“Molla əmi”nin 105 yaşı
20 aprel 2011 17:01 (UTC +04:00)

“Molla əmi”nin 105 yaşı

O zaman Qafqazın mərkəzi şəhəri olan Tiflisdə bir günəş parladı. Elə bir günəş ki, bütün qaranlıqlara öz ziyası ilə işıq salacaqdı. Onun işığı Qafqazda bütün Şərqə, Rusiyaya, Avropaya qədər yayılacaqdı. Bu işığı şölələndirənsə ətrafına dövrün ən işıqlı adamlarını toplayaraq bütün cəhalətə, köhnəliyə, mövhumata, savadsızlığı qarşı var qüvvəsi ilə mübarizə aparacaq, yatmışları oyadacaq “Molla əmi” olacaqdı. O Molla əmi ki, yeni çıxardığı bir jurnalla – “Molla Nəsrəddin”lə bütün qapıları var gücü ilə döyüb deyəcəkdi: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər məsələn fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə...”

O hələ bizə çox şeylərdən danışacaqdı... “Molla Nəsrəddin”in başına toplaşanlar Novruzəlilərə, Usta Zeynallara, Məmmədhəsən əmilərə, Vəlilərə, Zeynəblərə, Fatmalara, Tükəzbanlara hər şeydən, öz hüquqlarından tutmuş, dillərinə, vətənlərinə qədər çox şeydən danışacaqdılar. Və bu yolla da “Molla Nəsrəddin” işıq salacaqdı, min illərin qaranlığına gömülmüşlərin ürəyinə. Onun səsi çox uzaq yerlərə gedib çıxacaqdı, hər yerdən duyulacaqdı, onun səsi. Şərqdə Hindistandan – Qərbdə Avropaya, Şimalda Rusiyadan – Cənubda İraqa, Suriyayadək.

“Molla Nəsrəddin” işığına toplaşanlar qısa zaman ərzində od salacaqdı Çar Rusiyasının buza dönmüş ürəyinə. Maneələr yaradılacaqdı “Molla əmi”nin xalqla görüşünə. Buna görə də Tiflisdən getmək məcuriyyətində qalacaqdı “Molla Nəsrəddin”. Amma növbəti ünvan da yad yer olmayacaqdı. “Molla əmi” o yerə gedəcəkdi ki, orda onu sevən, ona bağlı olan dili bir, dini bir qardaşları olacaqdı. Jurnalın növbəti dayanacağı Təbriz şəhəri olacaqdı. Amma bu dəfə də “Molla əmi”nin sevinci uzun sürməyəcəkdi. O, indi də İran şahının kürkünə birə salacaqdı. Və sonuncu qapıya, Bakıya üz tutmalı olacaqdı....

Fasilələrlə də olsa bütün ağrılı-acılı yollardan, qaranlıqlardan, hədyanlardan, hərbə-zorbalardan, təhdidlərdən keçərək, düz 25 il xalqın görüşünə gələcəkdi “Molla Nəsrəddin”. Özü də yeni-yeni xəbərlərlə, bol-bol töhfələrlə....

Bu 25 ildə çox iş görəcəkdi Şərq və bütün Azərbaycan üçün. Hər şeydən söhbət açacaqdı. “Vətən sevgi”sindən tutmuş “Dil sevigisi”nədək, “Dərdimiz(dən tutmuş) dərmanımız”adək “Hamamlarımız”dan “Poçt qutusu”nadək, “Quzu”dan “Oğru inək”ədək, “Pirverdinin xoruzu”ndan “Konsulun arvadı”nadək...

Özü ilə bərabər satirik hekayə, satirik felyeton, satirik şeir, taziyanə kimi yeni janrlar gətirəcəkdi ədəbiyyatımıza “Molla Nəsrəddin”...

Məşədi Sijimqulu, Kefsiz, Hop-hop, Filankəs, Behmankəs, Cüvəllağı kimi yeni imzaları tanıdacaqdı ölkəmizdə...

...Və 105 il sonra da öz böyüklüyünü, əlçatmazlığını, əzəmətini qoruyub saxlaya biləcəkdi “Molla Nəsrəddin”. Çünki var qüvvəsi, bütün gücü ilə Azərbaycan adlı məmləkətə, vətənə, onun xalqına xidmət edən “Molla Nəsrəddin” xalqın sevimlisinə çevrilməyi bacarmışdı.

Axı jurnalın yaradıcısı və baş redaktoru Mirzə Cəlil Məmmədquluzadə “Qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir”, deyirdi. Məhz “Molla Nəsrəddin” öz qısa, lakin şanlı tarixi ilə bunu bacaracaqdı.

Elə fikrimi də Molla əminin sözləri ilə bitirirəm:

“Sözümü tamam etdim, ancaq bir üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki mən siz ilə türkün açıq ana dili ilə danışıram...”

“Bəzi vaxt mən özüm-özümdən soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm ki, “biz heç bir şeyik”.

Amma qəribə burasıdır ki, özgələr bizi bir şey hesab edirlər və hesab edib başlayırlar qorxmağa.

Bəlkə elə belə də lazımdır ki, bizi bir şey hesab edib bizdən ehtiyat eləsinlər?!...”


Elmar Hüseynov
# 1139

Oxşar yazılar