Bu donun altında qadınlar  məşuqlarını   gizlədirdilər
08 fevral 2024 16:37 (UTC +04:00)

Bu donun altında qadınlar məşuqlarını gizlədirdilər

Əsrlər boyu qadınlar gözəl görünmək üçün nələr etməyiblər?

İndi xanımlar formalarını daha cazibədar etmək üçün bədənlərinə süni gel dolduraraq dolğun ombalara, sinəyə sahib olurlar. Orta əsrlərdə də dolğun ombalar dəbdə idi, amma o zamanlar xanımlar buna həkimlərin yox, dərzilərin köməyi ilə sahib olurdular.

Lent.az klassik filmlərdə zadəgan xanımların əynində gördüyümüz panye libasların yaranması barədə maraqlı materialı təqdim edir.

Əvvəllər ətəklərinə qabarıq görkəm vermək üçün üst-üstə 5-6 “yubka” geyinmək dəbdə idi. Sonra bunun yerini səbət donlar aldı. Panye don sözü fransız dilindəki panier - səbət sözündən götürülüb. Donun altından səbətə bənzər yüngül konstruksiya geyinilirdi.

Rusiya və Alamaniyada bu libaslara fijma deyilirdi. Çünki bu ölkələrdə “səbətlər” balina bığı və ya balıq sümüklərindən hazırlanırdı. (Fischbein)

Panye ətəklər 14-cü əsrin sonlarında İspaniyada ortaya çıxıb. 1501-ci ildə İspaniya şahzadəsi Araqon Ketrinin toyuna gələn İngiltərə kraliçası bu dəbi öz sarayına apardı. Dəb oradan Fransaya, Lüdovikin sarayına keçib.

XVIII əsrə qədər bu qabarıq geyimlər xanımların vazkeçilməzi olub. Sadəcə ara-sıra yüngül dəyişikliklərə uğrayıb.

Panyelərin diametri o qədər böyük olurdu ki, centlmenlər xanımlardan 1-2 metr aralı durmaq məcburiyyətində qalırdılar. Saraylarda qadınlar bu öyük libasları ilə kişiləri sıxışdırır, daha çox yer tuturdular. Bu donların diametri bəzən 3 metrə çatırdı. Xanımların qapıdan rahat keçə bilməsi üçün kareta və saraylara böyük qapılar qoyulurdu. Ən böyük panyeləri kraliçalar və hersoginyalar geyinirdi.

Avropa saraylarında bu libas həm də tualet rolunu oynayırdı. Saray xanımları bu libasın altına ləyən qoyub elə ziyafət salonunda hamının gözü qarşısında tualet ehtiyaclarını ödəyirdilər. Çox zaman öz məşuqlarını zadəgan ərlərinin qəzəbindən də elə tumanlarının altında gizlədirdilər.
18-ci əsrin əvvəllərində dəyirmi formalı panyeləri yastı - qayıq formalı panyelər əvəz eləyib. Bu donların öndən enli, yandan dar görünürdü. 

18-ci əsrin sonlarında panye donların altına qoyulan bərk səbətləri yumşaq yastıqlarla əvəz eləyiblər. Bu donların adına “ikiüzlü” deyilirdi. Libasın altından arxasına yastıq bağlamaq dəbi indi də qalmaqdadır.

Bu arada kiçik bir qeyd də yerinə düşər. Orta əsrlərdə Azərbaycan xanımları da enli ətəkləri sevirdilər. Bunun üçün onlar "12 taxta" adı verilən büzməli tumanlar geyinirdilər. Bu ətəklərin hazırlanmasına 12 arşın parça işlədildiyinə görə belə ad verilib. Bizim varlı qadınlar arasında da üst-üstə tuman geyinib, qabarıq forma əldə etmək kimi bir dəbi mövcud idi.

# 5811
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar