Aprelin 5-də Gürcüstan paytaxtındakı K. Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının səhnəsində Xalq yazıçısı Elçinin eyni adlı əsəri əsasında səhnələşdirilən “Qatil” psixoloji dram əsəri oynanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “GUAM-ın teatr məkanı” teatr layihəsi çərçivəsində baş tutan tamaşada rolları Azərbaycan Milli Akademik Dram Teatrının artistləri ifa ediblər. Tamaşaya baxışda Tiflisdən, azərbaycanlıların kompakt yaşadığı bölgələrdən gələn azərbaycanlılar və gürcü cəmiyyətinin nümayəndələri, görkəmli gürcü incəsənət xadimləri, qeyri-hökumət təşkilat rəhbərləri, gürcü ali məktəblərində təhsil alan gürcü və azərbaycanlı tələbələr, Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının aktyor heyəti, Azərbaycan səfirliyinin əməkdaşları və müxtəlif şirkətlərin nümayəndələri iştirak ediblər. Tamaşada Azərbaycanın istedadlı aktyorlarından xalq artisti Səidə Quliyeva, əməkdar artistlərdən Münəvvər Əliyeva, Elxan Quliyev və aktyor Hikmət Rəhimov peşəkarlıqla oynadıqları rolların ifasına görə dəfələrlə alqışlara layiq görülüblər.
“Qatil” əsəri əsasında hazırlanan tamaşa psixoloji dram kimi bir kənd məktəbində işləyən kimya müəlliməsinin həyatı üzərində qurulub və onun bədbəxtçiliyi ilə sona yetir. Əsərdə müəllimə və şagird münasibətləri, sevgi və emosiya ilə yaşanan eşq hekayəsi, eyni zamanda fəndgirlik, yalançılıq, fırıldaqçılıqla müəllim həyatına daxil olan gəncin ona xəyanət etməsi və sonda müəllimənin qatilə çevrilməsi əsas məzmun kəsb edir.
Qeyd edək ki, “Qatil” tamaşasının quruluşçu rejissoru Mehriban Ələkbərzadə, bəstəkarı Aygün Səmədzadə, rəssamı İlham Elxanoğlu, İşıq üzrə rəssam isə Rafael Həsənovdur.