“Xalq ulduzu” yarışmasının iştirakçısı olan müğənni Mirkamil Kamilov “Anacan” adlı yeni mahnı ifa edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Mc Murada, musiqisi özünə məxsus olan mahnının ərsəyə gəlməsində bəstəkar Emil Şahinin də əməyi olub:
“Uzun müddət səhhətimlə bağlı sənət işlərimə fasilə vermişdim. 9 aydan çox olar Emil Şahinlə əməkdaşlığımız davam edir. Emillə ilk işimiz Azərbaycanın xalq və bəstəkar mahnılarından ibarət layihə oldu. İşimiz bitəndən sonra o, mənə anidən dedi ki, gedək studiyaya, sənə sürprizim var. Sən demə, Emil məndən öncə mahnının ilkin variantı üzərində bir az işləyib. Mahnıya qulaq asdıq və qərara gəldik ki, milli musiqi alətlərimizdən istifadə olunması mütləq lazımdır. Aranjiman Bakıda olsa da, son variant üçün İstanbula göndərdik. Türkiyədə aranjiman tam hazır olduqdan sonra musiqiyə uyğun söz axtarışına çıxdıq. “Anacan” adlanan bu əsəri adi mahnı adlandırmaq istəmirəm. Ana haqqında çox dəyərli ifalar olub. Amma bu bəstə onlardan çox seçilir. Yaxın zamanlarda mahnıya klip çəkməyi düşünürük”.