Hansı cinsə mənsub olması sirr olaraq qaldı - Bir ulduz axdı
03 avqust 2022 20:15 (UTC +04:00)

Hansı cinsə mənsub olması sirr olaraq qaldı - Bir ulduz axdı

O, Türkiyənin ən güclü səslərindən biri idi, bəlkə elə buna görə ona “Türkiyənin sənət günəşi” ləqəbi verilmişdi. Söhbət zamanını qabaqlayaraq, şəxsiyyəti ilə inqilab eləməyi bacarmış Zeki Mürendən gedir. Çünki Zeki Mürenin cinsi oriyentasiyası hər zaman müzakirələrə səbəb oldu. Buna o geydiyi qeyri-adi səhnə geyimləri ilə də rəvac vermiş olurdu. Hərçənd, heç bir zaman şəxsi həyatı, oriyentasiyası barədə danışmaz və bu barədə yazılıb, pozulmasını da istəməzdi. Güclü nüfuz sahibi idi. 50-ci, 60-cı illərin Türkiyəsində bir starın cinsi azlıq nümayəndəsi kimi səhnəyə çıxıb şöhrətlənməsi, üstəlik sevilməsi imkansız bir iş idi, amma o bunu bacardı. Səsinin, sənətkarlığının qüdrətiylə.

Lent.az qüdrətli sənətkar Zəki Mürendən bəhs edəcək bu dəfə.

Zeki Müren 1931-ci il dekabrın 6-da Türkiyənin Bursa şəhərinin Hisar bölgəsində tacir ailəsində dünyaya gəlmişdi. Atası Kaya Müren taxta-şalban taciri, anası evdar qadın idi. 1950-ci ildə Zeki Müren hələ tələbə ikən TRT İstanbul radiosunun təşkil etdiyi müsabiqədə 186 nəfər namizəd içərisindən qalib seçilir. 20 yaşında ilk radio konsertini verir. Radio dönəmiydi o dönəm və bütün Türkiyə üzünü görmədən səsini sevmişdi onu. Radiokonsertlər verən Zekinin şöhrəti gündən-günə artdı.  Düz 15 il kimsə bu möhtəşəm səs sahibinin üzünü görmədən sevdi, pərəstiş etdi.

Zeki Müren bütün yaradıcılığı boyu 600 disk və kaseti işıq üzü görüb. 1955-ci ildə - 24 yaşında Zeki Müren "Manolyam" adlı mahnısına görə "Qızıl val" (Altın Plak) mükafatını qazanıb. O, Türkiyə tarixinə ən çox konsert verən sənətçi kimi də düşüb və indiyə kimi rekordunu kimsə təzələməyib. Onun bir ildə yüz konsert verməsi faktdır. Zeki Müren özü də mahnı bəstələyir, aktyor və rəssam kimi fəaliyyət göstərirdi.

Bu gün onun bəstələdiyi 200-dən artıq mahnnı  türk sənət musiqisinin gənc davamçıları sevərək ifa eüdirlər. Sənətkar 18 filmə çəkilmişdi, hamısı da kişi obrazında idi. Bunu ona görə vurğulayıram ki, Zeki Mürenin davamçısı və cinsi oriyenasiyasına görə uzun müddət səhnələrdən uzaqlaşdırılmış Bülent Ersoy filmlərə öncə kişi, sonra qadın olaraq çəkilmişdi.

Zeki isə… Onun şəxsi həyatı barədə müxtəlif şaiyələr dolaşırdı, gah Mustafa adlı bir kişi ilə, gah da bir kişi deputatla sevgili olduğu deyilirdi. Özü isə yalnız bircə dəfə “bütün məşhurlar əslində biseksual olur” deməklə şəxsi barədə gəzən söz-söhbətləri təsdiqləmiş oldu.

1980-ci illərdən etibarən Zeki Mürenin səhhətində problemlər yarandı.Ürək problemləri, şəkər xəstəliyi onu həyatdan küsdürmüşdü. Sənətçi uzun müddət mediadan qaçdı və Bodrumdakı evində inzivaya çəkildi.  Düz 6 illik fasilədən sonra ekranlara çıxışı onun son çıxışı oldu.

1996-cı il sentyabrın 24-də "TRT İzmir" kanalı ondan yaradıcılıq gecəsinin keçirilməsinə razılıq aldı. Həmin gecədə ona ilk dəfə səhnəyə çıxarkən oxuduğu mikrofon təqdim edilərkən sənətkar çox həyəcanlanır və özünü pis hiss edir. "TTR İzmir" telekanalının qrim otağı Zeki Mürenin həyata vida etdiyi məkan oldu. O, sonun gəldiyini hiss etsə də, getmək istəmirdi, Allaha yalvarırırdı: "Burda olmasın, nə olar". Və axşam saat doqquza bir dəqiqə qalmış Türkiyənin sənət günəşi əbədi olaraq batdı.

Zeki Müren heç vaxt ailə qurmadı. Sənətkar öncədən tərtib etdiyi vəsiyyətində bütün varidatını Türk Eğitim Vakfi (TEV) və Mehmetçik Vaqfına vəsiyyət etmişdi. 2021-ci ilə qədər 5000-ə yaxın tələbə TEV-dən onun ayırdığı büdcə əsasında təhsil təqaüdü alıb. Bax beləcə dünyadan bir ulduz daha axdı keçdi. Özündən sonra kainatda heç bir zaman sönməyəcək bir işıq seli- sevgi yolu buraxaraq getdi Zeki Müren.

# 9312
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar