Nəsiminin “Facebook” da çox görünməyinə baxmayın, əslində məşğul adamdır. Bir aydan çoxdur müsahibə üçün dilə tutsam da, hər dəfə bir iş çıxır, müsahibə ertələnirdi. Nəhayət, imkan tapıb masa arxasında əyləşə bildik. Söhbətə dad qatmaq üçün masaya 5-6 mandarin də qoydum.
Əvvələ, ilk dərs gününə qayıdırıq. Məktəbə 1981-ci ildə gedib. Bakının 54 saylı orta məktəbinə.
- Atamla anam çox istəyirdi, mən şəhər məktəbində oxuyum. Ona gör də Saray kəndində yox, məktəbə Bakıda getdim. Nənəmgildə qalırdım. Valideynlərim Bakının Saray kəndində yaşayırdı. Sonra başladım ağlamağa ki, öz kəndimizdə oxumaq istəyirəm. O qədər ağladım ki, atamla anam məcbur oldular ordan çıxarıb gətirdilər kəndə. İkinci sinifdən Saray 1 saylı kənd orta məktəbində oxumağa başladım. Ordan da məzun oldum.
O vaxt dərslər sentyabrın biri başlayardı. Həkim gün Nəsimiylə müəlliməsi arasında maraqlı bir dialoq olub. Müəllim soruşur:
- Adın nədi?
- Nəsimi.
- Familiyan, atanın adı nədi?
-...
Sonuncu sual balaca Nəsimini hövsələdən çıxarır.
- Adımı soruşdu, dedim. Sonra gördüm uzadır, familiya, atanın adı... Valideynlərimi adıyla çağırırdım. Əlimdəki çantamla anama bir dənə vurdum, “Ruqiyyə, mən bu sinifdə oxumuram!”, dedim. Çıxdıq getdik. Bir-iki gündən sonra gətirdilər məni ayrı sinfə qoydular. Orda oxudum.
- Orda familiyanızı soruşan olmadı?
-(Gülür) Orda ümumiyyətlə, məndən heç kim heç nə soruşmadı.
- Necə müəllimə idi?
- Yaxşı. Naibə müəllimənin sifətindən nur yağırdı. İndi bilmirəm, sağdı, ya yox. Bizim vaxtımızda son zəng günü birincilər on birincilərə gül dəstəsi verərdilər, məzunlar da birincilərə hədiyyə. Mənə verilən gülü müəllimlərin arasında Naibə müəlliməni tapıb ona verdim. Öpdüm, qucaqladım. O da ağladı.
- Nəsimi Nəbizadə necə şagird olub?
- Qiymətlərim yaxşı olub. Maraqlısı odur ki, evdə əlimə kitab alıb saatlarla oxumamışam. Müəllim sinifdə nə danışırdı, səhər gedib “obratnı” danışırdım özünə. Xəttim çox qəşəng idi. Muncuq kimi düzürdüm. Səliqəli adamam həyatda. Xətti yaxşı olan adamlar səliqəli olurlar. Sinfimizin divar qəzetinin redaktoru idim. Başqa siniflərdən də gəlib xahiş edirdilər ki, filan köşəni sən yaz. Hətta bəzi müəllimlər jurnalı da mənə yazdırırdılar.
- Hələ də muncuq düzürsən?
- Amma sonra pozuldu. Türkiyədə oxudum. Sovet vaxtında biz kiril əlifbasıyla yazırdıq. İndi əllə bir şey yazanda baxıram ki, yarı latın, ya kiril əlifbasıyla yazmışam.
- İlk parta yoldaşın yadındadı?
- İlk parta yoldaşım yadıma gəlmir. Amma...
Deyir və bayaqdan bəri əlində saxladığı soyulmuş mandarindən bir dilim ağzına qoyur.
- Ağlım kəsəndən bir qız vardı. Xoşum gəlirdi ondan. Özüm gedib oturmuşdum onun yanında. Qəşəng qız idi. İndi ailəlidi, uşağı var. Amma o vaxt belə deyildi. O vaxt hər şey başqa cür idi.
Söhbət sevgidən gedir. Məktəb illərindəki sevgidən.
- Hər il yay tətilinə gedəndə oğlanlarla söz verirdik ki, sentyabrın birində gələndə hərə öz sevdiyi qıza deyəcək, mən səni sevirəm! Sentyabrın biri gəlirdi, heç birimizin “dux”u çatmırdı deməyə (gülür).
- Sevdiyim fənlər?
- Yaxşı müəllimlər də, yaxşı həkimlər də adətən əyalətlərdə olurlar. Sovet vaxtında da belə olub, məncə indi də belədi. Bizim də yaxşı müəllimlərimiz vardı. Riyaziyyatı mən çox yaxşı bilirdim. Cəbr və həndəsədən iki dəfə Abşeron rayonu üzrə olimpiadanın qalibi olmuşam. Tərifnamələrim hələ də evdə durur. Tarixi, coğrafiyanı çox yaxşı oxuyurdum. Bir də rus dilini. Oğlanlar rus dilini qızlardan yaxşı oxuyurdu.
- Əsgərliyə görə?
- Hə. Çünki o sovet vaxtıydı. Biz fikirləşirdik ki, əsgərliyə gedəcəyik, sovet ordusunda xidmət edəcəyik və orda qoyun olmamaqdan ötrü ən azı “na levo, na prava”nı bilmək lazımdır. Biz fikirləşmirdik ki, sovet dağılacaq. Məcbur idik yaxşı oxuyaq. Ümumiyyətlə, sovet təhsili möhtəşəm idi. Kasıbın balası da varlının balası kimi gəlib otururdu məktəbdə. Sinfimizdə bacı-qardaş vardı. Kasıb idilər. O vaxt Maarif Nazirliyi idi. Hər il Abşeron Maarif İdarəsindən gəlib məktəbdəki imkansız ailələrin uşaqları ilə maraqlanırdılar. Məktəbli forması, kitab-dəftərlə təmin edirdilər. Mənim yadımdadı, o bacı-qardaş hər dəfə ağlayırdılar ki, istəmirik. O vaxtın insanları qürurlu idi. Sovet təhsil sistemini indiki ilə müqayisə eləməyə belə dəyməz.
- Sevmədiyim müəllimin vardı?
- Yoo. Erməni müəllimim belə vardı. Terpaqosova Seda. Rus dilini tədris edirdi. Qəribə olsa da, o bizi çox istəyirdi. Yaxşı da müəllim idi. Sovet vaxtında ayrı seçkilik yoxuydu axı?! Səksənlərin axırı hadisələr başlayan zaman onun ağlamağı yadımdadı. Gəldi, sinfə, ağladı və getdi. Ondan sonra biz onu görmədik. Sevmədiyim fənn kimya olub. Anam da kimya müəllimi olub.
- Kimya müəllimi anan olduğu üçün sevmirdin kimyanı?
- Yooo, anam heç işləməyib ki? Atam qoymurdu. Kimya, fizika, biologiya. Xoşum gəlmirdi.
- Məktəb illərindən dostun var?
- Çoxdular. Biz sinif yoldaşlarımızla daim görüşürük. Qızlar ərə gediblər. Elə öz məhləmizdəki oğlanlara. Bir-biriylə evlənən sinif yoldaşlarım da var. Qızın da adı Azru idi, oğlanın da. Uşaqları da var. Amma uşaqlarının adı Arzu deyil (gülür).
Oğlanlarla görüşəndə məktəb illərindən xatirələri, dəcəlliklərimi yada salıb gülürük.
- Ən çox hansını xatırlayırsınız?
- Yeganə sinif idik ki, həm Nəsimi vardı, həm də İmadəddin. İlhamla İmadəddin əmioğlu idilər, bir partada otururdular. Hər ikisi çox pis oxuyurdular. “İki”yə də layiq deyildilər. Bir gün müəllim girdi sinfə, lövhəyə “İmadəddin” yazdı. Dedi, İmadəddin dur ayağa, lövhədə yazılanı oxu: “Əgər oxusan, sənə “üç” verəcəm!” İmadəddin durdu ayağa, lövhəyə baxdı-baxdı. Hərf tanımır axı, oxuya bilmir. Güc-bəlayla “İ” hərfini oxudu. Əmisi oğlunun da adı İlhamdı axı. Baxdı, baxdı, birdən qışqırdı: “Hmmm, İlhaaam!”
- Dalaşmısan?
- O qədər! Qızların üstündə dalaşardıq. Bir-birimizlə də, başqa sinfin oğlanları ilə də. Ağzımızı-gözümüzü vurub dağıtmışıq ki, niyə mən sevdiyim qızı sevirsən? Bir də futbolun üstündə. Yaxşı futbol oynayardıq. Biri elə mənim adaşım. Həsənov. İndi bu Messi var e?! Adaşım Nəsimi davam eləsiydi indi Messidən yaxşı oynayırdı. Biz məktəbi bitirən il müharibə vaxtına düşdü. Çətin dövr idi. Davam etmədi. İndi kafe işlədir.
- Dərsdən qaçmısan?
- Həəə. Özü də qızlarla birgə. Hind kinosuna baxmağa gedirdik. Sinfimiz dərsdən qaçan kimi bilirdilər ki, klubdayıq. Sarayın qəşəng klubu vardı. Gedirdik ki, nəinki bizim sinif, məktəb orda olardı. “İskra” kinosu vardı. İki dost olurlar. Körpünün üstündə birini vururlar. Həmin yerinə çatanda qızlar ağlayırdılar. Bir də görürdük seansın ortasında işıqlar yandı, sinif rəhbərimiz direktorla gəlib girib içəri. Uşaqları qabaqlarına salıb gətirirdilər məktəbə.
- Dərsdən sonra seans yox idi ki, hamı dərs vaxtı gedirdi?
- Varıydı. Sadəcə dərsdən sonra kimiydi icazə verən? Dərsdən çıxdın, düz evə getməliydin. İstər oğlan olsun, istər qız.
- Döyülmüsən?
- Döyülmək deməyək, amma müəllim vurub. O da aşağı sinifdə. İndikilərə baxma, cılızlaşıblar. Üzlərində tük də gec çıxır. Bizim yuxarı siniflərdə artıq bığımız - saqqalımız çıxmışdı. Müəllimlər utanırdılar bizə nəsə deməyə.
- Həyatında iz qoyan müəllim olub?
- Birinci sinif uşağı heyvan kimi olur. İbtidai sinif müəllimi əhilləşdirir, adam edir. Ağlı kəsəndən sonra elm öyrənir. Elə müəllimlər də var ki, elm öyrətməkdən başqa həyatı da başa salır sənə.
- Son zəng...
- “Son zəng”ə yatıb qalmışdım. Bir də gördüm ki, qışqırıq götürüb aləmi. Biri o hasardan başını çıxarıb, digəri o birindən. Gəldik Bakıya. İndi qril hər yerdə satılır. O vaxt ilk dəfə qrili son zəngdə yemişdim. Bulvarda balaca yer vardı. Orda qril verirdilər. Gördük, toyuq fırlanır. Maraqlı gəldi. Oturub yedik. Son zəngə görə əvvəlcədən pul da yığmışdıq. Qızları qonaq elədik.
- Son zənginiz müharibə dövrünə düşüb.
- Hə, çətin illər idi. Sinif yoldaşlarımdan müharibəyə gedənlər də oldu. Məlik müəllimin oğlu Vüqar Gədəbəydə, Mutudərədə gedən döyüşlərdə itkin düşdü.
Dərindən köks ötürüb.
- Sonra bir neçə nəfər şəhid oldu.
Müsahibə bitdi. Diktofonu söndürmək istəyərkən:
- Lalə Məmmədovanın “Məktəb illəri”ni oxuyanda həmişə kövrəlirəm...