Bəstəkar Aygün Səmədzadəni görəndə nə qədər şablon da olsa, dediyim ilk söz bu oldu:
- Nə qəşəng arıqlamısız...
- Hə, qəşəng arıqlamışam!
Məlum, qadın dediyin öz dietasını dövlət sirri kimi qoruyar. Ona görə də detallara varmayaq. Mən əlahəzrət təcrübəmi paylaşmaqda xəsislik etmirəm:
- Dietada zəncəfildən istifadə etmək daha yaxşıdır. Çünki, arıqladıqca üz dərisi təravətin itirir, sallanır. Amma zəncəfil dərini sağlam və təmiz saxlayır.
- Üzüm yadıma düşəndə bir də gördün bir həftə onunla məşğul oluram, sonra yadımdan çıxır... O barədə bir az düzgün rejimim yoxdur. Mənə elə gəlir ki, qızlara dərilərinə qulluq etməyi bir az erkən öyrətmək lazımdır ki, nə gördülər üzlərinə çəksinlər. (Gülür) Əslində indiki meyvələr onsuzda o qədər dərmanlıdır ki, onlardan maska hazırlamaq düzgün deyil.
- Ən yaxşısı güvəndiyin kosmetoluqun məhsullarıdır...
- Hə. Ən yaxşısı odur. Bir də yaxşı əsası olan kremlər.
Söhbətə telefonundakı şəkillərə baxmaqla davam edirik:
- Mən təbiət adamıyam. Bax, bu mənim həyətimdir. Bu güllərin hamısını özüm əkib-becərirəm. Bunlar da itlərimizdir... İndi evdə beş itim var. Bu balacalara bax, ovcumun içində balalayıb. Bilirsiz necə sevimlidirlər...
- Nənə olanda onlardan soyuyacaqsız?
- İnanmıram... Mən heyvanları sevirəm. Heyvan başqadır e, o adamı təmənnasız sevir. Anam həmişə deyirdi ki, sən heyvanları ona görə sevirsən ki, dilləri yoxdur, sənə etiraz etmirlər, səninlə mübahisə etmirlər... Bir vaxtlar televiziyada tez-tez mənim mahnılarımı verirdilər. O vaxtlar da televizorların enli vaxtı idi. Bir pişiyim var idi, nə vaxt ki, çıxıb televizorun üstündə otururdu, deyirdim televizoru yandırın, mənim mahnım səslənir. Həmişə də haqlı olurdum, açırdılar ki, mahnım səslənir... Pişiklərin nəsə qeyri adi, mistik bir gücü var. Onların bizim görmədiklərimizi, hətta ruhları da gördüklərinə inanıram. Mən inanıram belə şeylərə, ümumiyyətlə, heyvanlara daha çox inanıram. İndi atamla əmim pişiklərimi evdən uzaqlaşdırıblar...
- Kişi üçün itdən, qadın üçün pişikdən ayrılmaq çətin olur...
- Hə, çətin oldu. Çətin deyəndə ki... harada olduqlarını bilmirəm. Bu haqda çox danışmayaq, bir də gördüz ağladım. Onları evdən apardılar. Neçə vaxt əmimdən, atamdan incik oldum. Dedim heç olmasa yerini deyin, onlar da dedilər “etibarlı əllərdədirlər...”
Yaradıcı insan üçün həyatında baş verən hər bir hadisə fürsətdir. Yaratmaq fürsəti:
- Bu ayrılıq yaradıcılığa təsir etdi?
- Yox. Onlar daha çox əhval-ruhiyyəmə təsir göstərirlər. Evə gələndə səni tamam başqa bir sevinclə qarşılayırlar. Kim ki evdə heyvan saxlayır bilir ki, onların evə gəlişinə heyvanlar qədər sevinən olmur. Kimsə sənə xoşgəldin deyə bilər, gülə-gülə salamlayar, amma heç kim gəlişinə o köməksiz məxluqlar qədər ürəkdən sevinmir...
- Siz pianoda çalanda nə edirlər?
- Yox, o otağa girmirlər. Ümumiyyətlə, evdə mənim royalımın ayrıca bir nüfuzu var. Heç imkan yaratmıram ki, kimsə əlində bir şey gətirib royalımın üzərinə qoysun. Tək evdə yox, elə konservatoriyada da. Bir tələbə əlindəki çantasını, ya dəftərini royalın üstünə qoysa həmən etirazımı bildirirəm. Axı bu bizim dostumuzdur. Hər bir mənada dostumuzdur. Dostla belə davranmazlar.
Dost demişkən, dostlarla davam edirik:
- Ətrafımda çox az adam var. İstəsəm çox olar, amma istəmirəm kimsə içimə çox yaxın gəlsin. Daxilimə çox az adamı buraxıram. Mənimlə özünü həddindən artıq arxayın, ərklə aparan adamları sevmirəm. Buna konkret beş-altı adama icazə vermişəm. O adamlara ki, özüm də onlara ərk edirəm. Evdə qonaq qəbul etməyi sevirəm, amma gündəlik qonaq yox, ad günü kimi məclisləri sevirəm. Şəhərdən kənarda yaşayıram, şəhərdən də kənarda yaşayan, bağı-bağçası olan insanlar da axı o birilərin yadına ancaq yayda düşür... (Gülür)
- Nə əcəb şəhərə gəlmirsiz?
- Şəhərdə evim var, amma kənddə özümü daha rahat hiss edirəm. Artıq səkkiz ildir kənddə yaşayıram. Şəhərdə bir neçə saat artıq qalan kimi evə getmək istəyirəm. İstəyirəm ayağım torpağa toxunsun. Biz əslən bakılıyıq, atam Buzovnadan, anam isə Bilgəhdən. Özüm şəhərdə anadan olmuşam. Amma nə qədər mahnılarım varsa, hamısı oraların xatirələridir. Ora çatanda başqa cür nəfəs alıram, özümü çox rahat hiss edirəm. Şəhərdə yığılan bütün yorğunluğumu kənddə çıxardıram. Dənizin sahilindəki ayaqyalın dayanırsan, ləpələr bütün mənfi enerjini yuyub aparır...
- Təbiət adamısız...
- Hə, torpaq adamıyam.
- İt, pişik, ağac, dəniz, gül...
- Güllərin hamısını özüm əkmişəm. Həyətə girəndə hər tərəf güldür. Çox adam o gülləri budayır, mən yox. İstəyirəm nə qədər bacarır böyüsün, düzdür, bəlkə də bir az həyatını qısaldıram, amma təbiətə sərbəstlik verirəm. Həyətə girəndə elə bil rəngbərəng tarladır...
- Tam yaradıcı mühit...
- Hə, çox... Amma indi həyətdə ustalar işləyir. Heç də yaradıcı mühit deyil... Amma ustalar gedəndən sonra yaxşı olur. O narahatlıqdan, səs-küydən sonra yaxşı mahnılar yazıram. (Gülür)
- Maraqlıdır, təmir səsləri ruhu tərpədir?
- Səbəbini bilmirəm.
Təsəvvür edə bilmirəm ki, məsələn, “Tut ağacı”nın yazılmasında ustaların “köməyi olub”... O mənim ruhumun mahnısıdır. Uşaqlığımdan mənə heç nə qalmayıb. Amma o mahnıda itirdiyim hər şey var... Müharibə uşağı olmaq belədir... İndi deyib güldüyümüz söhbətin ortasına bədliyimi tökməmək üçün susuram, amma mən o ustaların əlindən öpərəm...
- Konkret deməyəcəm hansı mahnı, amma ən məşhur mahnılarımdan biri elə yaranıb. Təmir səsləri elə bil beynimi silkələyirdi... Axırda o səs ürəyimdə oturan mahnını silkələyib ordan çıxartdı. (Gülür)
- Bu qədər pozitiv, deyib-gülən bir qadının mahnıları çox ağrılıdır...
- Ağrını mahnılarıma verirəm, özüm deyib gülürəm... (Gülür) İçimdə iki mən var. Birincisi, hər adamla şən olmaq olmur. İkincisi də baxır əhvala. Bu gün əhvalım yaxşıdır.
Ailədən, uşaqlardan danışırıq. Yazılmayacaq çox şeydən danışıb gəlib çatırıb valideynlərə:
- Ziyad Səmədzadədən danışaq.
- Danışaq.
- Bizdə qəbul olunan bir qız atası obrazı var ki, Ziyad müəllimdə o yoxdur. Fikirləşirsən ki, bu adam həddindən artıq mülayim siması ilə qızına necə acıqlanıb?
- Atam heç vaxt acıqlanmır ki... Acıqlana bilmir. Ümumiyyətlə, atam konflikt sevməyən insandır. Əgər mən bu günə kimi sənətlə bağlı bir çox məsələlərdə susuram, müəyyən problemlərə münasibət bildirmirəmsə ancaq atama görə. Yalnız onun xətrinə. Bilirəm ki, danışsam da acıqlanmaz, amma onu da bilirəm ki, bu adam konflikti sevmir. Həmişə hər yerdə sakitlik istəyir. Hətta mən uşaqlarıma acıqlananda da tez gəlir deyir ki, “olmaz”, “sakit”.
- Qadağalar necə, var idi?
- Atam bizə heç vaxt, heç bir şeyə qadağa qoymayıb. Ona görə mən də uşaqlarıma heç vaxt qadağa qoymamışam. Hər yerə getmişik, gəlmişik... Mən Bülbül adına musiqi məktəbində oxumuşam. Orda da ki, dövrünə görə çox sərbəstlik olub. Bizə heç vaxt “Bu hərəkəti etmə” deyilməyib. Qadağa olmayan yerdə insan daha düzgün böyüyür. İçində “gedim o qadağanı pozum” istəyi olmur. Ekskursiyadan tutmuş diskotekaya qədər hara getmək lazımdır, icazə verilib... Yadımdadır, o vaxtı bulvarda birinci diskoteka açılmışdı, DJ-də rəhmətlik Çingiz Mustafayev idi, ora da getmişdik...
- Kim kim getdiz?
- Məktəb uşaqları ilə. Yuxarı sinif idik. Mən oynamağı çox sevirəm. (Gülür) Bilirəm, elə siz də sevirsiz...
- Oynamaq dediz, yadıma toy düşdü... Toyunuzdan danışaq?
- Danışaq. Ötən əsrin çoxdanıncı illəri idi... (Gülür)
- Yenə Ziyad müəllimi soruşacam. Sizi evdən necə yola saldı? Bütün atalar kimi kövrəldi?
- Ağladı... Gəlin köçəndə mən də ağladım, atam da. Amma anam ağlamamışdı. Qaynanam da ağlamışdı. “Vağzalı” çox sehrli musiqidir, indi də hardasa çalınsa gözüm yaşarır. Hər bir ata qızını yola salanda mütləq gözündən yaş gəlir, mənim də atam onlardan biri. Hərdən bir gözdən yaş gəlməlidir. Özünü möhkəm saxlayıb göz yaşını boğmaq zərərlidir. Bu axırda xəstəliyə çevrilər.
- Baba olanda da ağlamışdı?
- Yox, onda çox sevinmişdi.
Beləcə söhbət uşaqlardan düşür:
- Uşaqlarım – Mir Cəfər və Ülkər seyid nəslindəndir. Mən də həmişə seyidlərə qulluq etmişəm. Ona görə də hardasa özümü savab iş görən adam hesab edirəm.
- Heç cəddlərindən qorxduğunuz olub?
- Ümumiyyətlə, mən uşağı cəzalandıran, döyən deyiləm. Amma bir dəfə istədim guya tənbeh edəm, yüngülcə vurdum... Əlim çox pis ağrıdı...
- Uşaqlar da pianoda çalır?
- Yox. Musiqi məktəbinə gediblər, amma... Mən də bir çox musiqiçilər kimi yanımda yanlış notlar eşidəndə çox əsəbləşirdim, ona görə də onlarla çox məşğul ola bilmədim. Amma musiqi nəzəriyyəsini çox gözəl bilirlər. Cərəyanları, istiqamətləri, bir sözlə, məni tənqid edə bilirlər.
- Tənqidlərini qəbul edirsiz?
- Əlbəttə! Onlar daha müasirdirlər. Uşaqlarım məni müasir dövrə bağlayan insanlardır. Mənim öz öhdəmə düşsə elə keçmişdə oturaram. Hərdən evdə mənə deyirlər ki, sən gedib hansısa ucqar bir kənddə telefonsuz, televizorsuz, internetsiz çox rahat yaşayarsan. Amma bir az da müasirliklə ayaqlaşmaq lazımdır...
- Yetərincə ayaqlaşırmışsız kimi görünür...
- Görünüşdə ola bilər... Geyimdə rəngarəngliyi sevirəm. Sizin geyimləri çox bəyənirəm. Fikir vermişən, pastel rənglərini sevirsiz. Mən “pastel” rənglərində özümü fağır hiss edirəm. Elə bil ki, xarakterimi parlaq rənglər əks etdirir. Ən çox ağı sevirəm. Ağ, yaşıl, qırmızı, bir də firuzə...
- Səhnədə isə ən çox tünd geyinirsiz...
- Baxır də... Əksər qara paltarlarımı atmışam. Əslində qaranı sevirəm, gecə qiyafətləri üçün qəşəngdir. Amma bir qonaqlığa gedirsən, elə bilirsən qarğalar toplaşıb. Bəlkə insanlar bir az açıq rəng geyinsə həyatları da, fikirləri də açılar. Yaradıcı insanlarda belə hal olur, istəyirsən rəngləri görəsən...
- Hərdən içindən əlinə bir qutu boya alıb insanları həyat rəngləri ilə boyamaq keçir...
- Hə, istəyirsən fırça götürüb insanları boyayasan. Amma əsas anam rəhmətə gedəndən sonra qaradan imtina eləməyə başladım. Elə bil ki, o qara paltarlar mənə o yas mərasimini, kədəri, onun yoxluğunu xatırlatdı... Axı adam istəyir ki, olub keçənlər yadında yaxşı şəkildə qalsın...
- Bunu hamı istəmir. Ancaq böyük adamlar olub keçənlərin yaxşıları ilə yaşamaq istəyir...
- Hə, insan var ki, dərd çəkmək istəyir. Tanıyıram elə adamları... O gün bilirsən nəyi oxudum? Söndür diktofonu, bir əməlli başlı danışaq...
...və əsl “Qız-Qıza” başladı. Bu həyat dolu qadınla həyatın bütün işləklərindən danışdıq. Ayrılanda tək narazılığımız o idi ki, gülməkdən göz ətrafımızda qırışlar artmışdı... Olsun...