“İblis” bu dəfə nəfəs qədər yaxında - Fərqli rejissor yanaşması...
12 iyul 2022 14:00 (UTC +04:00)

“İblis” bu dəfə nəfəs qədər yaxında - Fərqli rejissor yanaşması...

Pantomima teatrında Hüseyn Cavidin “İblis” dramı əsasında hazırlanmış “İblis” tamaşasına ictimai baxış keçirilib.

Tamaşa fərqli rejissor yanaşması, heyrətamiz dərəcədə gözəl aktyor oyunu ilə izləyicilərin  alqışlarını qazandı.

Dünya ədəbiyyatında bu günə qədər İblis və insan motivlərində bir çox möhtəşəm əsərlər meydana çıxıb. Klassik yanaşmalarda İblisi insandan ayrı, fərd olaraq görmüşük. Məsələn, "Faust" əsərində İblis özü ayrıca bir personajdır.

Hüseyn Cavid isə İblisi insanla iç-içə, insanın daxilində təsvir edib. Cavidə görə qan tökən insan özü elə İblisdir. 

Pantomima teatrının rejissoru Bəhruz Vaqifoğlu hesab edir ki, İblis əslində məkandan və zamandan xaric bir məvhumdur. O hər birimizin içində var və boylanmaq üçün münbit şərait gözləyir. 

“İblis”i Bəhruz Vaqifoğlunun baxışı ilə gördük. Quruluşçu rəssam Xəyyam Səmədov səhnədəki minimalizmlə belə çox söz deyə bilib. Baş rolun ifaçısı Nurlan Rüstəmovun çıxışı  isə möhtəşəm idi. Ürək döyüntüsünü, acılarını hiss etməmək mümkünsüz idi.  

Pantomima teatrında iblisi seyr edərkən nə gördüm? İblis bütün dünyada, bütün ölkələrdə, bütün zamanlarda cəmiyyətdə var olub və bu günə qədər də insanı qana, müharibələrə, əxlaqsızlığa, ölümlərə, xaosa sürükləyə-sürükləyə gəlir. İblisə uymuş cəmiyyət harada təmiz bir fərd görürsə, mütləq şəkildə onu özünə bənzətmək üçün çırpınır, çabalayır, qurbanını seçib öz sırasına qatdıqdan sonra, yeni məsum qurbanların axtarışına çıxır. Öncə onu qeyd etmək lazımdır ki, tamaşada aktyor oyunu möhtəşəm idi. 9 nəfərdən ibarət komandanın hər biri sanki ayrılqıda mono tamaşa sərgiləyirdi. Hər birində eyni həyəcan, eyni çılğınlıq, komanda ruhu. Səs və işıq effektləri tamaşanın enerjisini daha da yüksəldir, özünü göstərilən oyunun bir parçası kimi hiss edirsən. 

Cəmiyyət öncə kimlərisə bütləşdirir, ilahiləşdirir, sonra ayaqlar altına ataraq tapdayıb keçir. Bir tamaşada son 1000 ildə insan övladının  başından gəlib - keçmiş və elə özünün törətdiyi ən önəmli hadisələrin illüstrasiyasını gördük. Tamaşada insanın düşüncələrinə qalib gəlməyə çalışması, kənardan müdaxilələrlə İblisə ram olması  görünür.

İnsanların düşüncələri, etdikləri səhvlərdə bir-birini günahlandırması, ən sonda günahsızın günahkar kimi göstərilməsi, ətrafdakı insanların düşüncələri, yaşadığı boşluq, özü ilə mübarizəsi  ən tənha anında həyatına birinin gəlməsi, lakin sonda onun da İblisə çevrilməsi... Və sonda gəlinən nəticə - Həyat iblislərlə doludur.

Kimin həyatından İblis keçməyib ki? Əsərə baxa-baxa öz həyatını, öz yaşantını, öz acılarını düşünməyə bilmirsən.

Rejissor əsərdə üzük, xaç, qırmızı rəng, güllələnmə, geyimlər və s. kimi simvollarla İblisin bütün əsrlərdə bütün xalqlar üzərindəki təsirini göstərməyə çalışıb və nail olub. Məncə, Pantomima teatrına gedib "İblis"i görməyə dəyər.

# 2727
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar