LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 22-Cİ YAZINI TƏQDİM EDİR.
Tarix: 25 yanvar 1968-ci il.
Səhər saatlarında hərbi pilotlar An-8 təyyarəsini Gorandakı ehtiyat aerodromdan Gəncə aerodromuna aparmaq əmri alırlar.
Lent.az-ın xəbərinə görə, pilotlar tələm-tələsik hazırlaşır, təyyarəni yoxlamadan havaya qalxırlar. Onsuz da, uçuş uzağı 15 dəqiqə çəkəcəkdi.
Havaya qalxdıqdan bir neçə dəqiqə sonra hava gəmisi ilə əlaqə itir. İdarəetmə mərkəzi vəziyyəti aydınlaşdırmağa macal tapmadan Gəncə şəhəri böyük partlayış səsi ilə silkələnir. Ardınca Gəncə Yağ-piy Kombinatından ucalan tüstü şəhəri bürüyür. Təcili yardım, milis və yanğınsöndürən avtomobillərin kombinata təfəf irəlilədiyini görən gəncəlilər nə olduğunu sonradan anladılar. Həm də ağızdan-ağıza gəzən söz-söhbətdən.
İstintaq komissiyası müəyyən etdi ki, qanad mexanizmində buzlanma olduğu üçün təyyarə idarəetməyə tabe olmadan 30 dərəcə bucaq altında şığıyaraq Gəncə Yağ-piy Kombinatının anbarına çırpılaraq alışıb. 6 nəfərlik uçuş heyəti həyatını itirib, müəssisəyə ciddi ziyan dəyib. Anbarda heç kim olmadığı üçün kombinat işçiləri arasında tələfat da baş verməyib.
Bu qəzadan sonra Sovet İttifaqındakı bütün An-8 təyyarələrinin qanad mexanizmi təkmilləşdirildi, donmadan müdafiə sistemi yeniləndi.