Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təqdimatında Azərbaycan Vokalçıları Festivalının açılışı baş tutub.
Lent.az xəbər verir ki, artıq dördüncü dəfədir ki, baş tutan festival Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması məqsədilə keçirilir. Festivalın ilk günü Azərbaycan Milli Konservatoriyasında tələbələrin iştirakı ilə "Bülbül irsi" adlı konsert proqramı və "Azərbaycan milli vokalı" adlı elmi seminar keçirilib. Seminarda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynova, Aleksandriya Sultan von Brüseldorff və Əməkdar artist Ramil Qasımov çıxış ediblər.
Həmçinin Bülbül Fondunda Bülbül Vokal Məktəbinin tələbələrindən ibarət konsert proqramı baş tutub. Konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Qeyd edək ki, festivalın təntənəli bağlanış mərasimi dekabr ayının 24-də baş tutacaq