Məşhur “Sarı Çizmeli Mehmet Ağa” kimdir?- Hamının  borcunu ödəyən   pəhlivan
09 fevral 2024 14:29 (UTC +04:00)

Məşhur “Sarı Çizmeli Mehmet Ağa” kimdir?- Hamının borcunu ödəyən pəhlivan

Barış Mançonun 1979-cu ildə yazdığı və çox populyarlıq qazanan “Sarı Çizmeli Mehmet Ağa” mahnısının qəhrəmanı əslində real həyatda yaşayıbmış.

Lent.az “Belə yaranıb” rubrikasında bu gözəl mahnının yaranma tarixçəsi və onun qəhrəmanı olan Sarı Çizmeli Mehmet ağa haqqında məlumat verir.

Barış Manço Kiprə konsert verməyə gələndə Kipr türklərindən Sarı Çizmeli Mehmet Ağa haqqında maraqlı hekayə və xoş sözlər eşidir. Çox xeyriyyəçi, comərd və dürüst insan olan bəyin hekayəsi Mançonu təsirləndirir.

Mehmet Ağa əslən Türkiyənin Qaraman bölgəsindən olub. 1800-cü illərdə yaşayıb. Əkin-biçin işlərini çox yaxşı bilən torpaq ağası imiş. Osmanlı dövründə dövlət məmurları Mehmet Ağanı dəvət edərək, onunla şərt kəsirlər, deyirlər, köç Kiprə, orada əkinçiliyi inkişaf etdir. Qaramandakı bağların kimi ək-biç, insanlara iş ver, biz də sizə pulsuz torpaq bağışlayaq. Məqsəd Kiprdə heyvandarlığı və əkinçiliyi inkişaf etdirmək olub. Ona Kiprin Girnə bölgəsində böyük bir torpaq sahəsi verirlər. Mehmet ağa Qaramandakı bağlarını kasıblara bağışlayıb 5 qardaşı ilə Kiprə köçür.

Yörük türkməni imiş. Kıprdə yaşadığı kəndin adını yörüklərin köçəri həyatından və özlərinin köç etməsindən xatirə qalsın deyə Göçeri qoyub. Göçəri kəndinə indi həm də elə Yörüklər kəndi də deyirlər. Sarı Çəkməli Mehmet Ağa dövlətə söz verdiyi kimi minlərlə insanı əkinçilik və heyvandarlıqla məşğul edir. Onlara iş verir və özünü böyük bir ailənin başçısı kimi aparır.

3 min hektar torpaq sahəsinə sahib olan bu bəy dalaşanları barışdırar, subayları evləndirər, təzə evlənənlərə ev tikdirər, cehiz və heç olmasa bir sot torpaq pay verərmiş. Kasıblar çayxanaya, restorana gedəndə pul vermir, yeyib-içir, bütün hesabları Sarı Çəkməli Mehmet Ağaya yazdırırmışlar.

Ağa hər cümə namazdan əvvəl dükançılara baş çəkər, camaatın borcunu ödəyirmiş. İş o həddə çatıb ki, dövlətə vergi borcu olanda gücü yetməyənlər öz borclarını da ağaya ödədirlərmiş. Onun 3 kəndin camaatının vergi borcunu ödəməsi barədə faktlar qalmaqdadır. 

Ayağına daim sarı rəngli çəkmə geyindiyinə görə ləqəbi Sarı Çizmeli olaraq qalıb. Mehmet ağa həm də güclü pəhlivan olub. Kürəyini kimsə yerə vura bilməzmiş.

Özü də, qəlbi də zəngin olan bu ağa malını-mülkünü xalq yolunda o qədər xərcləyib ki,   ömrünün sonunda yoxsullaşıb, elə yoxsulluq içində də vəfat edib. Özü ölsə də, adı xeyriyyəçi kimi yaşayıb. 

İndi Türkiyədə yaraşığı, mərdliyi olub, cibində pulu olmayan kişilərə və bir də gizli xeyirxahlıq göstərən adamlar haqqında  “Sarı Çizmeli Mehmet Ağa “ ifadəsi işlədilir.

Mehmet ağanın 2 oğlu, 3 qızı olub. Onun nəticələri Girnə vilayəti, Dikmen qəsəbəsi, Göçeri kəndində yaşayırlar. 

Barış bəy bu hekayəni eşidəndən sonra  öz məşhur mahnısını yazır, beləcə adı unudulan adamı  hər kəsə tanıdır. 1982-ci ildə kənddə onun dəfn olunduğu məzarı tapıb abadlaşdırır, baş daşı qoydurur. Baş daşının üstünə 'Barış Manço ile bütünleşen Sarı Çizmeli Mehmet Ağa” sözlərini yazdırır.

İllər sonra Barış Manço Kiprdə konsert zamanı dillərə dastan olan o məşhur mahnısını oxuyarkən bir gənc ona yanaşıb, Mehmet ağanın nəticəsi olduğunu deyib və babalarının adını yaşatdığı üçün ona təşəkkür edib. 

Yaz, dostum

Güzel sevmeyene adam denir mi?

Yaz, dostum

Selam almayana yiğit denir mi?

Yaz, dostum

Altı üstü beş metrelik bez için

Yaz, dostum

Boşa geçmiş ömre yaşam denir mi?

Yaz tahtaya bir daha

Tut defteri, kitabı

Sarı çizmeli Mehmet Ağa

Bir gün öder hesabı...


 

# 4257
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar