Yuxu ilə bağlı doğru bildiyimiz  YANLIŞLAR
04 avqust 2022 09:06 (UTC +04:00)

Yuxu ilə bağlı doğru bildiyimiz YANLIŞLAR

Mütəxəssislər yuxu haqqında populyar fikirlərin səhhətimizə və ovqatımıza zərər verdiyini, hətta ömrümüzü qısaltdığını bildirir.

Lent.az BBC-yə istinadən xəbər verir ki, yuxu mövzusunda doğru məlumatlandırma bizim fiziki və ruhi vəziyyətimizi yaxşılaşdırır. Nyu-York Universitetinin ekspertləri hesab edirlər ki, yuxu ilə bağlı 6 yanlış fikir var. 

Onları təqdim edirik: 

Beş saatdan az yatmaq kifayətdir

İngiltərənin keçmiş baş naziri Margaret Zatçerin hər gecə sadəcə 4 saat yatdığı deyilirdi. Almaniyanın sabiq baş naziri Ancela Merkel də buna bənzər bir fikir demiş və yuxuda keçən zamanın işə sərf edilməsini uğur qazanmağın əsas şərtlərindən biri olaraq göstərmişdi.

Amma mütəxəssislər deyirlər ki, 5 saatdan az yuxunun kifayət olması iddiası səhvdir və bu rejim orqanizmə ciddi zərər vurur.

Araşdırmacı Dr. Rebekka Robbins qeyd edir ki, gecə 5 saat və daha az yatmaq sağlamlıq problemlərini ciddi səviyyədə artırır. Məsələn, ürək tutmaları və infarkt kimi ürək-damar xəstəliklərinin yaranması riskini artırır, ömrü qısaldır. Robbins hər gecə 7 və ya 8 saat yatmağın vacib olduğunu vurğulayır.

Yatmazdan əvvəl spirtli içki içmək yuxunun keyfiyyətini yaxşılaşdırır

Yatmazdan əvvəl bir qədəh şərab, viski və ya bir şüşə pivə içməyin yuxunun keyfiyyətinə yaxşı təsiri barədə deyilənlər də doğru deyil.  "O, yuxuya getməyi asanlaşdıra bilər, amma (spirtli içki) həmin gecə dincəlmək keyfiyyətini əhəmiyyətli şəkildə azaltmış olacaq" - Robbins deyir.

Spirtli içkilər xüsusilə də yaddaş və qavrama üçün vacib olan REM yuxusuna zərər verir. Yəni spirtli içki içəndə daha rahat yuxuya getsəniz də, yuxunun bəzi faydalarından məhrum olursunuz. Spirtli içkilər həm də sidikqovucu xüsusiyyətə malikdir.

Yataqda TV izləmək rahatlıq verir

Yatmazdan əvvəl xəbərlərə baxmaq rahatlıq əvəzinə yuxusuzluq və stress yaradır. Televizorlar, ağıllı telefonlar və planşetlərlə bağlı daha bir problem ondadır ki, bu cihazların ekranlarındakı mavi işıq yuxu hormonu olan melatoninin ifrazını geçikdirir.

Yuxuya gedənə qədər yataqda qalın

Yataqda çox qalmaq olmaz, çünki beynimiz yatağı və yuxusuzluğumuzu eyni çərçivəyə salır. Normal halda yuxuya getmək 15 dəqiqədən artıq zaman almamalıdır. Bu baş verməyəndə, yataqdan qalxın, başqa otağa keçin, beyninizi çox da yormayacaq məşğuliyyət tapın. 

Zəngli saatın ertələmə düyməsindən istifadə etmək 

Çoxumuz yataqda daha uzun müddət qalmağa çalışaraq hər səhər telefondakı oyanma saatının vaxtını dəyişirik. Amma ekspertlər bunun da yanlış olduğunu, zəng çalan kimi yataqdan durmaq lazım gəldiyini bildirirlər.

Xoruldamağın heç bir zərəri yoxdur

Xoruldamaq orqanizmə zərər vurmaya bilər, amma unutmaq olmaz ki, o, həm də yuxu təngnəfəsliyi xəstəliyinin əlamətidir.

Bu xəstəlik yuxu zamanı boğaz divarlarının yumşalıb daralmasına yol açır və qısa müddətə də olsa, nəfəs kəsintisi yarana bilir. Yuxu təngnəfəsliyi olan şəxslərdə yüksək təzyiq, ürək ritmində nizamsızlıq, ürək tutması və infarkt riskləri artır. Yüksək səslə xoruldamaq da xəstəliyin əlamətlərindən biridir. Robbins son olaraq qeyd edir ki, "səhhətimizi, ovqatımızı yaxşılaşdırmaq, ömrümüzü uzatmaq üçün elə bu gecə edə biləcəyimiz ən vacib şey yuxudur". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3957
avatar

Oxşar yazılar