Yeməkdən sonra süfrəyə gətirilən şirniyyatın yeri başqadır. Süd və meyvələrlə hazırlanan şirniyyatlardan kim uzaq dura bilər ki?
Soyuq şəkildə yeyilən südlü desertlərə isti havalarda üstünlük verilir, meyvəli şirniyyat isə hər mövsümdə yeyilir.
Təbii ki, meyvələr mövsümə görə dəyişir. Payız və qışda heyva, alma, armud və balqabaq, yaz və yayda isə şaftalı, ərik, əncir və onlarla meyvədən istifadə olunur.
Lent.az sizə Türkiyə mediasına istinadən bu ölkədə sevilərək yeyilən “ayva tatlısı", yəni heyva şirniyyatı təqdim edir:
Heyva şirniyyatı üçün bizə nələr lazımdır?
3 heyva,
Yarm kasa şəkər,
1 darçın çubuğu,
5 ədəd mixək,
1 limon,
1 stəkan yarım su,
3 qaşıq qaymaq və ya xama
İndi isə “ayva tatlısı”, yəni heyva şirniyyatını hazırlayaq. Əvvəlcə dərin bir qaba su doldurun və içərisinə limon sıxın. Heyvaları ikiyə bölərək soyun və tumlarını çıxarın. Tumları ayrı yerdə toplayın, bişirərkən şirniyyata rəng verməsi üçün istifadə edirik.
Heyvaları soyduqca limonlu suya salıb saxlayın. Hamısı hazır olanda orta hissələr üstdə qalacaq şəkildə qazana yığın. Darçın, qərənfil və heyva toxumlarının hamısını heyvanın üzərinə əlavə edin. Sonra şəkəri hər birinin üzərinə bərabər şəkildə tökün.
Qazana suyu tökdükdən sonra qapağını örtün. Orta atəşdə 1 saat qaynadın. Sonra bişən heyva dilimlərini nimçələrə düzün, soyusun. Soyuyan heyvaların hər birinin üzərinə bişdiyi sudan tökün, sonra qaymaq və ya xamanı əlavə edin. Artıq yeyə bilərsiniz.
Nuş olsun.