“Kərəvətə çıxmaq” nə deməkdir? - Belə yaranıb
13 yanvar 2024 16:19 (UTC +04:00)

“Kərəvətə çıxmaq” nə deməkdir? - Belə yaranıb

Yəqin türk filmlərində “Onlar ərdi muradına, biz çıkalım kerevetine” deyə cümləni çox eşitmisiniz. Onlar muradlarına çatdılar biz də onların kərəvətinə çıxaq mənasını verir. Kimsə arzusuna çatıb evlənəndə yerdə qalanlar bu ifadəni işlədirlər. Bəs bu kərəvət nədir, niyə ona çıxmaq lazımdır? Əslində bu ifadə Azərbaycanda da işlədilir, fərqində deyilik.

 Lent.az “Belə yaranıb” rubrikasında maraqlı bir açıqlamanı təqdim edir.

Kərəvət sözü əslində türklərin dilinə bolqarlardan keçib, slavyan sözüdür, "krovat" – çarpayı deməkdir. Türk dilində assimilyasiyaya uğrayıb, kərəvətə çevrilib. Əvvəllər hər evdə çarpayı olmurdu, bu bir lüks sayılırdı. Evlənən cütlüklər üçün taxtadan yataq hazırlayıb, üstünə xalı, yataq sərərdilər. Azərbaycanda buna taxt deyilirdi. Türkiyədə kənd evlərində divarların dibinə qoyulan, üzərinə mütəkkə, yastıq atılaraq divan rolunu oynayan kərəvətlər hələ də qalır.

"Muradına ərənlərin kərəvətinə çıxmaq", yəni onların taxtı bizə də qismət olsun, biz də xoşbəxt olaq anlamını verir.

Azərbaycanda isə “Ana qızına taxt verər, baxt verə bilməz”, “Qızıldan taxtım olunca, qızıldan bəxtim olsun”, “Neynirəm o qızıl taxtı ki, üstündə qan qusacam” məsəlləri var. Söhbət həmin o evlilik, bəxt taxtından, kərəvətdən gedir. Qızıl sözü dilimizdə qırmızının sinonimi kimi işlədilib.

Bəxtiniz, taxtınız gözəl və daim olsun, insanlar sizin kərəvətinizə çıxmağı diləsinlər, əziz oxucularımız.

# 5301
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar