<b>"Bizim vaxtımızda qızlarla oğlanlar eşq yaşamırdı" </b>- <span style="color:red;">MƏKTƏB İLLƏRİ
14 aprel 2015 16:06 (UTC +04:00)

"Bizim vaxtımızda qızlarla oğlanlar eşq yaşamırdı" - MƏKTƏB İLLƏRİ

- Məktəbə neçənci ildə getmisiniz?

 

- Siz deyəsən mənim yaşımı hesablamaq istəyirsiniz?!

 

 

Gülürük. Yəqin bəlli oldu, müsahibimiz qadındır. Gözəl və səmimi. Həm işində və həm də şəxsi həyatında uğur qazanmış gözəl qadın. Sualı sualla cavablayan müsahibimiz məşhur tele-aparıcı, “125-lər” siyasi klubunun sədri İlhamiyyə Rzadır. İxtisasca filoloqdur. Amma bu gün nə filologiyadan danışacağıq, nə jurnalistikadan. Siyasətdən heç söz açmayacağıq. Söhbət məktəb illərindən gedəcək. Dərslərindən daim əla qiymətlər almış, əlaçı İlhamiyyədən.

 

 

1974-cü ildə birinci sinfə gedib. Bakının Nəsimi rayonunda yerləşən 42 saylı orta məktəbə. İlk dərs günün belə xatırlayır.

 

 

- Məktəbin qarşısı qələbəlik idi. Uşaqların əlində gül dəstələri, qızların da başı bantı. Bizi qarşılayan müəllimənin adı yadımdan çıxsa da, üzü bugünkü günə qədər yadımdadır. Rus idi. “Zavuç” işləyirdi. Biz yuxarı sinifdə oxuyanda işdən çıxdı. İlk dərs günüm təsəvvürümdə möhürlənib, unutmağım mümkün deyil. Hə, bir də Sevincin bantı. O vaxtlar indiki saç sancaqları yox idi. Sadə ağ bant idi. Qeyri-adi qaydada bağlanmışdı. Böyük qotaza oxşayırdı. Deyə bilmərəm ki, xoşladım və istəyərdim elə bantım olsun. Amma məni heyran eləmişdi. Ona görə də gözümün qabağındadı o bant. Bir az həyəcanlıydım ki, anam məni məktəbdə qoyub gedəcək.

 

- Ağlamadınız?

 

- Qətiyyən. Uşaqlıqdan ağlamağı sevmirəm. Hər halda qorxudan, həyəcandan ağlamıram.

 

- Sevinc kimdi?

 

- Sinif yoldaşım, orta məktəb rəfiqəm. On ildən artıqdır köçüb Almaniyaya. Məktəb illərindən dostluğumuz var. Sonra İradə də var. Hal-hazırda AzTv-də işləyir. Məktəb rəfiqəliyi bir ayrı cürdür. Rəfiqələrim var. Çox deməzdim. Amma kifayət qədərdir. Hər biri də müəyyən dövrlə bağlıdır. Bəzən elə olub ki, həyatın müəyyən kəsiyində rəfiqəlik etdiyin kəslərlə yollarımız ayrılıb. Təəssüf ki, zamanla ünsiyyətimiz də azalıb. Yenə də xoş münasibət var, onlar mənim sevdiyim insanlardır. Mütəmadi münasibətimiz olmadığından daha bunu dostluq hesab eləmək olmaz. Orta məktəbdən dostluq elədiyimiz insanlarla bir ailə üzvü kimi olursan. Bir-birimizin qohumlarına kimi tanıyırıq, xeyrinə-şərinə yarayırıq.

 

-Sevinc həm də parta yoldaşınız olub?

 

-Son illər, hə. Ona qədər müxtəlif insanlarla oturardım. Amma onlar epizodik bir şey olduğundan xatırlamıram. Yuxarı sinifdə artıq özümüz seçirdik parta yoldaşımızı. Əsasən Sevinclə oturardım. Bəzən də görürdün ki, sinifdə mənə simpatiyası olan oğlanlar gəlib oturardılar yanımda. Yuxarı sinifdə insan başlayır öz mühitini qurmağa. Sözü tutan, ona yaxın olan adamları ətrafına toplamağa.

 

 

Yuxarıda da dediyimiz kimi İlhamiyyə xanım filoloqdur. Təbii olaraq məktəb illərində sevdiyi fənlər, başda ədəbiyyat olmaqla, humanitar fənlər olub. Amma bu o demək deyil ki, dəqiq elmləri oxumayıb. Rəsmxətti hələ də anlamadığını, həndəsəni ta o vaxtdan sevməsə də, bütün fənlərdən qiyməti əla olub.

 

- Azərbaycan dili, ədəbiyyat, ingilis dili, rus dili, tarix. Bu fənləri çox sevmişəm. Elə buna görə də, universitetin filologiya fakültəsinə də daxil oldum. Onun adını çəkməsəm olmaz. Elman müəllim, ədəbiyyat müəllimimiz. Allah rəhmət eləsin ona. Sözün əsl mənasında ədəbiyyatı, Azərbaycan dilini bizə sevdirirdi. Söhbət tək bilikdən getmir. Əsas o sevgini, münasibəti formalaşdırmaqdır. Və bu çox çətindir. Elman müəllim belə insan idi. Azərbaycan ədəbiyyatında elə bir ədib, publisist yoxuydu ki, biz məktəbdə onun yubileyi keçirməyək. Yazıçı sağıydısa özünü, vəfat edibsə, yaxınlarını məktəbə dəvət edərdik. Tamaşalara gedirdik, özümüz tamaşalar qoyardıq. Həmin dövrdə elə tamaşa yoxuydu ki, onun premyerasında biz olmayaq. Elə gözəl mühit yaradırdıq ki... Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini sevməyə bilməzdik. Bu yeniyetməlik dövründə ilk məhəbbət kimi bir şeydi. Gördün, bəyəndin və sevdin! O, sənin bir hissənə çevrilir. Səni formalaşdıran bir hissənə. Mənim formalaşmağımda “tikinti” materialı kimi bax, bu faktorlar durur.

 

 

 

- Jurnalist kimi yetişməyinizdə Elman müəllimin rolu böyük olub.

 

 

- Elədi. Məktəbin divar qəzetində də məqalələr yazırdım. Düzdü, mütəmadi olmurdu. Bir- iki dəfə olub. Yadıma gəlir, “Bal arısı” imzasıyla tənqidi yaz yazmışdım. Sancmışdım orda. Özümü bal arısı hesab edirdim. Hesab edirdim ki, mən ilan kimi sanca bilmərəm. Mənim sancmağımın da bir faydası olmalıdır.

 

- “Bal arısı”. Maraqlı ad seçmişsiniz. Kimləri tənqid etmişdiniz?

 

- Uşaqları. Partanın üstünü yazan sinif yoldaşlarımı. Hətta müqayisə də eləmişdim ki, yəqin Qədim Türk Abidələrindən təsirləniblər. Müəllimləri tənqid etməmişdim. Sözün açığı onlardan çox razıydıq, onları sevirdik.

 

- İndi də Elman müəllimlər varmı?

 

 

- Elə insanlar var. Amma onlar məktəblərdə deyillər. Onlar bir parça çörək arxasında, Hadı müəllimin məlum “tövsiyələri”nə öncədən əməl edərək, bu gün məktəbdə yox, başqa yerdədirlər. Çox insan görmüşəm ki, onların uşaqlarla ünsiyyəti elə gözəl alınır... Məsələn, mən heç vaxt pedaqoq - müəllim olmaq istəməmişəm. Düzdür, indi təlimlər keçirəm. Amma bu öyrətmək deyil, peşə təcrübəmi paylaşıram, kiminsə yolunu asanlaşdırıram. Təcrübə mübadiləsi edirəm. Fitrətən müəllim olanlara tanrı kimi baxıram. Çünki bəzən adi bir şeyi oğluma başa sala bilmirəm. Özümdən asılı olmadan, uşaqlarla həmyaşıdım kimi danışıram. Psixoloqlar hesab edirlər ki, bu yaxşıdır. Amma mən görürəm, yox. Mən verdiyim informasiyanı, yanaşmanı uşaq qavraya bilmir.

 

 

-Dərsdən qaçmısınız?

 

-Çoox.

 

Bir qədər düşündükdən sonra...

 

- Amma onu dərsdən qaçmaq adlandırmaq olmazdı. Çünki mənim dərsdən qaçmaqlarımın hamısı valideynlərimin icazəsiylə baş verirdi. Məsələn, sonuncu dərsimiz boş olacaq. Müəllim gəlməyib. Qaydaya əsasən biz sinifdə oturub gözləməliyik ki, kimsə gəlib müəllimimizi əvəz etsin. Adətən proses gecikirdi. Biz də beş-on dəqiqə gözləməkdənsə, beş dəqiqədən sonra qərar verirdik ki, gedirik. Zəng edib icazə alırdım. Valideynlərimin hər ikisi işləyirdi. Evimizdə telefon da yoxuydu. Müəllimlər otağından ailəvi münasibətimiz olan, qonşumuz Zemfira xalaya zəng edib icazə alardım ki, son iki dərsimiz olmayacaq. Olar mən uşaqlarla kinoya gedim? ”Dostluq” kinoteatrı məktəbimizə yaxınıydı. Əgər o icazə versə, gedərdim, verməsəydi getməzdim. Mən icazəsiz heç nə eləməmişəm. Gəzməyə gedəndə icazə alardım.

 

 

- Neçə yaşınıza qədər?

 

 

- Bilirsiniz necə, icazə almaq söhbəti deyil. Məlumatlandırardım. Uşaq vaxtı bunun adı icazə idi. Çünki mənə “getmə” deyə bilərdilər. Amma böyüyəndə mən artıq ağlıma da gətirə bilmirdim ki, kimsə mənə “getmə” deyə. Mən kifayət qədər özgür insanam. Mənim azadlığım, müstəqilliyim var. Məişətdə də, həyatda da müstəqilliyim həmişə ailəm tərəfindən tanınıb. Şəxsi məsafə deyiləm bir şey var. Yaxınlarım bu məsafəni heç vaxt keçməyiblər.

 

 

 

- Müəllimin şagirdi döyməsinə münasibətiniz necədi?

 

 

-Mən döyülməmişəm. Amma bizim vaxtımızda da şagirdi döyən müəllimlər vardı. Mən indi düşünəndə dəhşətə gəlirəm ki, biz bunu nə qədər rahat yanaşırdıq. Çünki ailəmizdə, ətrafımızda hamı elə bilirdi ki, belə də olmalıdır. Bütün hallarda mən döyülməyə haqq qazandırmıram. Bizim vaxtımızda müəllimlər şagirdi pis oxuduğu üçün döyürdülər. İnsanların kapasitələri müxtəlif ola bilər. Müəllimsən, çalış öyrədəsən. Müəllim, pedaqoq, valideynin borcudur ki, normal insanı metodlarla uşağa tərbiyə, bilik versin. Müəllim uşağı qorxudaraq nəsə öyrədirsə, demək o adam pedaqoq deyil. Valideynlərə bunu keçmək olar. Eləsi var heç bilmir ki, pedaqogika nədi. Amma müəllimin peşəsidir. Buna görə diplom alıb. Əgər bilmirsə, onun məktəbdə nə işi var? Övladıma əl qaldıran müəllim olsa, bir an da ona dözmərəm.

 

- Oğlunuz İbrahim heç döyülməyib?

 

-Qətiyyən. Bir dəfə müəllim üstünə səsini ucaltmışdı. Bunu da mənə başqa adam görüb xəbər vermişdi. Getdim müəllimin yanına ki, mənim uşağım dillə, sözlə deyilənləri anlamağa qadirdir. Siz onun üstünə bağırmamalısınız, onu alçaltmamalısınız. Çünki mən onu alçaltmıram. İbrahim qəribə uşaqdı. Təhqir olunanda üzülür, ürəyi qırılır. Çox güman ki, özündə günah gördüyü üçün gəlib onu mənə deməyib. Nəsə eləyib ki, müəllim də onun üstünə bağırıb. Amma yenə də deyirəm, uşağı sözlə başa salmaq lazımdır. Uşaq sözlə də başa düşmürsə, başqa yollar axtarmalıdır. Vurmaq, döymək, qışqırmaq olmaz! Bu, müəllimin acizliyidir.

 

 

- Müəllimə hədiyyə verməklə aranız necədi?

 

 

- Yaxşı. Amma bu öhdəliyə çevrilməməlidir. Mən əlaçı olmuşam. Müəllimə hədiyyə verərək mənə münasibətin sözün yaxşı mənasında dəyişmək və yaxud da özümü pis qiymətlərdən sığortalamaq kimi ehtiyacım olmayıb. Adətən məqsədli olur hədiyyələr. Baxırdın ki, hədiyyə verdiyin müəllimlərin münasibəti bir müddət sənə yaxşı olurdu. Amma sən o münasibəti doğruldacaq hərəkət etmirdinsə, yaxşı oxumurdunsa, nəticədə qiymətlərin “iki” olmasa da, “üç” olurdu. Müəllimlərimə hədiyyə verərdim. Elə indi də verirəm. Oğlumun müəllimlərinə. Çox vaxt gül dəstəsi olur.

Hədiyyələrin əsas motivi minnətdarlıq hissidir. Narazı qaldığım müəllimə heç vaxt hədiyyə vermərəm.

 

 

- Məktəb illərindən qalan xatirələri ümumiləşdirsək...

 

- Rəngarəng və mənalı pioner otağı. Təbil, “truba”, Leninin şəkli olan bayraq. Divarında pionerin, komsomolun prinsipləri yazılmışdı. Prinsipləri illüstrasiya edən şəkillər vardı. Məsələn, pioner nəqliyyatda özündən böyüyə yer verməlidir. Pioner öz dostunun köməyinə yetməlidir. Pioner dərslərini yaxşı oxumalıdır. Pioner səliqəli olmalıdır. Əlillərə və qocalara kömək etməlidir. Komsomolçu da oldum. Bircə Kommunist partiyasında ola bilmədim.

İndi də düşünürəm ki, uşaqların özlərinin ictimai mühiti olmalıdır. Biz özümüz ictimai fəaliyyət olmadan yaşaya bilmirik. Bizim iş həyatımız da var, karyeramız da, ailə-məişət həyatımız da. Uşaq kollektivdə böyüməli və kollektiv cəmiyyətə alışmalıdır. Mən uşağımı bağçaya zərurətdən vermədim. İbrahim özəl bağçaya gedib. İstəsəydim, həmin pula dayə də tutardıq. Amma biz istədik ki, o, kollektivdə sosiallaşsın, paylaşmağı, başqalarının mənafeyini tanımağı bacarsın. Bu oyuncaq varsa, tək sənin deyil. Birgə oynamalısınız. Və məktəblərdə də ictimai fəaliyyətin olmaması məni qane etmir. Düzdü, müəyyən günlərdə kollektiv bayramlar keçirir, tədbirlər edirlər. Amma bu kifayət deyil.

 

 

 

- Məktəb illərində eşq-məhəbbət...

 

- Bizim vaxtımızda belə şeylərə çox pis baxırdılar deyə, qızlarla oğlanlar eşq yaşamırdı.  Amma təbii ki, simpatiyalarımız vardı. Uzaq başı, səndən xoşu gələn oğlan çantanı götürməyə kömək edərdi, səni müdafiə edərdi. O vaxtlar sevgilər çox məsum idilər. Mənim də bəyəndiyim oğlanlar vardı, məni bəyənənlər də. Konkret bir adam deyildi deyə, adına sevgi demək olmazdı. Məsələn, mən indi normal baxıram. Arada oğlumdan soruşuram, hansı qızdan xoşu gəldiyini? Özünün də mənə etiraf etdiyi vaxtlar olur.

 

 

 

Məktəb illərindən danış-danış bitməz. Səhərə qədər oturub danışmaq olar. Amma bəzi məqamlar var ki, onlardan danışmamaq olmaz. İtkilər. Məktəb illərinin nisgilli xatirələrə...

 

 

- Sinfimizdən itkilər də çox oldu. Bir oğlan beşdə oxuyanda xəstəlikdən dünyasını dəyişdi, digəri doqquzda oxuyanda dənizdə batdı. Daha ikisi isə şəhid oldu. İlqar 23 yaşında 20 Yanvar şəhidi oldu. Məktəbimiz indi İlqarın adını daşıyır. İlqar Əbülhəsənov. Daxili İşlər Nazirliyində işləyirdi. Firuddin isə Qarabağda qəhrəmancasına həlak oldu. Məktəb illərindən elə cəsur, qoçaq oğlan idi...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3335
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar