Faydasını bilmədiyimiz göyərtilər –  Onlardan necə istifadə edək?
02 mart 2021 19:34 (UTC +04:00)

Faydasını bilmədiyimiz göyərtilər – Onlardan necə istifadə edək?

Göyərtilər süfrəmizin ayrılmaz hissəsidir. Çeşid zənginliyinə görə də mətbəximizdə özünəməxsus yer tutur. Göyərtilər xörəklərə dad və ləzzət verməklə yanaşı, xoş ətri ilə iştahı artırır, orqanizmə qəbul olunan qidanın yaxşı həzm olunmasını və tez mənimsənilməsini təmin edir.

Azərbaycanın Qida Təhlükəsizlik Agentliyindən Lent.az-a verilən məlumata görə, akterisid xüsusiyyətə malik olan göyərti müalicəvi xüsusiyyətinə görə də orqanizmin sağlamlığında, immun sistemin möhkəmlənməsində mühüm rol oynayır.

Cəfəri

Cəfəri özünəməxsus dadı və ətri ilə fərqlənir. Cəfəri C vitamini ilə olduqca zəngindir. Bu səbəbdən immun sistemin möhkəmlənməsinə müsbət təsir edir. Zökəm zamanı da limon əvəzinə istifadə oluna bilər. Cəfəri antioksidant təsirə malikdir, eləcə də qandurulducudur. Tərkibindəki bir çox faydalı maddələr var. Bu maddələr həzm sistemini yaxşılaşdırır. Cəfəri təzə halda müxtəlif yemək və salatların hazırlanmasında, eləcə də konserv sənayesində geniş istifadə olunur.

Kərəviz

Kərəviz kalium, fosfor, kalsium, maqnium elementləri və A, E, B, K və C vitaminləri ilə zəngindir. Kərəviz iştahanı artırır, həzm prosesini yaxşılaşdırır, immun sistemini gücləndirir. Bir sözlə, zəngin tərkibi ilə bir çox xəstəliklərə qarşı ən yaxşı müdafiə vasitəsidir. Kərəvizin yarpaqlarından bir çox xörəklərin, salatların hazırlanmasında geniş istifadə olunur.

Yaşıl soğan

Yaşıl soğan çox asan yetişdirilə bilir. Tərkibi A, C və E vitaminləri ilə zəngindir. Müalicəvi xüsusiyyətinə görə geniş istifadə olunan yaşıl soğan avitaminoz və zökəmlə mübarizədə, eləcə də diş, saç və dırnaqların möhkəmlənməsində olduqca faydalıdır.  

Keşniş

Keşniş gündəlik qidalanmada geniş istifadə olunur. Tərkibi efir yağları, A, В, C, Е, K, PP vitaminləri və mikroelementlərlə zəngindir. Keşniş həzm prosesini yaxşılaşdırır, iştahı artırır. Özünəməxsus xüsusiyyətlərindən biri də sinir sisteminə sakitləşdirici təsir göstərməsidir. Lakin həddən artıq qəbul etdikdə keşniş yuxugətirici təsir göstərir, yaddaşı zəiflədir. Təzə keşnişdən müxtəlif xörəklərin və salatların hazırlanmasında geniş istifadə olunur. Keşnişin toxumları isə konserv sənayesində, eləcə də qənnadı məmulatlarının hazırlanmasında ədviyyat kimi işlədilir.

Nanə

Nanə çox qiymətli bitkidir. Tərkibi A, C, B9 vitaminləri, kalium, dəmir, kalsium, maqnezium, mis, natrium, sink, fosfor elementləri və efir yağları ilə zəngindir. Orqanizmə sakitləşdirici təsir göstərir, mədə ağrılarını aradan qaldırır. Nanənin xoş ətirli olmasının səbəbi tərkibindəki mentoldur. Nanə təzə halda müxtəlif xörəklərin, salatların hazırlanmasında geniş istifadə edilir. Qurudulmuş nanə isə ədviyyat kimi xörəklərə xoş ətir verir və faydalı maddələrlə zənginləşdirir.

Reyhan

Reyhan kalsium, dəmir, A, PP, C, K vitaminləri ilə zəngindir. Tərkibindəki kamfen, evgenol və sineol efir yağları C vitamini ilə vəhdət təşkil etdiyindən reyhan güclü antibiotik xüsusiyyətə malikdir. Orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, eləcə də avitaminoz, yuxusuzluq zamanı olduqca faydalıdır. Onu çeynəmək ağız qoxusunu, iyləmək isə başağrısını aparır. Azərbaycanda ağ, çəhrayı və açıq bənövşəyi rəngli reyhan geniş yayılıb. Ətirli reyhan təzə halda istifadə olunmaqla yanaşı, konserv sənayesində də işlədilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6066
avatar

Nigar Adil

Oxşar yazılar