Bu sözləri lənkəranlılardan eşidəndə çaşmayın - Bizim ellər
05 iyul 2022 14:09 (UTC +04:00)

Bu sözləri lənkəranlılardan eşidəndə çaşmayın - Bizim ellər

Lent.az-ın “Bizim ellər” rubrikasında növbəti virtual səfəri Lənkəranadır, Lənkəranlıların öz diliylə desək,  Xan Lənkərana. Meşə, dağ və dənizin bir birinə qovuşub bu bölgəmizdə. Təbiəti çox gözəldir,  insanlarının xarakteri kimi. Çox qonaqpərvər, istiqanlı, mərddi insanları  bu yerlərin.

Lənkəran‖ sözünün etimologiyası barədə müxtəlif fərziyyələr var. Bəzi mütəxəssislər bu sözün Ləngər – kəran‖, bəziləri isə, Lənkər – kunan birləşməsindən yarandığını söyləyirlər .Talışlar yer adlarının sonunda işlənən “kəran” hissəciyini “kəon” və ya “ko” kimi tələffüz edirlər. Talışca “kə”  ev, “on” cəm şəkilçisidir. Yəni evlər.

Lənkəran süfrəsi deyəndə ağla ilk gələ limon və ləvəngi olur. Hansı qapını döyüb “Allah qonağıyam” desən, 1 saat sonra süfrədə balıq, toyuq ləvəngisi, yerli düyüdən plov, ləvəngi kükü, badımcan ləvəngisi, təndirdə bişirilmiş ət basdırma kimi ləziz təamlar düzüləcək. Hələ beçə balını, nənələrin bərəkətli əlindən çıxmış lavaşı, təndir çörəyini, növbənöv pendiri, qaymağı demirəm. Qədim “Şinə qəylə” yeməyi var ki, indi unudulmaqdadır.  Lənkərana məxsus “Talış çığırtması” , “Şamıplov”, səməni halvası, pomidor pətəsi, badımcan pətəsi, ağ aş, ayran aşı, hədik kimi yeməklərin də adını çəkmək olar.

Lənkəranlıların özlərinə məxsus şirin ləhcəsi var. Amma elə  ifadələr var ki, onu eşidəndə təəccüblənməyə bilmirsən. Məsələn,  hər kəs üşüyəndə “mənə soyudur” deyir, lənkəranlılar “mənim soyuğumdur” deyir. Və ya əksinə istilənibsə, “mənə istidir” yox, “mənim istimdir “ şəklində ifadə edirlər. 
“Bizə qonaq gəl,  fikrin qalar”. Bir lənkəranlı bunu söyləməklə demək istəyir ki, yəni bizdə sənə rahat olacaq, yaxşı hiss edəcəksən.

Lənkəran 2011-ci ildə “Azərbaycanın folklor paytaxtı” elan edilib. Çünki bu ellərin qədim zəngin və bənzərsiz ənənələri var. İlaxır çərşənbədə axar  su üstünə gedib ağırlıq tökmək, suda yuyunmaq, çay kənarında at yarışları keçirmək qaydası indi də qorunub saxlanır. Novruzdan sonra min dərdə dərman səməni halvası da bişirilir.

Lənkəranda gəlin ata evindən çıxanda başının üstünə Quran tuturlar, ayaqlarının altına isə paltar yumaq üçün ləyən qoyurlar.

Gəlin ər evinə gələndən sonra bir neçə gün qaynananı və qayınatanı danışdırmaz, utanar. O, ər evinə gələndə barmağını bal dolu qaba salıb, ballı barmağını həyət qapısına üç yerdən bal sürtər. Toydan bir gün öncə qıza yaxılan xınadan mütləq oğlana da pay gedər, bəyin də ayağına  xına yaxılar. 

Toy günü gəlinlə qaynana bir konfeti yarı bölüb yeyərlər. Sonra başlayar haxışta mərasimi. Düzü, gəlinlə qayınanı bir-birinə qarşı qoyan, itiləyən, bu haxışta mərasiminin məhz toy günlərində keçirilməsini anlamaq bir az çətindir.

Doğdun oğul qaynana, 
Yedim noğul qaynana,
Aldım oğlu əlindən,
Çatda boğul qaynana.

Maraqlı yas adətləri də var. Məsələn, ölü çıxan həyətdə ölən şəxsin paltarlarından birini qalın oduna dolayıb yandırırlar. Bu şamanizmdən qalan bir ənənə kimi görülür. Mənası odur ki, bu alovu yandırmaqla həyətə gəlmiş pis ruhları qovurlar.

Lənkəranda yaşayan ən böyük etnik qrup talışlardır. Nikolay Marrın fikrincə, talış adına Assuriya mənbələrində rast gəlinir. Talışlarla bağlı ilk tarixi məlumatlar Midiya dövlətinə qədər uzanır. 

Midiyalılar irandilli xalq idi və bu baxımdan İran dillərinin şimal qərb qrupuna daxil olan xalqların ümumi ataları hesab edilir. Bu səbəbdən bu qrupa daxil olan tatlar, talışlar, giləklər və mazandaranlılar midiyalıların qalıqlarını təmsil edən ləhcələrdə danışırlar. Bu ləhcələr arxaik səs kompozisiyası ilə seçilir və bəzi hallarda fars dilindən ayrılır. 

Talışlarla bağlı zarafatla deyilən “saat 12-dən sonra işləməmək” məsələsi əslində, cənub bölgəsində yaşayanların məşğuliyyəti ilə bağlıdır. Adətən çay əkməklə məşğul olanlar yaxşı bilirlər ki, onun  yarpaqları gün hələ qızmamışdan, sübh çağı yığılmalıdır. Kəndli işini saat 12-yə qədər bitirib, axşam saat  beşə qədər işlərini dayandırmalı olur. Saat 12-dən sonra işləməmək ifadəsi də beləcə dilə düşüb. Əslində  12-dən sonra işləməmək təkcə Lənkərana deyil, Mil-Muğan, Aran bölgəsinə də aid edilməlidir.

Talışlar öz mərdlikləri, igidlikləri ilə bilinən insanlardırlar. II Qarabağ müharibəsində ən çox  şəhid bölgələrmizdəndir.  Sevməyi də bilirlər, sevinməyi də, vətən üçün ölməyi də.

Yolunuz Lənkərana düşsə, mütləq Hirkan Milli Parkında olun. Cənnətin harda olduğunu bilmək istəyirsinizsə, meşələrin qoynundakı yamyaşıl Xanbulan gölünü görüncə cavabı tapacaqsınız.

# 2490
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar