Başına şahlıq quşu qonmaq və kül ələmək nə deməkdir? - Belə yaranıb
14 fevral 2024 10:12 (UTC +04:00)

Başına şahlıq quşu qonmaq və kül ələmək nə deməkdir? - Belə yaranıb

Yəqin el dilində işləri birdən-birə yaxşı gedən adamlar haqqında “başına şahlıq quşu qonub”, "başına dövlət quşu qonub" ifadələrinin deyildiyini eşitmisiniz. Kiminsə dilindən  “başına kül olsun” qarğışını da qulağınız çalmış olar.

 Bəs niyə məhz quş və kül?

Lent.az “Belə yaranıb” rubrikasında bu iki ifadənin arxasında gizlənmiş iki qədim ənənədən bəhs edir.

Orta əsrlərdə Şərq dünyasında dövlətlər əsasən monarxiya üsulu ilə idarə olunurdu. Bir şahı taxtda onun övladı əvəz edirdi. Şahın övladı olmayanda bu iş ya vəzirə qalırdı, ya da vəzir bu məqama layiq bilinmirdisə xalqın arasından seçilməyə. Seçkilər isə tamamilə təsadüfi bir üsulla bir növ indiki lotereya oynamağa bənzəyirdi. Ölkə əhalisinə padşah seçiləcəyinə dair car çəkilir, çarçılar insanları müəyyən bir gündə və saatda şəhər meydanına  toplamağa dəvət edirdilər. Hamı toplandıqdan sonra şah sarayında qəfəsdə saxlanılan öyrədilmiş quş (bu əsasən göyərçin və ya tutuquşu olurdu) qəfəsindən azad edilirdi. Quş havada dövrə vurub meydanda dayanmış kişilərdən kimin başına qonurdusa, əhali onu özlərinə şah seçirdi. Qədim Azərbaycan nağıllarında bu üsuldan dəfələrlə bəhs edilib.

Əlbəttə bu qəribə üsul işə hakimiyyətə dəli də gələ bilərdi, ağılsız da. Ona görə sonralar bu ənənə aradan qalxsa da,  “başına şahlıq quşu qonmaq”, ”tale quşu” qonmaq ifadəsi əsrləri aşaraq günümüzə gəlib çatıb. Birinin başına yuxarıdan quş zılı düşəndə ona "dövlətli olacaqsan" deyirlər. əslində bu inanc da dövlət quşu əfsanəsindən qalma inancdır.
“Başına kül ələmək” ifadəsinin isə acı bir  keçmişi var. Qədim türklər əzizlərini itirəndə, yaxın adamları öləndə, evləri dağılanda başların kül və ya torpaq tökərdilər. Başında kül, torpaq olan adamın tifaqının dağıldığı, matəm içində olduğu bilinirdi, insanlar ona təsəlli verməyə, yardım etməyə çalışırdılar. “Kül başına” qarğışı Türkiyədə “toprak başına” ifadəsi şəklində işlədilir.

# 3681
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar