“Azərbaycan xalçası” Budapeştdə çap edilib - FOTO
30 iyun 2011 13:13 (UTC +04:00)

“Azərbaycan xalçası” Budapeştdə çap edilib - FOTO

Azərbaycan Macarıstandakı səfirliyinin təşəbbüsü və yardımı ilə tanınmış xalçaçı alim, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin rəhbəri, sənətşünaslıq doktoru Röya Tağıyevanın “Azərbaycan xalçası” kitabı Budapeştin “Korvina” nəşriyyatında 1000 nüsxə tirajla nəfis şəkildə çap edilib.


Azərbaycanın Macarıstandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, 1795-ci ildən fəaliyyət göstərən “Korvina” nəşriyyatı əsasən, sənətşünaslıqla bağlı əsərlərin, dünya rəssamlarının albomlarının, təsviri sənət nümunələrinin nəşri üzrə ixtisaslaşıb.


Kitabı macar dilinə Andraş Soproni tərcümə edib. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev əsərə xalçanın Azərbaycan xalqının maddi-mədəni həyatında və məişətində oynadığı böyük roldan bəhs edən “Ayrılmaz yol yoldaşımız – Azərbaycan xalçası” adlı müqəddimə yazıb. Əsərə xalçaçılığın tarixi, texnologiyası, xalçaçılıqda istifadə edilən alət və materiallar, xalça məmulatlarının növləri və çeşidləri, Azərbaycan xalçalarının Qərbi Avropa rəssamlarının əsərlərində əks olunması ilə bağlı 100-dən artıq ağ-qara və rəngli illüstrasiyalar daxil edilib. Macar sənətşünaslarının böyük maraqla qarşıladıqları kitabın yaxın vaxtlarda Budapeşt təsviri sənət muzeyində təqdimatının keçirilməsi nəzərdə tutulub.
# 597

Oxşar yazılar