Dədə Süleyman: “Konsert verdiyim yerə iki dənə bomba düşdü...” - MÜSAHİBƏ
14 fevral 2009 13:00 (UTC +04:00)

Dədə Süleyman: “Konsert verdiyim yerə iki dənə bomba düşdü...” - MÜSAHİBƏ

Ustad xanəndə 70 yaşının tamamında Lent.az-a danışdı

Bu gün tanınmış muğam ustası Süleyman Abdullayevin - Dədə Süleymanın 70 yaşı tamam olur. Düzü, Lent.az-a müsahibə almaq üçün ona zəng vuranda Süleyman müəllimin yubiley günündə başı qarışıq olacağını düşünürdük. Amma məlum oldu ki, hər il ad gününü dostlarıyla qeyd eləyən Dədə Süleyman bu il 14 fevralda heç bir təntənə düzəltməyəcək.

- Bu il ad günüm, daha doğrusu, yubileyim məhərrəmliyə düşdü. Ona görə də qonaqlığı saxladım martın əvvəlinə. İnşallah, martın əvvəlində dost-tanışı yığıb, hər ilki kimi bir tədbir keçirəcəm.

- Bəs məsələnin rəsmi tərəfi?

- O barədə hələ ki bir səs-soraq yoxdur. Heç özüm də heç yerə müraciət eləməmişəm. Belə şey mənim xasiyyətimə yaddır.

- Ad gününüz də “Valentin günü”nə düşür...

- Yox, ta o “den Valentin” döyül ki...Ta bizim öz sevgililər günümüz var də, iyunda keçiririk.

- Adətən yubilyarlar hökumətdən umacaqlarını mətbuat vasitəsilə açıqlayırlar. Siz nə istəyərdiniz?

- Mən prezident təqaüdçüsüyəm. Özü də bu təqaüdü mənə Heydər Əliyev şəxsən özü verib. Allah ona rəhmət eləsin. Bu təqaüdün təyin olunduğu birinci siyahıda mənim adım da olub. Sonra bir-iki söz-söhbət çatdırıblar ona.

- Nə çatdırıblar?

- Nə bilim, çatdırıblar ki, guya mən cəbhəçiyəm, siyasətçiyəm. Mən də xanəndəlikdən başqa heç bir işlə məşğul olmuram. Bunu hamı bilir. Heydər Əliyev də bu söz-söhbətlərə inanmayıb. Hə, demək istədiyim odur ki, hökumətdən bir umacağım yoxdur. Yubiley günümdə də prezidentimizdən bircə şeyi istəyirəm - Qarabağı azad etməyi. O günü də inanıram ki, inşallah, görəcəyəm.

- Eşitdiyimizə görə, tez-tez cəbhə bölgələrində olursunuz.

- Bəli, mən cəbhə bölgələrində çox oluram. Füzulidə, Ağdamda, Ağdərədə, Murovda... Özü də tapşırıqla yox ha, öz istəyimlə gedirəm. Məndən soruşurlar ki, qorxmursanmı? Deyirəm, mən uşaqlıqda erməniləri çox döymüşəm, ona görə də ermənilərdən heç vaxt qorxmuram. Özümdən asılı döyül. Tək mən yox, azərbaycanlı uşaqların hamısı ermənilərdən qüvvəcə üstün olublar. Dünyada erməni millətindən çörəyi dizinin üstündə olan millət yoxdur. Onlar biznən dolananda yaxşı dolanırdılar. İndi gedin, baxın görün Qarabağda bir erməni qalmayıb. Çünki dolana bilmirlər, qaçıb-gedirlər ora-bura. Əgər ermənilərin arxalarında urus olmasa çomaqnan alarıq Qarabağı. Erməni qorxaq millətdir, özü də erməni milləti ikiüzlü yox ey, mən deyərdim ki, qlobusdular. Qlobus görmüsən də, sifəti olmur.
İndi prezidentimiz də gecə-gündüz çalışır, amma onlarda insaniyyətdik yoxdur, insaniyyəti olmayan düşmənlə isə bacarmaq çətindir. Adamın gərək düşməni də mərd ola.

- Heç Füzuli gedəndən sonra erməniylə rastlaşmısınız?

- Yox. Amma bir dəfə Füzuli alınanda Slavik adlı bir erməni gədəsi Rusetdən mənə zəng eləmişdi. Bir vaxtlar burda “muzıkant” idi. Dedi, getmişəm Füzuliyə ata-anamın qəbrini ziyarət etmişəm. Dedim Slavik, Allah qoysa, Qarabağda görüşərik. Dedi, yox, daha Qarabağı sizə verməyəcəklər. Məndə yandım-töküldüm, ona yaxşı söz dedim. İndi burda açıqlamayacam, amma cavabını yaxşı verdim. Dünən baxıram, görürəm, onların prezidenti deyir, Qarabağ torpağını biz verməyəcəyik. Verməzsən, bizdə də elə oğlanlar var, müharibə eləyərik, başınızı kəsərlər. Dünya İlham Əliyevi dəstəkləyir, onun siyasətini bəyənir. Görün bir cavan prezident kimi Azərbaycanı hara gətirib çıxarıb. Azərbaycanı tanımaq olmur. Bakını cənnət eləyib. Bakıda iki körpü var idi, indi on iki körpü var. Bizim işimizin əngəli ancaq ermənidir, yoxsa Azərbaycan xalqı kimi dünyada yaxşı yaşıyan millət yoxdur. Əgər urus geri çəkilsə, Qarabağı beş günə alarıq. Mən gedirəm, görürəm əsgərlərimizi. Necə uşaqlar var, necə hərbçilər var, komanda gözləyirlər. Fəxri fərmanlarım var, müharibə gedə-gedə mən döyüş bölgələrində olmuşam. Hətta bir dəfə Füzulidə konsert verirdim, konsertimizə iki dənə bomba düşdü.

- Süleyman müəllim, İslam Rzayev müsahibələrinin birində etiraf etmişdi ki, sizin oxuduğunuz 14 təsnif və muğam parçasını başqa heç kim oxuya bilmir. Amma sizin kimi bir sənətkar tələbə hazırlamır. Bunun səbəbi nədədir?

- Səbəbi odur ki, hövsələm çatmır. Amma indi bu yetmiş yaşımdan sonra bəlkə bir-iki tələbə götürdüm. Bir halda ki, İslam Rzayevin adını çəkdiniz, mən bir arzumu bildirmək istəyirəm. Bilirsiniz ki, İslam Rzayev böyük sənətkar, mən deyərdim ki, virtuoz sənətkardır. Onun kimi savadlı muğam biliciləri az-az olur. Eyni zamanda bir məsələni qeyd eləmək istəyirəm ki, Muğam Teatrının yaradılması bilavasitə onun təşəbbüsüylə olub. İslam Ərəbistanda belə bir təcrübəni görmüşdü və təşəbbüs göstərmişdi ki, Azərbaycanda da Muğam Teatrı yaradılsın. Ona görə də mən təklif edərdim ki, Muğam Teatrına onun adı verilsin.

- Dədə adını ilk dəfə kim qoyub sizə?

- Vallah, o adı mənə qoyanda mən heç qoca deyildim. 45 yaşım olardı. Bir tanış tələbəni institutdan qovurdular. Getdim rektorun yanına, o da yaxşı qarşıladı, sözümü yerə salmadı. Həmin tələbənin atası dedi ki, dədə belə olar ey... Elə ondan da adım qaldı dədə. Özünü öymək olmasın, ömrüm boyu yaxşılıq eləmişəm. O zəng eləyib, dədə, filan işim çıxıb, kömək elə, bu zəng eləyib, dədə, filan problemim çıxıb, kömək elə. Hamının da işinə yaramışam. Hər il 25 qaçqının toyunu aparıram. Birindən də bir qəpik götürmürəm. Yəni bu dədə adını mən qırx-qırx beş ilə qazanmışam.

- Muğamatımızın bu günkü vəziyyəti sizi qane edirmi?

- Mənimçün çox əhəmiyyətli olan bir məsələyə toxundunuz. Bilirsiniz ki, muğam sənəti son dövrlər diqqətdən kənarda qalmış bir sahəyə çevrilmişdi. Amma hörmətli Mehriban xanım sanki muğamatı bir quyunun dibindən çıxartdı. Onun bu sahədə necə qiymətli işlər gördüyü yəqin ki sizə də məlumdur. Qarabağ xanəndələrinin hamısının adı olan bir kitab buraxıldı, muğam bütün dünyaya tanıdıldı. Festivallar keçirildi.

-70 yaşda özünüzü necə hiss edirsiniz?

- Yaş öz işini görür. Desəm ki, elə cavanlıqda olduğu kimiyəm, yalan olar. Amma səsim qocalmayıb, yerindədir.

Qızılgül Abdinova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2246

Oxşar yazılar