“Məmurun hikkəsi ilə Tağıyevin heykəlini kürsüdən düşürdülər” - Ziyadxan Əliyevlə MÜSAHİBƏ
29 noyabr 2023 16:04 (UTC +04:00)

“Məmurun hikkəsi ilə Tağıyevin heykəlini kürsüdən düşürdülər” - Ziyadxan Əliyevlə MÜSAHİBƏ

Lent.az-ın müsahibi sənətşünaslıq üzrə fəlsəfə doktoru, araşdırmaçı, Azərbaycan Rəssamlar İttifaqının "Tənqid və sənətşünaslıq" bölməsinin sədri,  Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevdir.


- Ziyadxan müəllim, sənətşünaslıq belə demək doğrudursa, bir qədər aradan çıxmaqdadır. Qədir qiymətiniz bilindi, yoxsa bu sənətlə məşğulluğu itən zaman hesab edirsiniz?

- Yayda 75 yaşım tamam olub, mənim üçün nə elədilər? Heç nə. Yada salmadılar. 50 ilə yaxındır bu sahədəyəm. Boşa getmiş zaman hesab etmirəm. Çünki məmurlar üçün işləməmişəm, xalq üçün işləmişəm. Amma məmurun da vəzifəsi xalq üçün işləyən insanı qiymətləndirməkdir. Fəxri adı, Prezident təqaüdünü vermirlərsə, heç kimə verməsinlər, yox əgər verilirsə, mən buna layiq olanlardan birincisiyəm. Vətəndaş kimi haqqım olanı istəyirəm. Sənətşünas deyəndə hamı Ziyadxanı axtarır. Bu günə qədər 50-yə yaxın kitabım çıxıb. Cüzi miqdarda qonorar almışam. Nazirliyin sifarişi ilə çap etdirdiyim kitablardan 5-10 dənə veriblər ki, satarsan pulunu götürərsən. Mən kitab satanam? 

- Hansısa əsəri satın alarkən, ekspert kimi rəyinizi alanlar olub? 

- Əsərin orijinal olub olmadığını anlamaq üçün məni axtarırlar. Xüsusən, Səttar Bəhlulzadənin əsərlərinin. Bir dəfə bir xanım məni evlərinə çağırdı. Səttar Bəhlulzadənin bir əsərini atası çox baha qiymətə almışdı. Baxan kimi dedim ki, bu Səttarın əsəri deyil. O vaxt əsəri qaytarıb, cibimə də 150 manat qoymuşdular. Bir həftə sonra  Qız Qalasının qabağında qarşımı bir nəfər kəsdi. Dedi siz niyə bizim bazarımıza girirsiniz. Satdığım əsəri sizə görə geri qaytarıblar. Dedim bu bazar deyil, cinayətdir. Səhəri gün saxta rəy verdiyimi desələr, gərək papağımı götürüb, bu aləmdən gedəm.

- Bildiyimə görə, Səttar Bəhlulzadənin əsərlərinə böyük tələbat olub. Amma həmişə kasıb və dalğın görünüşü ilə seçilirdi...

- Bu onun imici idi. Əslində, heç də kasıb rəssam deyildi. 34 il ərzində sərgilərə çıxarılmış heç bir əsəri geriyə, emalatxanaya qayıtmadı. O əsərlərinin çoxunu bağışlamışdı. Kefinə düşəndə ən sadə adama əsərini bağışlayar, qarşısındakını bəyənməzsə, ən yüksək vəzifəli şəxsə belə əl işini satmazdı. Dünyada Bəhlul qədər səxavətli rəssam ola bilməz. Bir dəfə 1966-cı ildə Praqada sərgisi keçirilmişdi. Sərgidən sonra Praqa Dövlət Muzeyi onun 5 əsərini almışdı. Yeri gəlmişkən, Avropada fərdi sərgisi açılmış ilk azərbaycanlı o idi. Nə qədər elədilər qonorar götürmədi. Hədiyyə verdi. Qəribəlikləri olan adam idi. 

- Bəhlul Səttarzadənin əsərləri indi neçəyə satıla bilər? 

- Yarım milyona  satılsa yeri var. 

-  İndiki dövrdə bizim rəssamlarımız dolana bilirlər?

-  Çox çətindir. İndiki gənclər tələbat və pula görə ya dizayn ya modelyerliyi seçirlər. Bir zamanlar “Tarqovı”da rəssamlarımız əsərlərini küçədə satırdılar. Turistlər çox olurdu, alınırdı. Ora Azərbaycan rəssamlığının təbliğində mühüm rol oynayırdı. Heyf ki, ləğv olundu, yerini dəyişdilər.

- Azərbaycanda ən bahalı rəsm əsərləri kimindir? Ən bahalı rəssam kimdir?

-  Bazarda ən baha gedən işlər Səttarındı, Tahir Salahovundu. İndi Sakit Məmmədovun əl işləri də baha satılır. Bir qrup rəssam var ki, dolana bilir. Peşənə yaxşı sahibləndinsə, pul qazanacaqsan. 

- Ziyadxan müəllim, özünüz də rəsm əsərləri çəkirsiniz?

-  Mən Əzim Əzimzadə adına rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirmişdim. 1974-cü ildə tək fərqlənən tələbə mən oldum. O vaxt Səttar diplom müdafiəmə gəlmişdi. 5 aldım çıxdım, qucaqladı məni. Dedi, sən yaxşı rəssam olacaqsan, əla rəng duyumun var. Dedim mən rəssam yox, sənətşünas olacam. Nə? Bunu eşidəndə əsəbiləşdi, ölüm-dirim qalmadı, hamısını söydü. Nə qədər dava elədi, fikrimdən daşınmadım. İndi deyirəm mən necə ona yox deyə bildim. 2009-cu ildə onun haqqında “Sənətin məcnunu” kitabını yazarkən gündəliklərini oxudum. Sənətşünaslardan gördüyü haqsızlıqlardan, onların necə yaltaq, ikiüzlü  olmalarından yazmışdı. Mənim də onların tayı olmağımı istəmirdi. Qorumaq istəyirmiş. 

- 1993-cü ildə Dövlət İncəsənət Muzeyində bir cinayətin üstünün açılmasında da rolunuz olub. O əhvalat barədə bir qədər geniş danışmağınızı istərdim.

- 1993-cü ildə İncəsənət Muzeyində bir qrup muzey işçiləri ilə kənardan bir sıra məmurlar oğurluq təşkil etmişdilər. Sənət əsərlərinin alveri ilə məşğul olan mafiya ilə əlaqə qurmuşdular. 2 sənətşünasdan rəy almışdılar ki, bu əsərlər muzey əhəmiyyəti daşımır. Muzey əhəmiyyəti daşımırsa, nə gəzirlər muzeydə?

- Kim idi o sənətşünaslar?

-  Mürsəl Nəcəfov və Rasim Əfəndiyev. İndi ölüblər. Pis adamdısa, mən ölünün də dalınca danışıram, dirinin də. Təkcə ailənin namusu olmur, peşənin də namusu olur. Bu iki sənətşünas peşə namussuzluğu etdilər, mən dayandım mafiyanın qabağında. 275 antik əsəri muzeydən çıxarıb xaricə aparmışdılar. Minimum 150 milyon dollar qiyməti var idi. Onlardan təkcə birinə Nyu-Yorkda ekspertlər 6 milyon dollar qiymət vermişdilər. Hələ hərracda təsəvvür edin qiyməti hara qalxacaqdı. O zaman mənə zənglər gəldi, hədələdilər, dedim öldü var, döndü yoxdur. Qanımın arasına Heydər Əliyevin hakimiyyətə gəlməsi girdi. Yoxsa yəqin aradan götürəcəkdilər. Muzeydə şöbə müdiri idim, işdən çıxartdılar, mənə görə neçə elmi şöbəni ləğv etdilər, kimlər ki, ixtisas sahibi idilər, onları atdılar bayıra, ixtisası olmayanları mütəxəssis kimi saxladılar.

-  Bəs o əsərlərin taleyi necə oldu?

Bizimkilər heç axtarışa da verməmişdilər. Nyu-Yorkda FTB muzey əşyalarının qeyri-qanuni alqı-satqısı üzrə işi araşdırıb açmışdı, məhkəməyə ekspert kimi məni də çağırmışdılar. 190 işi qaytardılar, 69-u satılmışdı, almaq mümkün olmadı. 12 əsər Almaniyadan gətirilmiş qənimət əsəri idi, məhkəmənin qərarı ilə Almaniyaya qaytarıldı. Bizimkilər heç dalına da düşməmişdilər o işin. 

- Yeni nəsil rəssamlarımız arasından əsərləri dünyaya çıxarılası istedadlar var?

-  Cavan rəssamlarımız var, Cəlal Ağayev, Pəri Əsgərova, Faiq Əkbərov. Biz uzun müddətdir əsl sənət nümunəsi ilə ikinci dərəcəli əsərlərin yerini bilərəkdən səhv salmışıq. Kimin 5 manat pulu var, sərgi açır, pulla satın aldığı 5-10 nəfər də onun əsərlərini tərifləyir, bəh-bəh edir, ortada da sənət yox, xaricə çıxarsan, o əsərlərin heç zibil qədər qiyməti yoxdur. 

- Tez-tez hansısa anlaşılmaz bir əsərin yüz milyonlarla dollar qiymətə satılması barədə xəbərlər eşidirik. Məsələn, Kazimir Maleviçin milyonlarla qiymət biçilmiş “Qara kvadrat” əsəri.
-   “Qara kvadrat”ı çəkənin başına daş düşsün. Bu hamısı hərrac oyunlarıdır. O əsərin yaranma tarixi barədə müəllif özü yazıb ki, başqa bir əsər çəkibmiş, bəyənməyib, kətanı qaralayıb. Dostu saqqızını oğurlayıb, deyib çıxaraq sərgiyə. Hərraclarda milyonlarla qiymətə satılan bir çox anlaşılmaz cızmaqaralar da elə hərracların öz layihəsidir. Hərracda meydanı qızışdıran xüsusi adamlar olur. Hansısa boş bir əsər uğrunda yarışır, qiyməti qaldırır, bir fərsiz müştəri çıxan kimi dərhal geri çəkilirlər. Van Qoq yetimin əsərləri sağlığında milyona satılsaydı, dəli olub öz qulağını kəsməzdi.

-  Şəhərimizi bəzəyən heykəllərə bağlı fikrinizi bilmək istərdim. Son zamanlar heykəlləri kürsü üzərində yox, yerdən qoyurlar. 

-  Müslim Maqomayevin heykəli üz qarasıdır. Tağıyevin heykəli yaxşı heykəldir, amma  kürsüdə olmalı idi. Hansısa məmurun hikkəsi ilə Tağıyevi kürsüdən düşürdülər. Koroğluya niyə heykəl qoymalıdırlar, dövrünün reketi olub də. Ondansa Polad Həşimova, Mübariz İbrahimova heykəl qoyulsun. Koroğlunun atı balaca, quyruğu paçasının arasında. At və it qorxanda quyruğunu qısır. Bunu heykəltaraş bilməli idi. İşi bacarana verməlirdilər. Tokay Məmmədov, sən yaxşı dəzgah heykəltəraşısan, monumentalçı deyilsən! 5 manatdan ötrü 50 illik hörmətini bada verdi. Müslim Maqomayevin heykəli də Ömər Eldarovun ən pis əl işidir. Heykəllərin taleyi məmur kabinetlərində həll olunmamalıdır. Bunu xalq üçün qoymursunuz?  Qoyun xalq müzakirə eləsin. O vaxt Əzizbəyovun heykəlinin yaxşı ki,sökdülər. Səhər-səhər çıxırsan küçəyə, istəyirsən qarşına bir əməlisaleh adam çıxsın. Əzizbəyov kimi bir əclaf niyə çıxmalıdır məni qarşıma? 25 komissar əclaf idisə, o da əclaf olub.

Qoyulan heykəllərin yanında heykəltəraşın adı da yazılmalıdır. Buna fikir verən yoxdur.
    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17289
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar