Müstəqil Oda Teatrının direktoru və bədii rəhbəri dəyişib. Bu barədə Lent.az-a teatrdan verilən məlumatda qeyd edilib. Məlumatda bildirilib ki, teatrın təsisçisi Elmin Bədəlov direktor və bədii rəhbər vəzifələrindən istefa verib və bu yerlərə teatrın gənc əməkdaşlarını təyin edib. Teatrın direktoru Aynur Zərrintac, bədii rəhbəri isə Nihad Qulamzadə təyin olunub.
Yeni təyinatlar barədə qərar teatrın daxili toplantısında verilib. Teatrın bir neçə daxili qaydalarına da dəyişiklik edilib. Qeyd edək ki, sənət ocağının bütün işlərini direktor və bədii rəhbər həyata keçirsə də, əsas qərarların verilməsi və rəhbərlərin dəyişilməsini təsisçi nizamlayır.
Bununla yanaşı, teatrın repertuarı yenilənib, yeni tamaşaların hazırlanması üçün qərar verilib və daimi repertuara “Səncə, döyəcəklər?”, “Tikanlı məftillər”, “Bəyaz şedevr”, “MimOda 18+” tamaşaları daxil edilib.
Qeyd edək ki, teatrın yeni direktoru Aynur Zərrintac müəllimədir. Oda Teatrı yaranandan teatrda aktrisa və menecer kimi fəaliyyət göstərib. Teatrın yeni bədii rəhbəri Nihad Qulamzadə fotoqrafdır. Oda Teatrı yaranandan teatrda aktyor və fotoqraf kimi fəaliyyət göstərib. Bir müddət direktor müavini olub.