Məlahət Abbasova TRT-Avazın aparıcısı oldu - MÜSAHİBƏ
11 sentyabr 2009 14:00 (UTC +04:00)

Məlahət Abbasova TRT-Avazın aparıcısı oldu - MÜSAHİBƏ

"Mənim üçün mühüm olan Vətəndə yaşamaq deyil, Vətəndən uzaqlarda Vətən və Xalqın adına layiq gözəl işlər görməkdir"

...Məlahət Abbasova ilə 20 illik fasilədən sonra yenidən görüşdük. Bu zamana qədər onun haqqında yalnız Türkiyə və Azərbaycan mediasından, ortaq dostlarımızdan məlumat alırdım. Bir igidin ömrü qədər olan bu müddət ərzində 100 igidin görə biləcəklərindən daha çox iş gördüyünü bilirdim.

İllər Məlahəti dəyişməyib. İçindəki Azərbaycan sevdası, gözlərindəki işıq, səsindəki səmimiyyət... hər şey 20 il öncə gördüyüm və duyduğum kimidir.

Məlahət qardaş ölkədə - Türkiyədə sadəcə sevdiyi sənətlə, öz karyerasını inkişaf etdirməklə məşğul olmur, gördüyü hər bir işdə, atdığı hər bir addımda Azərbaycan sözünü xatırladır. Həm də sonsuz bir sevgi ilə...

Məlahət öz şəxsi keyfiyyətlərinin və yaratdığı obrazların timsalında Azərbaycan türkünün ən gözəl cizgilərini, iç dünyasını türk insanına təqdim etməyi bacarır.

Mədəniyyət olduqca böyük qüvvədir. Xüsusilə də teatr və kino sənəti. Bəzən 100 qəzet məqaləsinin, yaxud televiziya verilişinin deyə bilmədiklərini aktrisanın bir baxışı, təbəssümü ilə tamaşaçıya, onun heç zaman unuda bilməyəcəyi bir şəkildə çatdırmaq mümkündür.
Məlahət Abbasova eyni millətin türklüyə düşmən kəsilən imperiyalar tərəfindən yüzillər boyu qoparılmış mədəniyyət bağlarının bərpa olunması uğrunda gerçək bir mücadilə aparan azsaylı insanlarımızdan biridir.

Türkiyə-Azərbaycan münasibətlərinin millətimizin "dildə, fikirdə və işdə birlik" təməli üzərində qurulması üçün isə mədəniyyətdən daha dayanıqlı heç bir körpü yoxdur.
Böyük Hüseyn Cavidin 100 il öncə qələmə aldığı

"Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!"

misraları, zənnimcə bu gün türklüyün, türk insanının, türk dövlət və topluluqlarının əsas şüarına çevrilməlidir.

...İlk virtual təmasımızda və telefon söhbətimizdə tələbəlik illərimizi, səmimi, təmənnasız dost münasibətlərimizi xatırladıq. Gözəl günlər idi...
Məlahət hələ tələbəlik illərində çoxlarının bütün karyerası boyu qazana bilmədiklərini əldə etmişdi.

İlyas Əfəndiyevin eyni adlı pyesi əsasında rejissor Gülcahan Gülməmmədovanın lentə aldığı "Sən həmişə mənimləsən" televiziya tamaşasını və Məlahətin yaratdığı "Hargilə" obrazını yəqin ki, çoxları xatırlayır. 1987-ci ildə Məlahətin sənət ulduzu parlamağa başladı. Elə həmin il də rejissor Tofiq İsmayılovun Əkrəm Əylislinin ssenarisi əsasında çəkdiyi "Sürəyya" filmində baş rolun ifaçısı oldu. Akademik Milli Dram Teatrının səhnəsindəki uğurlu obrazları, gənc yaşlarında qazandığı tamaşaçı sevgisi, şöhrət və alqışlar Məlahəti zərrə qədər də dəyişmədi. O, bütün davranışlarıyla tələbə dostlarından fərqlənməməyə, diqqətdən kənarda qalmağa çalışırdı.

...20 illik zaman kəsiyindən, Türkiyədə qazandığı böyük uğurlardan sonra Məlahətin zərrə qədər də olsun dəyişmədiyinə heyrətləndim. Qəzetimiz üçün müsahibə istədikdə mənə Türkiyənin ünlü şairi Yağmur Tunalının Bəxtiyar Vahabzadə haqqındakı "Şəkiyə qar yağanda" yazısını göndərdi!...

Bəlli bir zamandan sonra yenidən müsahibə mövzusuna qayıtdıq və nəhayət ki, özü haqqında danışmağa razı sala bildim:

- Salam, Məlahət!

- Salam.... Elçin... Hecəsən?

- Yaxşı! Əla da demək olar. Sən necəsən?

- Antalyaya TRT-Avaz üçün "Sərhəd tanımayan eşqlər" proqramının çəkilişlərinə yollanırıq. TRT-Avazın prodüseri İradə Rəfizadə də mənimlədir. Vaxtilə AzTV-də çalışıb...

- Tanıyıram.

- Tanıyırsan?

- Əlbəttə.

İradə xanımla danışırıq.

- Aman Allah gör nə qədər vaxt keçib...

- Elədir, artıq 18 ildir İstanbul Şəhər teatrında işləyirəm.

- Hə etmisən bu 18 ildə?

- İyirmiyə yaxın rolda oynamışam. Əvvəllər diksiyamdan ötəri kiçik rollarda oynayırdım. İndi bu problem də aradan qalxdığı üçün gözəl rollar oynamağa başlamışam. Sentyabrın 16-da "İntiharın baş məşqi" adlı yeni bir tamaşanın məşqlərinə başlayacağam. Bu tamaşanın ikinci rejissoruyam.

- Deyəsən son zamanlar rejissorluğa daha çox vaxt ayırırsan?

- Teatrda rejissor kimi də fəaliyyət göstərirəm. Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə çevirmən və onların teatrda daha yaxından tanınması üçün əlimdən gələni edirəm.

- Yazıçılarımızın əsərlərini Türkiyə türkcəsinə sən özün çevirirsən?

- Təbii. Türkiyə şəhər teatrının tarixində ilk tamaşaya qoyulan ilk pyesi - Bəxtiyar Vahabzadənin "İkinci səs" əsərini türkcəyə mən çevirmişəm. Bu tamaşa ilə həm də ilk rejissorluq addımımı atdım. Bu tamaşada rejissor köməkçisi oldum. Ondan sonra 5 il teatrın repertuarda olan ingilis yazıçısı Bernardo Sladenin "Seneye bu gün", italyan dramaturqu Luci Pirandellonun "Axmaq", "Siciliya limonları" və "Ağzı çiçəkli adam" əsərlərini rejissor kimi səhnəyə qoydum. Ən sonda isə sevimli yazıçımız Elçinin "Qatil" əsərini türkcəyə çevirdim və "Ulduzlar altında cinayət" adı altında səhnə quruluşu verdim. Qeyd edim ki, sonuncu tamaşa mənə böyük uğur gətirdi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dəvətilə Bakıya qastrola gəldik. Ukraynada keçirilən teatr festivalına qatıldıq. Keçən il Dünya Azərbaycanlıları Konqresinin Rusiya təmsilçisi Mirəşrəf Fətiyevin dəvətilə Moskvaya getdik və böyük uğur qazandıq. İstanbul şəhər teatrı öz tarixində ilk dəfə məhz Elçin Əfəndiyevin tamaşasayla Moskvaya qastrola getdi. Bu hadisə Türkiyədə də böyük əks-səda doğurdu. Hələ də repertuarda olan bu tamaşa 156 dəfə oynanılıb. Bundan başqa, Rüstəm İbrahimbəyovun "Şirə bənzər" tamaşasında rejissor köməkçisi, Anarın "Təhminə və Zaur" əsərində tərcüməçi kimi çalışdım. Yenə də Elçinin "Arılar arasında" və "Şekspir" əsərlərini Türkiyə türkcəsinə çevirərək teatrın repertuarına təqdim etdim. Hazırda teatrımızın repertuarında sabiq xarici işlər naziri Həsən Həsənovun "Brüsseldən məktublar" tamaşası da var. Anarın "Telefon səsləri" əsəri üzərində də çalışmalarımı davam etdirirəm. Sırada bir çox Azərbaycan yazıçısının əsərləri var ki, onların da teatrlarda səhnəyə qoyulmasına çalışıram.

- Azərbaycanda səni bağlı daha çox seriallarda görürlər...

- İndiyədək 17-yə qədər serialda oynamışam. Ən son oynadığım “1001 gecə” serialı mənə böyük uğur gətirib. Bir çox ölkədə göstərilən "1001 gecə" serialı apreldən etibarən bütün ərəb ölkələrində nümayiş etdirilir. Bilirsən nə qədər məktub alıram?... "1001 gecə"dəki Mehriban roluma və Elçinin "Ulduzlar altında cinayət" tamaşasına görə 2007-ci ildə Burc Kolleclərinin "Özəl jüri (münsif-E.M.)" mükafatını aldım. Daha nə deyəcəkdim... "Qanaq" adlı bir filmə çəkilmişəm və çəkilişlər yenicə başa çatıb. Oktyabrın 30-da kinoteatrlarda göstəriləcək. Daha iki filmə də dəvət almışam. Onlardan birinin çəkilişləri oktyabrda başlayacaq.

- Mətbuatda Elçinin "Mahmud və Məryəm" dastanı əsasında çəkiləcək filmdə də rol aldığın barədə məlumat yayılmışdı...

- Doğrudur, bu mənim üçün çox böyük hadisədir. Çünki bu filmin çəkilişini Türkiyə çox böyük işlərdə imzası olan "24 kare" Film Şirkəti öz üzərinə götürüb. Bu filmdə həm oynayacağam, həm də supervizor kimi çalışacağam. Daha öncə də çəkdikləri bədii və sənədli filmlərlə dünyanın iyirmiyə yaxın ölkəsində böyük uğurlara imza atan prodüsser Sevda Kayqısız bu filmin də uğur qazanacağına əmin olduğunu və 12 xarici ölkədə nümayiş etdiriləcəyini bildirir. Filmdə Türkiyənin tanınmış sənətçilərilə bərabər, Azərbaycanın da tanınmış aktyorları oynayacaqlar. Çəkilişlər Azərbaycanda, Qarsda və Ərzurumda aparılacaq. Bu layihə Türkiyə və Azərbaycan üçün bir ilkdir və mənim üçün çox böyük qürurdur.

- Ötən söhbətimizdə TRT-Avazla da bir işbirliyinizin olduğunu demişdin...

- Bir zamanlar AzTV-dən tanıdığımız və hazırda TRT-Avaz kanalında prodüsser olaraq çalışan İradə Rəfizadə-Korukluoğlundan özünün prodüser və rejissoru olduğu "Sərhəd tanımayan eşqlər" adlı proqramına aparıcı olmam üçün təklif gəldi. Doğrusu, buna çox sevindim. Heç düşünmədən qəbul elədim. Qeyd edim ki, Adnan Suerin baş koordinatoru olduğu TRT-Avaz Azərbaycanın İctimai Televiziyasıyla çox gözəl və uğurlu proqramlara imza atıb. Bu proqramlar bir çox ölkədə sevə-sevə izlənilir. Sevimli rəfiqəmin proqramında və TRT-Avazda olmaqdan da qürur duyuram. Bu proqramla böyük təcrübə qazanacağıma inanıram.

-İnşallah!

- Özüm haqqında danışmaqdan özüm də yoruldum. İnşallah sən yorulmazsan...

- Mən zərrə qədər də yorulmadım. Deyəcəyin bir şeylər varmı?

- Həyatımdakı bütün bu gözəl dəyişikliklər üçün öncə Allaha, sonra Gülcahan Güləhmədova-Mirtinovaya və qarşıma çıxan bütün gözəl insanlara təşəkkür edirəm. Mənim üçün mühüm olan Vətəndə yaşamaq deyil, Vətəndən uzaqlarda Vətən və Xalqın adına layiq gözəl işlər görməkdir. Bu mənim bütün həyatımın şüarıdır.

- Sənə yalnız və yalnız uğur diləyirəm. Allaha əmanət...

- Haydı, sağlıqla qal. Görüşmək üzrə.


Elçin Mirzəbəyli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1802

Oxşar yazılar