Alim Qasımov: “İstəklərimi musiqiyə çevirə bilən bəstəkar yoxdur” - MÜSAHİBƏ
09 sentyabr 2009 10:00 (UTC +04:00)

Alim Qasımov: “İstəklərimi musiqiyə çevirə bilən bəstəkar yoxdur” - MÜSAHİBƏ

Xalq artisti Alim Qasımovun Lent.az-a müsahibəsi

- Alim müəllim, mən bu qapıdan içəri girəndə artıq söhbət üçün mövzü yarandı. Musiqiçilərinizdən biri ilə dialoqda dediniz, muğam bəyəm elə qışqırmaqdır? Çoxları muğam ifası deyəndə zildən ifa etməyi nəzərdə tuturlar.

- Əlbəttə, xanəndə, sənətkar deyəndə onun bəmi də, zili də, orta səsi də olsa, daha yaxşıdır. Bizdə Hacıbaba Hüseynovun o qədər də zil səsi olmayıb. Muğamların öhdəsindən gəlib. “Şahnaz” muğamı dillərdə yaşayr. Amma muğamın öz ruhu, canı-cəsədi var, onu çatdıra bildin, sənin diapazonun maraqlı deyil. Ona görə də elə mənim kimi, gah zildən, gah da bəmdən axtaracaqsan...

- ...Siz tərz olaraq digər muğam ifaçılarından fərqinizi hiss edirsiniz?

- Fərq var. Düşünürəm ki, bu, əziyyətlərlə başa gələn, məktəbdə öyrənilməyən bir yol idi ki, insan özü əziyyətlə tapır. İnsan özü-özünə qapılmalıdı, canlı aləmdən ayrılıb, başqa bir aləmə düşməlidi ki, orda onun yaratdığı sənət dadlı, tamlı olsun.

- İfanızda muğamdan ayrılıb ilahi musiqilər oxumaq istəyi hiss olunur. Ola bilər ki, get-gedə sırf ilahi musiqilər oxuyasınız?

- Vallah, elə bizim musiqilərin sözlərini istisna etsək, ilahi musiqidir. Axırı ora gedib çıxır. Qəzəllərimizdə bu elementlər var, düzdü, xalq mahnılarımızda hiss olunmur. Sonuncu dəfə Yaponiyada olanda bizə dedilər ki, elə bil cənnətdən gəlmisiniz... Mən orada cənnət sözləri oxumamışdım ki, demək, musiqi ovsunlayıcı musiqidir, dinlədikcə adam özünü cənnətdə hiss edir.

- Musiqişünasların çoxu Sevda Ələkbərzadənin Avropa arenasına çıxardığı musiqiləri bəyənmir. Onların fikrincə, Qərbə qərb meylli musiqilərlə çıxmaqdansa, etnik musiqi ilə, muğamla çıxmaq lazımdır. Azərbaycan muğamı bütün dünyaya sübut etməlidir.

- Bunlar ayrı-ayrı şeylərdir. Bəyəm sintez asandir? Calamağa da böyük ustalıq, məharət lazımdır. Sevda muğamı da bilir, estradanı da bilir, baxır onun “montaj”ı necə gedir. Sintez özü əgər ürəkdən gəlirsə, daim yaşayacaq. Yox, elmi-nəzəri şəkildə, fikirlə, başla araya-ərsəyə gəlirsə, müvəqqəti bir şey olacaq.

- Bayaq da qeyd etdiyim kimi, musiqiçilərin əksəriyyəti israr edir ki, Azərbaycan yalnız etnik muğamını bütün dünyaya sübut etməlidir.

- Onun heç nəyə aidiyyəti yoxdur. Əsas odur ki, yaratdığın sevilsin. Muğamı sintez edib oxuyanda başqalarının oxumasına mane olmurlar ki! Muğam bir adamın əlində olsaydı, çoxdan korlanmışdı. Ona qalsa, imperiyalar, siyasi dairələr vaxtilə çox çalışırdılar ki, muğam məhv olsun. Muğam bizə nəsib olan mənəvi qidadır.

- Belə çıxır ki, muğamdan yeni üslub yaratmaq o qədər də dəhşətli və inqilabi deyil?

- Mənim zənnimcə, yox.


- Alim müəllim, muğamı kişilər yaxşı oxuyur, yoxsa qadınlar? Qızınız Fərqanə də sizin tələbənizdir.

- Onun fərqi yoxdur, ifaçı ifasını gözəl icra edirsə, elə sənətkar da odur. Fərqanə təkcə mənim tələbəm deyil, çox sənətkarlardan dərs alıb. Fərqanə hələ açılmamış istedadir, hətta bəzən mənə elə gəlir ki, atasına hörmət edib, gücünü sərgiləmir. Vaxt gələcək, Fərqanə öz potensialını göstərəcək.

- Sırf ilahi musiqilər, yeni bəstələr oxumaq fikriniz yoxdur? Sənətçi üçün yeni bəstə, ifa yəqin ki, vacibdir.

- Var, əlbəttə, çox istərdim. Amma neyləyim ki, yaxşı bəstələr, bizim qavrayacağımız şəkildə sözlər, musiqilər yoxdur. İndiyə qədər bir çox bəstəkarlara müraciət etmişəm, lakin bizi razı salan musiqi nümunəsinə rast gəlməmişəm.

- Bu mənada demək ki, bəstəkarlardan narazsınız, hə?

- Narazı deyəndə, sadəcə, mənim istəklərimi musiqiyə çevirə bilən bəstəkar yoxdur.

- Müqəddəs Ramazan bayramı ərəfəsində nə əcəb konsert proqramı ilə çıxış etmirsiniz?

- Açığı, ürəyimizcə olan olan konsert istəyirəm.

- Sizi nə qane etmir, tamaşaçı?

- Yox, Allaha şükür, tamaşaçı sarıdan nigarançılığımız yoxdur. Amma bayaq da dedim, eyni proqramla hər dəfə tamaşaçı qarşısına çıxmaq olmur. Qaldı bayram konsertinə, bu yaxınlarda Gəncəyə konsertə yola düşəcəyik. İnşallah, istədiklərimiz bir-bir olar...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2120

Oxşar yazılar