“Dövlət və din” dərgisinin növbəti sayı çıxdı
20 avqust 2009 14:30 (UTC +04:00)

“Dövlət və din” dərgisinin növbəti sayı çıxdı

Dövlət Komitəsinin nəşrində vəhhabilərlə bağlı yazı da var

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və din” dərgisinin 4-cü sayı işıq üzü görüb. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplunun “Rəsmi guşə” bölümündə prezident İlham Əliyevin “Təzəpir” məscid kompleksinin yenidən istifadəyə verilməsi mərasimindəki iştirakı və nitqi, habelə din xadimlərinin çıxışları yer alıb.
Oxucular toplunun “Azərbaycan gerçəkliyi” bölməsində Nailə Süleymanovanın “Azərbaycanda təcvid elmi” və Aynurə Məmmədovanın “Azərbaycanda Quran tədrisi və hafizlik” yazıları ilə tanış ola bilərlər.
“Cəmiyyət və din” başlığı altında ilahiyyatçı Günel Yusifinin “Dövlət-din münasibətlərinin tənzimlənməsində Türkiyə təcrübəsi”, Rahil Nəcəfovun “İbn Xaldun fəlsəfəsində irrasional bilik və vəhy elmi”, Radif Mustafayevin “İslamda cəmiyyət modeli”, Zamin Məmmədovun “Dini qurumların qeydiyyatında yeni mərhələ” və s. yazılar yer alıb.
Dərginin”Tarixə pəncərə rubrikasında Musa Quluzadənin “Azərbaycan Xalq Cumhiriyyəti dövründə (1918-1920) din münasibətləri”, Cahandar Əlifzadənin “Hicrət: İslam tarixində yeni dövrün başlanğıcı”, Vüqar Əliyevin “Səlib yürüşləri”, Nicabət İslamovanın “Osmanlı-Qaraqoyunlu münasibətləri” kimi məqalələri işıq üzü görüb.
“İslam həqiqətləri” bölməsinə Nəriman Qasımoğlunun “İslam və millilik”, Anar Əliyevin “İslam sülh və barış dinidir”, Tərxan Paşazadənin “İslam fəlsəfəsi” adlı məqalələri və digər yazılar daxildir.
Toplunun “Əsrlər və şəxsiyyətlər” bölməsində oxucular Səidə Əli qızının qələmindən Əhməd bəy Ağaoğlu irsində İslamın yeri haqda məlumat alacaq, Qadir Səfərovun müəllifi olduğu yazıda isə İbn Ərəbinin həyat və yaradıcılığı ilə tanış ola biləcəklər.
Ənənəvi “Dinlər, təriqətlər, cərəyanlar və təlimlər” başlığı altında Abutalıb Məmmədovun “Vəhhabi təfəkküründə şirkin meyarı”, Anar Əlizadənin “İlkin dini təsəvvürlər səmavi dinləri inkar edirmi?” və Namiq Zeynəddinin “Siqhizm” adlı məqaləsi çap olunub.
Toplunun “Abidələr” bölməsində Bədircahan Əmrullah qızı oxuculara arxeoturizmin inkişafında İlisu abidələrinin rolu barədə məlumat verib.
“Dövlət və din”in bu sayında da dini terminlərin izahlı lüğətinin nəşri ənənəsi davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020

Oxşar yazılar