Tarix Muzeyi yeni eksponatların tapıntısına 300 min manat xərcləyib
03 may 2011 13:43 (UTC +04:00)

Tarix Muzeyi yeni eksponatların tapıntısına 300 min manat xərcləyib

Lent.az-ın məlumatına görə, Tarix Muzeyinin direktoru, tarix elmləri doktoru, professor Nailə Vəlixanlı bildirib ki, sərgidə yeni tapılmış eksponatlar nümayiş etdirilir: “Azərbaycan Tarix Muzeyi yarandığı gündən muzeyə gələnləri keçmişə aparır və yenidən geriyə, indiki zaman qaytarır. Bu da, əlbəttə ki, muzeydə illər uzunu toplanan və ekspozisiyada sərgilənən eksponatların sayəsində baş verir. Muzeyin işçiləri rayon-rayon Azərbaycanı gəzib muzey üçün material və məlumatlar toplayıblar”.

N. Vəlixanlı deyib ki, arxeoloqlar ölkə ərazisində apardığı qazıntıların və sualtı axtarışların nəticəsində də bir çox materiallar əldə ediblər. Direktorun sözlərinə görə, bu yeni tapıntılara dövlət başçısı tərəfindən ayrılan 1 milyon manatdan 300 min manat xərclənib. Nəticədə muzey 3000-ə yaxın tarixi əhəmiyyətli material əldə edib və bu tapıntılar arasında qablar, tikmələr, xalçalar, qızıl və gümüş əşyalar, orden və medallar, möhürlər, üzük möhürlər, sikkə dəfinələri, miniatürlər, arxeoloji tapıntılar, qədim geyimlər, əlyazmalar, qrammofon da var.

Direktor onu da qeyd edib ki, yeni eksponatlar müxtəlif fondlarda qorunacaq: “Nə qədər itirilmiş incilərimiz var. Onları çox zaman əlimizdə tuta bilmirik. Ancaq hamılıqla əlimizdə olan inciləri qorumalıyıq”.

Daha sonra tədbir iştirakçıları “İrsimizin itirilməmiş inciləri” sərgisində nümayiş etdirilən yeni eksponatlarla tanış olublar.

Xəyalə
# 617

Oxşar yazılar