32-ci mərtəbədən  yerə düşüb  sağ qalan pişik   Ginnesin Rekordlar Kitabında
28 fevral 2025 18:40 (UTC +04:00)

32-ci mərtəbədən yerə düşüb sağ qalan pişik Ginnesin Rekordlar Kitabında

O, 100 kilometr/saat sürətlə yerə düşərkən havada çevrilib və asfalta çırpılıb. Sahibi Sabrina adlı pişiyin yerə düşməsindən sonra gələn gurultulu səsi eşidəndə diz çökərək şoka düşüb. Birinci elə bilib ki, sevimli ev heyvanı ölüb. Amma pişik ayağa qalxaraq miyovlayıb.

Lent.az xəbər verir ki, hadisə 1986-cı ildə Nyu-Yorkda baş verib. 

Hadisə yerinə çağırılan baytar həkimlər gözlərinə inanmayıblar. Sabrinanın cəmi bir dişi qırılıb və yüngül sinə travması alıb. Həkimlər bunu “möcüzə” adlandırıblar, lakin sonralar elm bu fenomenin səbəbini açıqlayıb.

Pişiklərin unikal “tarazlıq refleksi” var: Düşərkən başlarını çevirir, belini əyir və pəncələrini açaraq bədənlərini paraşütə bənzər hala gətirirlər. Bu, onların düşmə sürətini azaldır. Lazımi anda pəncələrini amortizator kimi istifadə edirlər, yəni yerə düşərkən zərbəni bərabər şəkildə yayırlar. Lakin Sabrinanın xilas olması təkcə refleksləri ilə bağlı deyildi – o, yerə düşərkən qolların üstünə yıxılıb və bu da zərbənin təsirini azaldıb.

Bu hadisə alimlərin marağına səbəb olub. Araşdırmalara görə, 5-9-cu mərtəbələrdən düşən pişiklər 20-ci və daha yuxarı mərtəbədən düşənlərə nisbətən daha çox ölürlər. Bunun səbəbi aşağı mərtəbələrdən yıxılan pişiklərin havada lazımi qədər bədənlərini düzəltməyə vaxt tapmamasıdır.

Sabrina bu hadisədən sonra tezliklə məşhur olub. Lakin şöhrətin mənfi tərəfi də olub. Bir gün jurnalistlər onun sahibəsi Marqaretin evinə zorla daxil olub pişiyin şəklini çəkməyə çalışıb. Qorxan Sabrina divanın altına girərək bir gün ərzində oradan çıxmayıb. Bundan sonra sahibi bütün müsahibələrdən imtina edib.

Qeyd edək ki, Sabrina 1995-ci ildə yaşlılıqdan ölüb, lakin 100 metrdən (32-ci mərtəbə) düşüb sağ qalan pişik olaraq Ginnesin Rekordlar Kitabına daxil olub. Bu rekord indiyə qədər qırılmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar