Çingiz Aytmatova vermədiyim sual.......
14 iyun 2020 13:03 (UTC +04:00)

Çingiz Aytmatova vermədiyim sual.......

Nədənsə mənə həmişə elə gəlirdi ki, Çingiz Aytmatovun yaratdığı bütün qəhrəmanlar bizim kənddəndir. Çünki onun psixoloji portretini yaratdığı obrazların az qala hər birinin prototipini bizim kənddə tapmaq mümkün idi. Əlbəttə bir az xəyal gücünü zorlaya bilsən. Hətta Qara Nəri, Gülsarını belə...! Sadəcə Qara Nər bizim kəndimizdə “Küllü Buğa”, Gülsarı “Sona” madyan idi. Bilirsinizmi Gülsarı ilə “Sona”nın rəngi belə eyniydi. Sonralar ədəbiyyat haqqında təsəvvürlərim artdıqca, milli yaxud etnopsixologiyanı öyrənib dərk etdikcə başa düşdüm ki, sən demə Çingiz Aytmatovun doğulduğu Qırğızıstan Respublikası Talas mahalının Şəkər kəndi ilə mənim doğulduğum Ermənistan Respublikası (əslində isə Qərbi Azərbaycan ) Ağbaba mahalının Göllü kəndi arasında heç bir fərq yoxmuş. Hər ikisi qədim türk mədəniyyətinin, mənəviyyatının, milli – etnik yaddaşının, genetik dil kodlarının və nəhayət bədii təfəkkürünün hakim olduğu türk obaları imiş. O qədər eyni imiş ki, yaşlılarımızın “filankəs törəli adamdır ondan ziyan gəlməz” ifadəsindəki törə kəlməsinin Çingiz Aytmatovun atasının adı Törəqulla eyniyyət təşkil etməsi qədər! Ona görə də xarakterlər bu qədər yaxın, psixoloji və ruhi proseslər bu qədər fərqsiz imiş. Elə bu səbəbdən də Çingiz Aytmatov və onun yaradıcılığı bizə bu belə doğmaymış. Ancaq təkcə bizəmi, təkcə türk dünyasınamı... əsla yox. Çünki bu böyük ədib, bu böyük yazıçı insanı, onun ruhi və psixoloji çırpıntılarını milli çərçivədən çıxarıb sadəcə insan səviyyəsinə qaldırmağı bacarmışdı. Ona görə də Çingiz Aytmatov insanlıq tərəfindən sevilir, bütün insanlar tərəfindən eyni doğmalıqla qəbul edilirdi. Mən etiraf edirəm ki, həyatımın bəzi məqamlarında özümü “Ağ gəmi”nin dalınca baxan ya da həsrətlə onun yolunu gözləyən Adsız uşaq kimi, bəzən “Cəmilə” üçün hər cür fədakarlığa hazır olan Danyar kimi, bəzən “Gün var əsrə bərabər”dəki Yedigey kimi hiss etmişəm. Bəzən də ayaqlarında buxov (biz ona “çıdar” deyirdik ) olmasına baxmayaraq biləkləri düşənə qədər öz doğma yaylağına qovuşmaq üçün ayaqlarından olan Qara Ayğırın ağrılarını hiss etmişəm biləklərimdə. Doğrusu öz doğma kəndimə qayıdana qədər o buxovu qollarımda, o ağrıları ürəyimdə hiss edəcəm də...! Ancaq Çingiz Aytmatovun bütün yaradıcılığında qəbul etmədiyim bir obraz var idi..... Manqurt ...!

Nədənsə manqurtu türkə yaraşdıra bilmirdim. Üstəlik Nayman ana kimi anaya belə bir oğulu heç yaraşdıra bilmirdim! Kim bilir bu bəlkə mənim həddindən çox millətsevərliyimdən, bəlkə də millətimin övladını belə çarəsiz görmək istəmədiyimdən, bəlkə də ürəyimin dərinliklərində həddən artıq mərhəmətli olmağımdan, Ağ Mayanı minib çöllərə düşən Nayman anaya yazığım gəldiyindən idi. Bilmirəm....!..ama hər halda belə idi! Ona görə də bu obrazı nəyə görə yaratdığını böyük ustaddan mütləq soruşmaq istəyirdim! Ancaq illər ötdükcə, tariximizi daha dərindən öyrəndikcə, həyat reallıqlarını obyektiv əsaslarda başa düşdükcə və ən əsası millətimizin tarix boyu neçə acılardan, faciələrdən gəldiyini oxuduqca və bu prosesdə elə son Qarabağ savaşında içimizdən olan xəyanətkarların manqurt olduqlarını anlayınca artıq Çingiz Aytmatova bu sualı vermək həvəsim azalıb- azalıb yox oldu........ Günlərin bir günü isə ona adi bir məişət sualı verməli oldum...... 

2008-ci ilin fevral ayı idi. Həmin il Çingiz Aytmatovun 80 illik yubiley tədbirlərini hətta Qırğızıstandan da qabaq Azərbaycan başlatmışdı. Azərbaycan Prezidenti İlham Əliyev Çingiz Aytmatova dostluq ordeni vermiş və onu şəxsən təltif emişdi. Mənə də onun Azərbaycan səfərini müşayiət etmək şərəfi nail olmuşdu. Bir həftə boyunca bu böyük insanla ən müxtəlif tədbirlərdə olduq. Bir gün səhər tezdən növbəti tədbirlərə qatılmaq üçün Çingiz Aytmatovu qonaqladığımız “Yaxt Klub” otelinə gəldim. Sübhün təzə açılmasına baxmayaraq Ustadı səliqə - sahmanla geyinmiş halda foyedə oturan gördüm. Ona verdiyim ilk sualım, Çingiz Torekuloviç necə yatdınız, oldu. Çox təmkinlə başını yuxarı qaldırıb aram-aram, sözləri tək- tək tələffüs edərək – mən yata bilmirəm ki, oğlum, dedi! Doğrusu onun bu cavabı məni bir az təəccüblədirdi və bir az da təşvişə saldı. Düşündüm ki, bəlkə yeri yaxşı olmayıb... ona görə yata bilməyib... Mənim təlaşımı hiss edən Aytmatov, yox oğlum, mən ümumiyyətlə yata bilmirəm dedi və dərhal mənim...niyə? sualımla qarşılaşdı. Azca düşünüb sualıma sualla cavab verdi.... Sən mənim hansı əsərlərimi oxumusan? ...Çingiz Torekuloviç qələminizdən nə çıxıb hamısını oxumuşam dedim və verə biləcəyi mümkün suallara cavab tapa bilmək üçün tez yaddaşımı səfərbər etməyə başladım. Sanki bir imtahan verəcəkdim. Çingiz Aytmatova isə öz yaradıcılığından imtahan vermək o qədər həyəcanlı və xoş idi ki, əsla səhvə yol vermək istəmirdim.... elə bu dəm hansı obrazları xatırlayırsan dedi.....Gülsarıdan Qara Nərə, Yedigeydən Danyara, Çorodan Tanabaya qədər ...hamısını.... Məmnun halda azacıq gülümsəyərək, bax oğlum gözümü yumar-yummaz o obrazların hamısı yığışır başıma səhərə qədər mənimlə söhbət edir, yatmağa qoymurlar.....! Dərindən bir nəfəs alıb bir o qədər də dərindən bir kədər hiss keçirdim. Ona görə dərindən nəfəs aldım ki, böyük ustadın yuxusuzluğunun səbəbkarı biz deyildik. Ona görə kədərləndim ki, insan psixologiyasının ən incə və ən dərin qatlarını yaratdığı obrazlarla izah edən bu böyük yazar üçün həmin obrazlarla dialoq nə qədər də çətin ola bilər!

Araya sükut çokdü. İçimdəki “gəncliyim” təlaşla məni manqurtla bağlı illərlə zehnimi məşğul edən sualı soruşmağa çağırırdı. Ancaq mən o sualı Çingiz Aytmatova vermədim.... Çünki həyat özü o sualın cavabını mənə vermişdi......!

Hikmət Babaoglu

Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5866
avatar

Oxşar yazılar