“Əl-Ittihad” qəzeti Azərbaycandan yazıb
27 noyabr 2012 01:17 (UTC +04:00)

“Əl-Ittihad” qəzeti Azərbaycandan yazıb

Birləşmiş Ərəb Əmiliklərindəki “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Dubayın turizm və ticarət marketinqi nazirinin müavinləri Nəbil Abdullah Əhməd və Bədr Abdullah Məhəmmədlə görüşüb.

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, nazir müavinləri Azərbaycanın turizm imkanlarının Dubayda yüksək səviyyədə təbliği və reklamını təşkil edəcəklərini bildiriblər.
Həmin şəxslərin dəstəyi ilə Samir İmanov “Emirates Media” qrupunun məsul vəzifəli rəsmisi Hüseyn Hamad Əli və eyni zamanda, ərəb dünyasında çox populyar olan aylıq “Dubay Mədəniyyət jurnalı”nın baş redaktoru, tanınmış dramaturq və publisist Nəvaf Yunis və redaksiya heyətinin üzvü, jurnalist Məhəmməd Qabrislə görüşüb.

Görüşdə Samir İmanov Azərbaycanın mədəni irsi, musiqisi, turizm imkanları və qədim tarixi haqqında ətraflı məlumat verib və hazırda ölkəmizin mədəniyyətini dünyada layiqincə təbliğ edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük əməyini qeyd edib. Bu mövzularda onlara kitablar, jurnallar, Azərbaycan xalçaları və qədim zinət əşyalarından ibarət kataloqlar, Azərbaycanın xəritəsi, Naxçıvan və Şəkinin qədim tarixini əks etdirən bukletlər, suvenir xalça və küveytli yazıçı Adil Əl-Fəllahın ərəb dilində hazırladığı “Heydər Əliyev və milli mənəvi dəyərlər” kitabını, Heydər Əliyev Fondu tərəfindən nəşr etdirilən “Qarabağ həqiqətləri” toplusunu hədiyyə edib.

Qarşı tərəf bildirib ki, bu mövzular ilə bağlı yaxın vaxtlarda yerli qəzet və jurnallarda müxtəlif məzmunlu məlumatlar dərc ediləcək. Artıq noyabr ayında “Emirates Media” qrupuna daxil olan və 1969-cu ildən nəşr edilən “Əl-Ittihad” qəzetində “Tarixin zənginliyi ilə təbiətin əzəmətinin görüşdüyü Azərbaycan sahillərində” sərlövhəli məqalə dərc olunub.

AzərTAc-ın təqdim etdiyi məqalənin tərcüməsinini diqqətinizə çatdırırıq:

“Həqiqətən Azərbaycan gözəl sahillərə və çimərliklərə malikdir və isti yay günlərində orada dincələnləri gözəl əyləncə və mənalı istirahət gözləyir. Azərbaycan sahillərinin qumu ya tünd boz rəngdə, ya açıq qəhvəyi rəngdə olur. Eyni zamanda, bu qumlu sahillərdə çınqıllı sahələrə də rast gəlmək mümkündür.

Azərbaycanda yayda istirahətin ən məşhur yerlərindən biri Xəzərin şimal sahilləridir. Xüsusilə, istirahət zonası olan Nabran və onun əhatəsindəki digər rayonları qeyd etmək olar. Məzuniyyətdə olanlar üçün bu zonada lüks və böyük otellərdən başlamış, tənhalığa qovuşmaq üçün kiçik, yalnız rahat kənd evlərində qalmaq üçün böyük seçim mövcuddur.

Azərbaycanın paytaxtında və digər şəhərlərində istilər ən yüksək həddə çatdıqda insanlar dağlara üz tuturlar. Bu dağlarda çoxlu şəlalələr, çaylar, göllər, mineral bulaqlar, dağ silsilələri və nadir sayılan Naftalan nefti ilə müalicə yerləri vardır. Bu dağlardakı mənzərələr istər yerli sakinləri, istərsə də xarici turistləri heyran qoyur. Xüsusən turistlər bu unudulmaz mənzərələrdən zövq alırlar. Yayda dağlar Azərbaycana səfər etmək üçün ən cəlbedici yerlərdən biridir. Bitki örtüyü ilə zəngin və yaşıl ormanlar istirahət üçün gözəl fürsətdir. Mineral bulaqlar böyük sərvət hesab edilir və ölkədə mineral vannalar turizmin inkişafı üçün çox vacib rol oynayır. Dağlarda istirahət üçün ən cəlbedici yerlərdən biri də Quba şəhəri yaxınlığında yerləşən Uzun Meşədir. Qeyd etmək lazımdır ki, Uzun Meşə istirahət zonasından bir qədər kiçik olan Lahıc və Şahdağ kimi kurort zonaları da mövcuddur.

Azərbaycanın cənubunda yerləşən Talış dağlarında da cəlbedici meşələr vardır. Xüsusilə Milli Parkda müxtəlif əyləncəli oyunlar mövcuddur.

Azərbaycanda çay, limon və sitrus meyvələrlə zəngin olan yerlərdən biri də Lənkəran şəhəridir.

Qədim zamanlardan Azərbaycan öz cazibədarlığı ilə müxtəlif imperiyaların diqqətini cəlb etmişdir. Hazırda müstəqil Azərbaycanda neft sərvətindən əldə olunan gəlirlər hesabına iqtisadiyyatın digər sahələri sürətlə inkişaf edir. Bu inkişaf ölkənin paytaxtı Bakı şəhərində daha aydın hiss olunur. Paytaxt şəhərində müasir göydələnlərlə qədim tikililər gözəl harmoniya yaradır. Bakı küçələrində dünyanın ən bahalı avtomobillərinin şütüdüyünü görmək olar. Lakin Bakıdan avtomobillə yalnız üç saat yol qət etdikdən sonra tam fərqli bir dünyaya düşürsən. Yaşıl bağlarla əhatə olunmuş gözəl şəhər və rayonlara çatırsan. Bu yollar adamı əzəmətli Qafqaz dağlarına qədər aparır. Yolların kənarında çoxlu sayda kafelər və restoranlar fəaliyyət göstərir.

Aprel-iyun ayları Azərbaycanda səmanın aydın, yerin isə yaşıllıqlar və gül-çiçəklə bol olduğu ovalıqları ziyarət etmək üçün ən yaxşı vaxt hesab edilir. Oktyabr ayında Bakıda havalar çox gözəl olur, belə ki gündüzlər isti, gecələr isə sərin keçir.

Coğrafi cəhətdən Azərbaycan qurudan Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranla həmsərhəddir. Dağ silsilələri ölkənin böyük hissəsini təşkil edir. Onlardan 3 ən böyüyü Böyük, Kiçik Qafqaz və Talış dağlarıdır. Bazardüzü zirvəsi Böyük Qafqaz dağlarının ən yüksək hissəsində yerləşir.

Xəzər dənizi boyunca hərəkət edərkən güclü dəniz küləyinin təsirindən sərt temperatur hiss edilmir. Amma dağlara doğru getdikcə isti hava itməyə başlayır. Havanın temperaturu 4-5 dərəcə aşağı enir.

Azərbaycanda müxtəlif milli bayramlar, festivallar, konsertlər təşkil edilir. Ölkə əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edir. Azərbaycanda ənənəvi Qurban bayramı özünəməxsus formada keçirilir.

Ramazan bayramı da Azərbaycanın mühüm bayramlarından hesab edilir və ölkədə bu münasibətlə şənliklər təşkil edilir. Azərbaycan xalqının milli sərvəti olan muğam festivalları təşkil olunur.

Xəzər dənizi nadir balıq növləri ilə zəngindir. Burada ilin bütün fəsillərində balıq məhsullarından istifadə olunur. Sözün qısası, Azərbaycan təbii sərvətlərlə zəngin bir ölkədir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1780

Oxşar yazılar