, evinizdə Aybənizin oxumağını görmüşəm, mənə nə deyirsən de, o uşaq Aybənizdir. Şahnaz xanım deyib Aybəniz Həsən Həsənovun qarşısında oxusa, mənə deyərdi.
Anamla paltar yuyurduq, Şahnaz xanım gəldi. Soruşdu ki, sən bu yaxınlarda Həsən Həsənovun qarşısında oxumusan? Dedim hə. Hirsləndi. Dedi, “dur geyin, az! Hər yerdə bunu axtarmaqdan başımız xarab olub. Xəbərimiz də yoxdur ki, sənsən”.
Beləcə, o konsert üçün “Sarı bülbül” mahnısını hazırladıq. Şahnaz xanım arada oxumaq üçün bir bənd muğam da öyrətdi.
...Gözümü Heydər Əliyevə dikib oxuyurdum. Başqa heç kimi görmürdüm. Elə ki, o, əl çalmağa başladı, düşündüm ki, deməli yaxşı oxudum. Çünki Heydər Əliyev hər adama əl çalmırdı.
Konsertdən sonra Heydər Əliyev mənim alnımdan öpüb soruşdu ki, Bakıya getmək istəyirsən? Dedim, bəli! Həsənova dedi ki, məndən xəbər gözləyin. Gedib düşünəcəm ki, bu istedadlı uşaqlar üçün nə edə bilərik. Mən xəbər göndərəndə Bakıya göndərərsən.
Evə gəldim ki, dünya müharibəsi qopub. Dedilər bu gündən ayağını kəs, otur evdə. Qurtardıq oxumaqla. Daha “Göyərçin” ansamblına da getmirsən. Şahnaz xanım dünyanı dağıdır.
- Valideynlər də təsdiqləyirdi?
- Anam hə, atam isə yox. Anam dedi Şahnaz deyir ki, orda yiyəsiz qalar, həyatı dağılar. Atam dedi ki, o mənim uşağımdırsa, ona heç nə olmaz. Mən ona necə tərbiyə verdiyimi bilirəm.
Bu arada, Heydər Əliyev Bakıda o vaxtkı Həmkarlar İttifaqının sədri Lidiya Rəsulovaya tapşırıb ki, xüsusi sinif açılsın, komissiya yaradılıb bütün rayonlara göndərilsin və istedadlı uşaqları seçib, Bakıya gətirsinlər. Onlara ən yaxşı müəllimlər dərs desin.
- Və beləcə, Gəncədən Bakıya gəldiniz...
- Bəli. Bizim üçün çox yaxşı şərait yaratmışdılar. Dayələrimiz, tərbiyəçilərimiz... Ana-ata uşağın qeydinə necə qalarsa, o cür qayğımızı çəkirdilər. Heydər Əliyev Lidiya xanıma demişdi ki, mən Aybənizin böyük səhnəsini görmək istəyirəm. Bakıda qalıb oxuması üçün hər şərait yaradın. Tək təhsilimizə yox, həyat tərzimizə, davranışımıza qədər diqqət yetirirdilər. Yəni bütün mənalarda böyük səhnə üçün peşəkar yetişdirirdilər. Bütün dövlət konsertlərində oxumalıydıq. Şövkət Ələkbərova, Arif Babayev və İslam Rzayev bizə dərs keçirdi. Arif Babayev bizimlə “Leyli və Məcnun” hazırladı. Üç Leylimiz, üç Məcnunumuz var idi. Üzeyir Hacıbəyovun 100 illiyində təqdim etdik. Sonra Moskvada 100 illik keçirəndə, bizi bir nəfər konsertdən çıxartdırdı...
- Kim?
- Müğənnilərdən idi. Bizə dedilər sizi orda kimdi başa düşən? Konsertdən bir gün əvvəl Heydər Əliyev soruşur kimlər oxuyacaq? Bakıdakı konsertin proqramına baxıb, qayıdır ki, hanı mənim uşaqlarım? Niyə gətirməmisiniz?
Nazir deyir ki, düşündük ki, uşaqdılar, onları burda kim başa düşəcək? Rəhmətlik deyib ki, bəs o gətirdiklərinizi başa düşəcəklər? Başa düşməyəcəklərsə, deməli heç birini başa düşməyəcəklər. Bu dəqiqə uşaqlar Moskvaya gətirilsin!
Bizi gecə ilə Moskvaya gətirdilər, məşqsiz “Bolşoy teatr”da səhnəyə çıxdıq. Səhnəyə çıxanda gözüm yalnız onu axtarırdı. Elə ki, biz başladıq oxumağa, gördüm kövrəlib. Bizi “Bolşoy teatr”da görmək ona çox xoş olmuşdu. 17 yaşım olanda isə Gülarə Əliyeva məni “Dan ulduğu” ansamblına solist götürdü.
- Düşmənlər də çoxalırdı...
- Əlbəttə! Amma heç kim yaxın düşə bilmirdi. Çünki məni o qədər qoruyan var idi ki. Başımın üstündə dayanan adamların adı çox güclü idi və artıq o adlar mənə yaxın gəlməmək üçün bəs idi. Əlacları qalırdı adıma dedi-qodu çıxartmağa ki, bəlkə belə ləkələyək. Yalan isə ayaq tutsa da, yerimir. Alnım açıq idi, özümə əmin idim.
- Şahnaz xanım bu dönəmlərdə sizə hansısa məsləhətlər verirdi?
- Çox uzaqda idi, heç nə deyə bilmirdi. Anamı da, bacımı da Gülarə Əliyeva, Şövkət Ələkbərova və Lidiya Rəsulova əvəz edirdi. Bu qadınlar məni hər şeydən qoruyurdu. Çox sevilirdim...
- Bəlkə buna görə Allah ikinci sevgini çox gördü?
- Mən də belə düşünürəm. Dedi bir adama nə qədər sevgi vermək olar? (Gözləri dolur)
- O hansını sevirdi, Aybənizi, yoxsa Aybəniz Haşımovanı?
- Aybənizi... Çox dəyərli oğlan idi. Ən yaxın dostum bilirdim onu. Baxın, adını çəkən kimi ağlayıram. Amma övladımın atasından öncə ən yaxın dostum üçün ağlayıram. Mənim bu həyatda ömür dostum getdi. Cəmi il yarım yaşadıq bir yerdə. Bu il yarımda o qədər xoşbəxt ömür yaşadıq ki... (Hönkürərək davam edir)
28 yaşı var idi, bir gün hərbi formada gəldi ki, könüllü müraciət etmişəm. Səhər tezdən Qarabağa gedirəm. Dedim sən bilirsən nə danışırsan? Mənim qucağımda körpəm var, qalacaq ortalıqda, müğənniyəm, adıma min söz deyəcəklər, işin-gücün var... Dedi həyatda heç nə Vətəndən vacib deyil. Saatı qurub yatdı, gecə saatı çəkdim ki, yatıb qalsın. Səhər saat çalmamış oyandı. Dedi saat nə əcəb çalmayıb? O belə deyəndə mən başladım ağlamağa. İlk dəfə idi ağlayırdım. Onda anladım ki, hönkürüb ağlamaq necə olur...
Məni qucaqlayıb başımdan öpdü ki, Aybəniz, ağlama ki, gözüm arxada qalmasın, rahat gedim. Balam ortalıqda qalacaq, getmə, dedim... Niyə düşünürsən ki, gedən kimi öləcəm, dedi... Ordan kim sağ qayıdıb ki, dedim... Axırda dedi ki, mənim qızımın sənin kimi anası var, o heç vaxt ortada qalmaz...
Getdi... Qapıdan çıxanda döndü ki, o “Nə gəlməz oldun” oxuyurdun e, bax, birdən ölsəm, məzarımın üstündə onu oxuyarsan. Cəmi 8 ay döyüşdü...
Bir gecə saat 12-də qapı döyüldü. Açdım ki, bu. Sevindim ki, qayıdıb. Sən demə bir maşın meyit gətirib, evlərə paylayıblar. Ayaqqabısını çıxartmadı, xalçanı qaldır, keçib oturum bir az, indi gedəcəm, dedi. Bir az otur, qoy o uşaq oyanıb səni görsün, dedim. Görməsə yaxşıdı, qoy alışmasın mənə, dedi...
Bir gün yenə gəldi. Qonaqlarımız var idi. Aynişanı qucağına aldı, uşaq dedi ki, “ata pisdi, o gedir”. Onu bağrına basıb dedi ki, ata qurban, elə demə, gələcəm. Tezliklə birdəfəlik gələcəm, darıxma...
Qapıdan çıxanda ayağı pərdəyə ilişdi, karniz qırıldı, yuxarıdakı “Quran” düşdü ayağına. Hamımız tutulduq. Əyilib götürdü, öpdü, verdi mənə. Dedi “Aybəniz, söz verirəm, 6-cı günü gələcəm, özü də həmişəlik”. Gülə-gülə dedi, məni inandırdı. Elə sevindim ki...
Şənbə günü oldu, sevindim ki, gəlir... Qonşu pay vermişdi, onun boşqabını götürüb apardım qaytarmağa. Gördüm mənə birtəhər baxır.
Sən demə qonşular hamısı bilir...
- Hardan?
- Maşınla gətiriblər, qonşular qoymayıb yuxarı qaldırmağa. Deyiblər cavan gəlindi, özünə bir şey edər, aparın anasıgilə. Evə qayıtdım, elə bil kimsə dedi ki, qaynanana zəng elə. Telefonu qışqıra-qışqıra qaldırdı ki, Elxan qəzaya düşüb, tez gəl. Gələ bilmərəm, Xalidi gözləyirəm, dedim. Sənə deyirəm dur gəl, dedi...
Rəhmətlik o qədər qısqanc idi ki, tək heç yerə getmirdim. Qoymurdu. Qonşudan xahiş elədim ki, məni qaynanamgilə aparsın...
Taksi həyətə çatanda gördüm binanın yanında yük maşını dayanıb, içində tabut, yanında da hərbçilər... Ondan sonrasını xatırlamıram. Evə necə qalxdım, uşaq necə oldu... Bir o yadımdadır ki, dedilər çəkilin, gətirirlər...
Allah mənə necə güc verdi, tabutu hərbçilərin çiynindən necə aldım bilmirəm... Onun bir yerişi var idi ki... Axı o qədər güclü bir oğlan qapıdan çiyində girə bilməzdi... Tabutun qapağını necə açıb qırdım bilmədim... Bu, o ola bilməz deyirdim... Kəfəni qıpqırmızı qan idi, ələ gəlmirdi... Sol tərəfi yox idi...
Dedilər son nəfəsində deyib ki, deyin, mən ona inanıram, o mənim uşağımı yaxşı böyüdəcək...
Apardıq, basdırdıq... Tək onu yox, onunla bir qadın da dəfn elədik... Həmin günü, o əsgərlərin çiynində qapıdan girən günü bir qadın – Aybəniz də öldü...
Hamıdan incik gəzir, heç kimə doğmam kimi baxa bilmirdim. Həmişə xoşbəxt olmuşdum. İndi kimsə məni belə bədbəxt, gözü yaşlı görsün istəmirdim. Elə bilirdim artıq heç kimə lazım deyiləm. Günlərlə iynə vurub yatırdırdılar ki, özümə qəsd eləməyim. Tezliklə xəstəxanaya düşdüm. Dərdim bilinmirdi, amma arıqlayıb əldən düşmüşdüm. Həkimlər o qədər iynə-dərman elədilər, qanımda zəhərlənmə başladı.
1993-cü il idi. Məmməd Arazın yubileyi keçirilirdi. Heydər Əliyev kim oxuyacaq soruşub, Məmməd Arazın “Kim uduzdu, kim uddu” mahnısını Aybəniz yaxşı oxuyurdu, o da oxusun deyib. Aybəniz ölür, deyiblər... O, mənim uşağımdır, niyə o vəziyyətə düşüb, deyib...
Xəbər gəldi ki, Heydər Əliyev səni görmək istəyir. Anam dedi ki, görürsən, səni necə bir adam axtarır, sən isə burda ölmək istəyirsən, qalx ayağa...
Ayaq üstdə dayanmağa heyim qalmamışdı, elə bil mənə güc gəldi. Səhnəyə çıxdım... Mən “Kim uduzdu, kim uddu” oxuyanda, Heydər Əliyev əli ilə üzünü qapamışdı. Yenə gözlərinə baxıb oxuyurdum. O, məni Gəncədən tapıb gətirdiyi, ən yaxşı təhsili verib, ən yaxşı səhnələrdə oxutdurduğu uşağı heç vaxt belə görməmişdi. O, üzünü qapayanda, məni necə ağlamaq tutdu. Gözümdən yaş axa-axa oxuyurdum. İkinci mahnının sonuna qədər dayana bilmədi, qalxıb mənə əl elədi, Məmməd Arazı təbrik edib, getdi.
Oxuyub, kulisə keçdim ki, səhiyyə, maliyyə, mədəniyyət nazirləri hamısı ordadır. Dedilər, “Sizə nə olub, Heydər Əliyev bizi öldürürdü ki, hara baxırdınız ki, bu uşaq bu günə qalıb? Mən onu beləmi qoyub getmişdim?”
Heydər Əliyev məni Almaniyaya göndərdi, dedilər sağlamdı. Ordan Moskvaya göndərdi, yenə dedilər səs telləri qaydasındadır. Dedilər ki, orqanizm sağlamdır. Amma şok yaşayıb, indi depressiyadadır...
Yəni, o vaxt məni ölümün pəncəsindən Heydər Əliyev aldı. Əgər həmin konsertdə məni axtarmasa, elə ölüb gedəcəkdim...
- Və səhnədə çox gözəl qadın görsək də, həyatda qadın olmadınız...
- Mən qadın olmadım ki... Övladımı, tələbələrimi, mahnılarımı sevirəm. Oxuyuram, ürəyim boşalır, bu məni rahat edir. Səhnəyə çıxanda bilirəm ki, ora qadın çıxır. Oxuyur, gedir. Pərdənin arxasına keçən kimi hər şey bitir. Evə artıq ata, evin kişisi gəlir. İndi istəyirəm ata-anasının əli çatmayan səadət Aynişana nəsib olsun.
- Siz onu səhnədən uzaqlaşdıranda, sizi ikinci dəfə sevmişdim...
- Hə, dedim daha bəsdir. Sənin artıq bir sənətin var. İndi ikinci sənəti öyrənməlisən. Atanın da cavan ruhu şad olsun ki, Aybəniz mənim balamı belə yetişdirdi. Məqsədim odur ki, uşağım bu dövlət üçün ziyalı insan olsun. İndi magistraturadadır, sonra da doktoranturaya getməsini istəyirəm.
- Bəs birdən bitirib diplomu sizə gətirib versə... Desə ki, bu mənim çox arzuladığın diplomum, mən yenə səhnəyə qayıdıram...
- Hələki demir... (Gülür)
Bu yerdə Aynişandan başqa hər şeydən danışırıq.
- Bir dəfə mən oxuyandan sonra Şövkət xanım Niyaziyə dedi ki, “Niyazik, gördün necə oxudu Şəhnazın bacısı?” Şövkət xanım bacıma həmişə “Şəhnaz” deyərdi. Niyazı dedi ki, “şef, bir də ona Şahnazın bacısı demə. Onun öz adı var, vaxt gələcək, o adla sən özün də fəxr edəcəksən”. Mənə Şövkət Ələkbərovanın tələbəsi deyirdilər, indi deyirlər Aybəniz Haşımovanın tələbəsi. Bu, mənə qürur verir.
- Uşaqların üstündə çox əsirsiniz, çox qoruyursunuz onları...
- Bəs görün mən tələbə yetişdirməyi kimlərdən öyrənmişəm? Baxın, bu mənim dəftərimdir. Bu gün də qarşımdadır, uşaqlara da dərsi bununla keçirəm. Çox qiymətli dəftərdir. Bu, necə dəyərli sənətkarın dərs proqramıdır. Qırmızı bir bloknotum da var idi, adına “olar-olmaz” dəftəri deyirdim.
- Nə var idi ki, içində?
- Anam mən Bakıya gələndə yazdırmışdı onu. İçi hamısı sual-cavab idi. Nə olar, nə olmaz. İndi özüm tələbələrim üçün daha qalın bir kitab yazmalı oldum. Fəridin təbiyəsi haqda “Eurovision” rəhbərliyi mənə danışanda fəxr etdim. Dedilər bu qədər ölkəyə getdi bizimlə, bir yerdə ədəbsizliyini görmədik. Nə qədər əxlaqlı, tərbiyəli uşaq byütmüsünüz. Bütün günü otağa qapılıb məşq edirdi. Bir nəfər ona spirtli içki içirdə bilmədi.
İndi mənim missiyam özümə çəkilən zəhməti çəkib, sabah üçün musiqiçi yetişdirməkdir. Bu işimi sevirəm. Uşaqlarımın boğazlarını tərifləyəndə fəxr edirəm. Sevinirəm ki, belə ifaçı yetişdirə bilirəm.
- Şövkət xanım sizin nəfəsinizdə yaşadığı kimi, onların da nəfəsində yaşayacaq...
- Tələbələrim hamısı Şövkət xanıma nənə deyirlər. Onlara demişəm sizin bir borcunuz var, məndən sonra onun məzarı çiçəksiz qalmamalıdır. Bu gün ehtiyac yoxdur, mənim səhnədə aldığım gül dəstələri onun məzarına düzülür. Amma bu ənənə sabah da davam etməlidir. Ən böyük arzum odur ki, Şövkət xanımın adını daşıyan bir akademiya yaransın. Orda onun sənətini davam etdirən uşaqlar yetişsin. Şövkət xanım buna layiqdir.
- İlk dəfədir Aynişansız Novruz keçirirsiniz?
- İlk dəfədir həm bayramı, həm də ad gününü onsuz keçirirəm. Axı balam martın 21-də dünyaya gəlib. Onun həyatıma gəlişi mənim üçün bir bayram idi, o bayram bu günə qədər də davam edir. Atası o vaxt dedi ki, qızımın adını Bahar qoyuram. Dedim mən qızıma qayınanamın adını qoymuşam artıq.
- Niyə qayınananızın?
- Çox gözəl qadın idi. Allah can sağlığı versin, elə yenə gözəldir. Həm də dörd oğlu var idi, qızı yox idi, istəyirdim Aynişan onun qızı olsun. Yoldaşımın ailəsini doğrudan çox istəmişəm. Mən o qapıdan məşhur müğənni kimi yox, Gəncədən gələn bir qız kimi girmişdim. Bir ilə qədər bir yerdə yaşamışıq, sonra öz evimizə köçdük. O da məni balası kimi qəbul eləmişdi. O hadisədən sonra da demək olar ki, hər gün mənə deyirdi, istəyən olsa, səni öz qızım kimi ərə verəcəm. Mənim balama görə sən də bədbəxt olma. Aynişan sabah ərə gedəcək, tək qalacaqsan. Tək qalmağını istəmirəm. Dedim mən həyatım boyu gəlinlik geyinib kiminsə yanına düşüb gedə bilmərəm. Mən gəlinliyə bir də Aynişanın əynində baxacam.
- Deyirsiniz ki, evdən sizi tələsdirdilər ailə qurmağa. Siz də belə basqı edirsiniz?
- (Gülür) Tələsdirmirəm, amma demişəm ki, magistraturanı bitirəndən sonra seçimində qərarlaş. Uşaqlar valideynini seçə bilmir, amma onun yerinə valideynlər doğru seçim etməlidir. Mən ona fəxr edəcəyi bir ata seçmişəm. Aynişan da uşağının atasını seçə bilər. O, mükəmməl qanın daşıyıcısıdır, bilirəm ki, heç vaxt səhv etməz. O qan vətən yolunda şəhid ola bildisə, bütün seçimlərini uğurla edəcək.
- Aynişan çox gözəl qızdır, sizə bənzəyir. Atasına da oxşayan cəhətləri var?
- Balam atasını heç xatırlamır. Amma ilk dəfə sükan arxasında oturanda ki, əllərini necə qoydu, dəhşətə gəldim. Əllərini tutmağından elə bildim rəhmətlik atasıdır...
- Qısası, çox diplomatik cavab da olsa, anladım ki, Aynişanın səhnəyə gedən bütün yolları bağlanıb.
- (Gülür) Yəni dedim də.