11-15 aprel 2013-cü il tarixində Qazaxıstanın Kastanay şəhərində “Qızıl mikrofon” beynəlxalq vokal müsabiqəsi keçiriləcək.
Lent.az-ın məlumatına görə, Qazaxıstan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək müsabiqə YUNESKO və başqa beynəlxalq qurumlar tərəfindən də dəstəklənir.
Müsabiqənin münsiflər heyəti 10 ölkəni təmsil edir.
12 ölkənin iştirak edəcəyi müsabiqədə ölkəmizi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, G. Şaroyev adına 35 saylı Uşaq Musiqi Məktəbinin şagirdi, İtaliya və İspaniyada keçirilmiş iki beynəlxalq müsabiqənin laureatı Emin Eminzadə təmsil edəcək.
Bununla bağlı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə dəvətnamə göndərilib.O, gənc vokalçının istedadını və uğurlarını nəzərə alaraq müsabiqədə iştirakını məqbul hesab edib.
Emin Eminzadə müsabiqədə mərhum görkəmli müğənni və bəstəkarımız Müslüm Maqomayevin “Azərbaycan” və “Bessame muço” ispan mahnısını ifa edəcək.