Model, aparıcı Natella Kərimova ilk müsahibim idi ki, söhbətimiz çox da “Qızqıza” alınmadı. İşdən sonra görüşdüyümüzə görə, fotoqrafımız Ramil Zeynalov da söhbət vaxtı gəlmişdi. Elə söhbətə də o başladı:
Ramil:
- Kaş ki, sizi təbiətdə çəkərdim. Onda daha qəşəng alınardı...
- Suadın sinif yoldaşıgil yay tətilində Astaraya gediblər, ordan yazırdı ki, qayıtmaq istəmirəm. Burada toyuq-cücə var... (Gülür) Uşaqlarımız təbiətdən uzaqda böyüyür. Bu məni çox narahat edir. Biz heç olmasa fəsillərin dəyişməsini görmüşük... Uşaqlarımız qızıl payızı görmürlər...
- Onlar təbiətdən uzaq böyüyən nəsildirlər və fərqli ruh sahibi olacaqlar.
- Bu, məni çox narahat edir. Hər şeyə dözə bilərəm, amma ətrafımda yaşıllıq olsun...
- Ramil, bizi belə çək, çatışmayanlarımızı fotoşopla tamamlayarsan, zəhmət olmasa.
Ramil:
- Gözüm üstə! Sənəd şəkli deyil ki, olmasın.
- Mən şəxsiyyət vəsiqəmdəki şəkli də fotoşoplatmışam.
- Mən də!
Ramil: (Heyrətlə)
- Bunu necə bacarmısınız? Mən saqqalımı fotoşopla təmizləyib apardım, geri qaytardılar...
- Kişilər haqda heç nə deyə bilmərəm, amma qadın şəklinə heç vaxt inanmaq olmaz. Bu, hətta şəxsiyyəti təsdiq edən sənəddə olsa belə!
- Mən üstəlik sənəd şəklimdə gülürəm. Fotoqraf dedi olmaz, gülmə! Dedim sərhədçilər adam deyil, qoy onların da üzlərinə gülsünlər, ürəkləri açılsın.
- Sərhəddə problem yaşamadın?
- Əksinə, bu şəkil problemimi çözdü. Bir dəfə rəfiqəmlə Türkiyədən qayıdırdıq. Yükümüz o qədər ağırdır ki, bir çiynimiz əyilib. Addım atmağa əziyyət çəkirik. Bu çətinliklə çatmışıq Türk Hava Yollarına, sənədləri təqdim etdik. Qız şəklimə baxıb, “Ay nə gözəldir” dedi. Yanındakılara göstərdi, başı qarışdı, artıq yükümüzə baxmadılar.
- Çox səyahət edirsən?
- Ürəyim istəyən qədər yox. İldə heç olmasa üç-dörd dəfə harasa gedirəm.
- Suad da səninlə gedir?
- Bax, bu məni məyus edir ki, Suad səyahət etməyi o qədər də sevmir. Mən çox tez kitab oxumağa başlamışam. Həmişə də istəyirdim ki, Suad bu sarıdan mənə oxşasın. Xoşbəxtəm ki, o da kitabı sevir. Amma o daha çox istəyir ki, ona kitab oxusunlar... Balaca olanda axşamlar mən ona hər yatanda kitab oxuyurdum. İndi artıq özü oxuyur, səkkiz yaşı var.
- Maraqlıdır, sən necə uşaq olmusan?
- Velosiped sürməyi sevirdim. Dərsdən gələn kimi velosipedimlə Gəncənin bütün kitab mağazalarını gəzirdim. (Gülür) Evdən bizə pul verirdilər, bacım gedib saqqız alırdı, mən isə kitab. Anam da gülürdü ki, kitab satanlar sənin hesabına dolanırlar. Hərdən elə kitablar tapırdım ki, bəlkə kimsə yanından keçsə, fikir verməzdi. 10-12 yaşım olardı... İndiki uşaqların isə bir problemi var – gedib gəlirlər ki, “darıxırıq!” Mən darıxmırdım.
- İndi dəbdi, millət kütləvi surətdə darıxmaqla məşğuldur...
- (Gülür) Mənimsə xoşbəxtliyim ondadır ki, heç vaxt darıxmıram. Divanda oturub heç nə etməyim, darıxmaram. Beynim işləyir axı, başımın içində proses gedir. Ömrümdə bir dəfə darıxmışam, o da İrana gedəndə. Mənim üçün daxili sərbəstlik həyatda ən önəmli şeydir. Orada da adamın əlindən onu alırlar. Örpəyə görə yox, bilirsən də, yayda onsuzda mən başı açıq gəzmirəm. Amma biri var bunu sən özün edirsən, biri də var ki, səni buna məcbur edirlər... Onu deyirdim axı, mən darıxmıram. (Gülür)
- Mən hərdən darıxanlara qibtə də edirəm. Darıxmaq üçün gərək insanın boş vaxtı ola...
- Hə... (Gülür) Vaxtı yaxşı dəyərləndirmək lazımdır. Səyahətə çıxacağamsa, çamadanıma paltardan, kosmetikadan əvvəl kitab, bloknot və qələm qoyuram. Mən kitabsız yola çıxa bilmərəm. Uşaqlıq xatirələrimə baxanda görürəm ki, heç kitab oxumadan yemək yeməmişəm. (Gülür) Bilirəm e, olmaz! Amma həmişə oxuya-oxuya yemişəm.
- Onda əsərlər sənin üçün həm də xüsusi dadı ilə yadda qalıb?
- Təsəvvür edirsən ki, hə!
- Məsələn?
- Azərbaycan nağıllarını gilas, alça yeyərək oxumuşam. Molla Nəsrəddin lətifələrini oxuyanda 10-15 balaca sarı almalardan gətirib yığırdım yanıma... Oxumaqla bağlı mənim bir cəhətim də var. Oxuduğum əsəri iki gün sonra unuduram. Orda yazılanlar, qəhrəmanların adları heç biri yadımda qalmır. Amma o kitabı oxuyarkən nələr hiss etmişəm, nələr yaşamışam hamısı yadımdadır. Bu hisslər o qədər güclüdür ki, oxuduğum hansı əsərin haqqında danışsam, elə bilirlər ki, cümlə-cümlə yadımdadır. Amma yadımda qalan sadəcə hisslərimdir...
- İndi də Gəncədəki kimi, kitab mağazalarını gəzirsən?
- Hə! “Şopaqolik” deyilən anlayış məndə yoxdur. Bax, vitrində gözəl paltar görüb ona bir əsər kimi tamaşa edib, keçə bilərəm. Nadir hallarda olar ki, sonra geri qayıdıb onu alım. Amma kitab mağazasında ən son pulumu da xərcləyəcəyəm. Orada heç vaxt “qalsın, sonra gəlib alaram” demərəm. Mən gəlincə kimsə alar, qalmaz deyə narahat oluram...
Qonşu masadan siqaret tüstüsü qalxır. Üzünün təbəssümü itir:
- Ən böyük arzumdur ki, siqaret çəkənlərlə bağlı bir qanun qəbul etsinlər. Lap küçədə yerə tüpürənlərlə, siqaret atanları cərimə etsinlər. Vallah, dövlət büdcəsinə daha çox gəlir gələr.
- Özləri bir yana, bizi də zəhərləyirlər. Passiv siqaret çəkmək ildə 600 min nəfərin ölümünə səbəb olur. Onun-bunun tüstüsünün badına gedirik.
- Bunu həmişə deyirəm... Hərdən övladının üzünə siqaret üfürən analar görəndə dəli oluram. Mən artıq heç kimə “bunu yemə, onu etmə ziyandır” demirəm. Yorulmuşam! Deyirəm ki, mən yemirəm, ziyandır! O saat başlayırlar ki, ona qalsa gərək heç nəfəs almayaq... Fikirləşirəm ki, gənclərin arasında xəstəliklər, ölümlər nə qədər artıb. Nəyə görə? Bizdə “fast-food”lar 15-20 il bundan qabaq əmələ gəldi. Heç kim də fikir vermirdi... “Fast-food” dərhal öldürmür axı...
- Üstəlik “Teksun”lar, “Bakuş”lar...
- Yupilər...
- Of! Bəsdir! Özümüzü gəncliyi ittiham edən yaşlılar kimi hiss etdim!
- (Gülür) Qızlarla dava edirəm ki, saat 12 ilə 4 arası dənizə getmək cinayətdir. Deyirlər, “kölgədə uzanırıq”... Elə deyil axı! Yeri gəlmişkən, sən heç dənizə getməmisən deyəsən?
- Mən çoxdandır dənizə getmirəm. Dərini qorumaq lazımdır.
- Düz edirsən. Mən dəniz mövsümündən öncə günəşə qarşı mezoterapiya etdirdim, amma yenə də dərimdə səpkilər oldu... Mən “zaqarı” xoşlayıram. (Gülür) Axı mən qarabuğdayıyam. Öyrənmişəm ki, ətrafımda məndən qara adam olmasın. Ətrafda hamı qaralıb gəzəndə, kompleks keçirirəm... (Gülür)
Ramil: (Fotoaparatı kənara qoyub, həvəslə soruşur)
- Model olmaq üçün, - mən olmaq istəmirəm ha! - şərtdir ki, boy uzun olsun?
- Qız üçün şərt deyil. Fotomodel də ola bilər. Amma kişi üçün uca boy lazımdı. Çünki qısa boy özünü açıq şəkildə də büruzə verir.
Deyəsən bu cavab Ramilin xoşuna gəlmir. Yenidən fotoaparatını götürüb, işləməyə başlayır.
- Dünyadakı modellərə baxanda görürsən adlarının qarşısında bir status kimi filan oliqarxın sevgilisi yazılıb. Azərbaycanda model olmağın tərifini bilmək istəyirəm.
- Hmm... (Gülür) Mən modelliyi bilərəkdən fikirləşməmişdim.
- Yox, sən modelliyə başlayanda hələ bizim dilimizdə oliqarx sözü yox idi.
- Yox idi, amma yenə də var idi elə şeylər. Başqa cür adlandırıla bilərdi, amma var idi. Əksinə, mənə elə gəlir indi elə şeylər azalıb. Bilmirəm, modellərmi çoxalıb, yoxsa, oliqarxlarmı azalıb... (Gülür) Bilmirəm. (Gülür) Amma o vaxt əksinə idi. Yəni qabaqlar lap çox idi elə şeylər. Bəlkə də indi mən xeyli uzağam deyə...
- Axı model agentliyin var...
- Mən qızların şəxsi işlərinə qarışmıram. Çalışıram iş vaxtı işlə məşğul olsunlar.
- Məni düz başa düşmədin. Demək istəyirəm ki, ölkəmizdə modelin o qədər də parlaq gələcəyi yoxdur. Heç bir mənada. Yəni nə moda sənayesi o qədər inkişaf etməyib ki, vaxtaşırı nümayişlər olsun, nə də...
- Oliqarxlarımız, hə? (Gülür)
- Baxırsan ki, çox gənc, gözəl bir qız model olmaq istəyir. İnsanın istənilən sahədə uğur əldə edə bilməsi üçün onun görkəminin də təsiri var. Yəni bu adam ciddi bir peşənin qulpundan yapışsa, bu görkəmlə layiq olduğundan da uğurlu olacaq...
- Hə, indi səni başa düşdüm. Axı tək görkəmlə iş bitmir. Ağlın özünə getməsin, teatrdan gəlib başqa peşədə özünü təsdiqləyə bildin. Hər adam öz üzərində işləməyi bacarmır. Fərdlər işləyir, əksəriyyətin isə başının üstündə var, içində yox. Görkəm cəlb edir, amma gərək onun arxasında elə bir bacarıq dayansın ki, o cazibəni saxlaya bilsin.
- Bəzən başın üstündə də bir şey yoxdur. Bizim model xanımlara baxmaqdansa, Rüstəmə, Azərə baxmaq daha xoşdur...
- Hə, kişilərimiz özlərinə baxmır deyə, model oğlanlarımız istər-istəməz seçilirlər.
- Guya qadınlarımız özlərinə elə yaxşı baxırlar ki... Şəhərə çıxırsan, diqqəti cəlb edən bütün qızlar sanki eyni ata-ananın övladıdır. Saç, dodaq, burun...
- (Gülür) Hamını eyni cərrah əməliyyat edib axı... Salona gedirəm, görürəm orda qadınlar dietoloqa yaxınlaşıb soruşurlar ki, bunu eləsəm bir həftəyə arıqlayacam? Daha başa düşmürlər ki, illərlə yığılan kilo bir həftədə getməz. Ayda 5 kilodan çox arıqlamaq olmaz. İnsan arıqladıqca, dəri yığılmalıdır. Əgər sən 3 günə 10 kilo atırsansa, bədəninin suyu gedir, piyi qalır. Sağlamlığın, vitaminlər, minerallar gedir, maddələr mübadiləsi pozulur və əvəzinə daha çox kilo yığırsan.
- Səni heç kök xatırlamıram.
- İndi normadan artığam. Bir az gizlətmişəm. (Gülür) Tezliklə o çəkilərdən xilas olacam.
- Necə? Reseptini açıqla, lütfən.
- Mən əsasən “Sasi suyu”ndan istifadə edirəm. Axşamdan bir xiyarı soyub dilimləyirsən. Üstündən zəncəfil kökünü təmizləyib bir çay qaşığı alınana qədər sürtkəcdən keçirirsən, bir limonu yuyub, üstündən qaynar su töküb, nazik dilimlərlə doğrayırsan. Bir də yarım dəstə nanə əlavə edirsən. Üstünə də iki litr su. Amma qaynamamış su olsun. Marketdə butulkada satılan sulardan. Soyuducuda saxla, səhərdən başlayıb, gün ərzində o iki litrin hamısını iç. Dadlı olur. Ən azı 3-4 gün içirsən, sonra isə arada. Orqanizmi təmizləyir və arıqladır.
- Çox qəşəng, həvəslə izah elədin. Mətbəxlə aran yaxşıdır deyəsən...
- O gün xörək bişirmişəm, Suad gedib anama deyib ki, “nənə, bilirsən anam necə gözəl yemək bişirir”. (Gülür) O qədər nadir hallarda bişirərəm ki... (Gülür) Nəticəsi tez yoxa çıxan heç bir işi xoşlamıram. Bişirmək, ev təmizləmək... Amma əziyyət müqabilində qalıcı olan nə varsa, o işləri görməyi sevirəm.
- Məsələn?
- Toxumaq! Naxışlar salmaq... Uşaqlıqda yeni il ərəfəsində qızdırma içində evdə uzanmışdım. Balaca parça tapıb üzərində yolka zərlərini bir-birinə calayaraq naxışlar salmışdım. İndi də saxlayıram.
- Toxumaq çox önəmlidir. Xatırlayıram, nənəm bizə toxumağı öyrədəndə başa salırdı ki, qadınlıq buradan başlayır. Çünki toxuduqca səbr etməyi öyrənirsən. Qadın olmaq da birinci növbədə səbr etməyi öyrənməkdir.
- Düzdür! Bizə də toxumağı nənəm öyrədib. Uşaqlıqdan toxuyuram.
- Amma indi toxumuram, hesab edirəm ki, bu məni qocaldır...
Ramil:
- İdmanla məşğul olun! Kim ki, idmanla məşğul olur, heç vaxt qocalmır.
- İdman şərtdir. Mən artıq axşamlar “Facebook”da keçirdiyim vaxtı fitnes zalında keçirirəm. Bir də yuxudan tez oyanmaq lazımdır ki...
- Hə, yuxudan tez oyananda elə hiss edirəm ki, dağları aşırmışam.
Ramil:
- Mən yuxudan tez qalxanda bütün günü çox aqressiv oluram.
XOR:
- Kişi nümunəsi!
- Bilirsən, məni bu bayquş rejimi – gecə oyaq qalıb, səhər yatmaq – yorur. Hər dəfə özümə söz verirəm ki, idmana başlayacam. Piyada gəzməyi çox xoşlayıram. Elə məni saxlayan da odur. Amma yoqaya başlamaq istəyirəm. Yəqin ki, tezliklə başlayacam. Şərq fəlsəfəsi səsləyir... (Gülür) Rəhmətlik babam güləşçi idi, hər səhər qalxıb gimnastika edirdi. Ondan öyrənmişəm. Oyananda 2-3 dəqiqə də olsa əsas hərəkətləri edib, bədənimi açıram.
Söhbətimiz yekunlaşır, Ramillə həmişəki kimi, çəkiliş sonrası oxuduğumuz kitabları dəyişirik və sevimli kitablarımızdan danışmağa başlayırıq:
- Sevimli kitabıma çevrilən son kitab Remarkın “Qara abidə”si oldu. Baxmayaraq ki, hamı “Üç dost”u tərifləyir.
- Mən Remarkdan heç vaxt seçim edə bilmədim. Çünki onun ruhunu sevirəm.
- Mən də. Onun əsərləri mənə o qədər doğma gəlir ki, elə bilirəm özüm yazmışam. Elə bilirəm bizdən – bizim nəsildən söhbət gedir. Axı hardasa elə biz də itirilmiş nəsilik... Bir də Erik Emmanuel Şmitti çox oxuyuram. Ən sevdiyim müasir yazıçılardan biridir. Mən Mopassandan, Sveyqdən sonra onun kimi novella yazan görməmişəm. Hissləri o qədər mükəmməl yazır ki... Romanlarını da oxuyuram. Dili də mənə yaxındır, dünyası da.
- Yerli müəlliflərdən kimi oxuyursan?
- Bizim poeziyanı çox bəyənirəm. Özəl olaraq Məhsəti Gəncəvini və Mirzə Şəfini sevirəm.
- Müasirlərdən?
- Oxuyuram desəm, yalançı olaram. Yaşadığım müddətcə sağ ol deyəcəyim insanlardan biri ilk müəlliməmdir. 23 yaşlı rus dili müəlliməsi idi. Psixoloji mənada mənə çox şey verib. Bir də Azərbaycan dili müəllimimi minnətdarlıqla xatırlayıram. Universitetə daxil olanda ətrafımdakı rus bölməsi elə bilirdi ki, Azərbaycan bölməsini bitirmişəm. Çünki müəlliməm bizə elə şeylər öyrətmişdi ki, onu heç bəlkə Azərbaycan bölməsində oxuyanlara öyrətmirdilər.
- Müəllimlik vicdan işidir.
- Bəli! Çox vicdanlı qadın idi. Müəllimliyin ən üstün tərəfi odur ki, illər sonra kimsə səni minnətdarlıqla yada salır. Eləsi də var ki, yada da salmaq istəmirsən. Oxuduğum Dillər Universitetinin yanından üzümü çevirib keçirəm. Orada o qədər qanımı içiblər ki...
- Sənin Məhsəti Gəncəvi sevgini bilirdim, Şəfi isə mənim üçün yenilik oldu.
- Hə, Məhsətini sevirəm. Təkcə şairə kimi yox. Məhsəti Gəncəvi mənim üçün Azərbaycanda əsl qadının simvoludur. Nə ondan əvvəl, - ondan əvvəli təsəvvür etmək çətindir, - nə də ondan son
ra mənim üçün o səviyyəyə çatan qadın yoxdur. O səviyyəyə ki, həm gözəl, həm savadlı, həm də istedadlı olsun... O tək şeir yazmırdı, musiqi alətlərində çala bilirdi, söhbət etməyi bacarırdı. Sözü olan, sözünü deyə bilən qadın idi. İndi heç qadınlarda elə cəsarət yoxdur ki, onun kimi – XII əsrdə, kişilərin, özüdə adi kişilərin yox... Hətta düşünürəm ki, Məhsəti olmasaydı, heç bilinməzdi Nizami nə Nizamisi olardı. Mənim üçün Azərbaycan qadının obrazı odur.
- Bəs bu günə baxanda?
- Azərbaycanda heç kimi vurğulaya bilməzdim. Hərənin bir cəhəti var, amma bütün kompleksləri özündə cəmləşdirən qadın yoxdur. Cəmiyyətinsə o qadına ehtiyacı var.
- Olsa yetişdirərdi. O qadının yetişməsinə cəmiyyət imkan verməyib.
- Bir az hə... (Gülür) Məncə individuallığa həmişə ehtiyac var.
Ramil:
- Fərqli qadına həmişə ehtiyac var ki, fərqli cəmiyyət qurulsun.