Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi (AKRB) VI “Molla Nəsrəddin” Beynəlxalq karikatura müsabiqəsi elan edib. AKRB sədri Bayram Hacızadənin Lent.az-a verdiyi məlumata görə, müsabiqə “Molla Nəsrəddin” satirik jurnalının nəşrinin 107 illiyi münasibəti ilə təşkil olunub.
7 aprel - “Molla Nəsrəddin” satirik jurnalının işıq üzü gördüyü gün, artıq 7 ildir ki, Azərbaycanda karikatura günü kimi qeyd olunur. Əlamətdar gün münasibətilə Dövlət Gömrük Komitəsinin hazırladığı “Narkotiklərə yox!” beynəlxalq karikatura müsabiqəsinin kitab-kataloqu dünya karikatura ictimaiyyətinə təqdim olunub.
Kitaba 63 ölkənin 307 rəssamının əsəri daxil edilib. Kitab-kataloq “Molla Nəsrəddin” müsabiqəsinə təqdim olunan karikaturalar əsasında hazırlanıb. Müsabiqədə iştirak edən hər bir karikaturaçı rəssam onu hədiyyə olaraq ala biləcək.