“Hər şeyi yeyirəm” – REPORTAJ
21 sentyabr 2013 15:55 (UTC +04:00)

“Hər şeyi yeyirəm” – REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən, çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət, nə qədər pul xərcləyir?

 

Lent.az-ın “Bazarlıq” layihəsində müğənni Günay İbrahimlidir.

Onunla görüşümüz bazarlıq edəcəyimiz super-marketin qarşısında oldu.

 

- Layihənizi çoxdadır ki, izləyirdim, xoşuma gəlirdi. Amma işlərimin çox olması sizin layihənizə çəkilməyə imkan vermirdi. Fərqli bir proyektdir. Bildiyim qədəri ilə Azərbaycanda ilk saytsınız ki, belə bir layihəyə imza atırsınız. Buna görə də sizi təbrik etmək olar. Hə, gedək alış-verişimizə, görək, başımıza nə gəlir. (Gülür)

 

 

- Evə bazarlığı sən edirsən, yoxsa…

 

- Yox. Mənim alış-veriş etməyə vaxtım yoxdur. Amma çox xoşlayıram ki, özüm nəsə alım. Evdə gələndə anama dedim ki, bazarlığa gedirəm, evə nə alım? Qayıtdı ki, doğrudan? (Gülür)

 

 

 

 

- Günay, el dilində desək, əlindən iş gəlir? Yemək bişirməklə aran var?

 

- Əlimdən iş gəlir, niyə də yox? (Gülür). Bütün yeməkləri hazırlaya bilərəm. Amma vaxt olsa. İşlərimlə əlaqədar vaxtım olmur ki, nəsə də hazırlayım.

 

- Evə qonaq gəlsə, tələm-tələsik nə hazırlayarsan?

 

- Belə bir deyim var: “Qonaq umduğunu yox, bulduğunu yeyər”. Qonaqdan soruşmaram ki, nə bişirim sizə? Əlimə nə keçsə, hazırlayaram.

 

- Yaxşı indi de görək, bu gün evə nə alacaqsan?

 

- Anam siyahı deyib mənə. Çatışmayan bəzi şeyləri, ət, meyvə - tərəvəz və başqa məhsullar alacam.

 

- İlk öncə hansı məhsullar olan şöbəyə keçək?

 

- Elə başlayaq süd məhsulları olan şöbədən. Pendir, qatıq, bir də yoqurt götürəcəm. Mənə elə gəlir ki, bu bölmədə alacağım bunlar olacaq.

 

Dediyi kimi də edir. Yollanırıq meyvə-tərəvəz şöbəsinə.

 

- Burdan çox şey alacam. Meyvə-tərəvəzi daha çox sevirəm. İlk öncə pomidor, xiyar, bibər, kələm, alma, armud, portağal və göyərti alım, yadımdan çıxmışdı, qarpız da götürüm. Amma bir şərtim var. Qarpızı sən seçəcəksən.

 

- Günay, mənim qarpızdan başım çıxmır axı. Bircə bildiyim odur ki, qarpıza çırtma vuranda bərk səs çıxarsa, dadlıdır. İndi bilmirəm, bu, həqiqətə uyğundur, ya yox.

 

- Hə? Birinci dəfədir eşidirəm. Maraqlıdır, həmin üsulu yoxlayacam.

 

Qarpızı əlinə  götürüb çırtmalayır. Beləliklə, 6 kiloqram qarpız , 2 kiloqram pomidor, xiyar, kələm, bibər, alma, armud, portağal alır.

 

- Günayın sevdiyi və ya heç sevmədiyi yemək var?

 

- Sevmədiyim yemək yoxdur. Demək olar ki, hər şey yeyirəm. Bu baxımdan xoşbəxtəm.

 

- Bəs formada qalmaq üçün pəhriz?

 

- Yox. Mən nə qədər yesəm də, eyni çəkidəyəm. Yemək barəsində özümə korluq vermirəm.

 

- Gün ərzində ilk qidanı saat neçədə qəbul edirsən? Və nə yeyirsən?

 

- Səhər çəkilişlər olanda tez dururam. Amma belə çox yatan da deyiləm. Səhər yeməyi yemirəm.

 

-  Məhsulun keyfiyyət nişanına diqqət edirsən?

 

- Tələm-tələsik alış-veriş etdiyim zaman ola bilər ki, diqqət etməyim. Amma əksər hallarda məhsulun keyfiyyət nişanına baxıram. Çünki məhsulun keyfiyyət nişanı, istehsal tarixi köhnə olduğu zaman problem yarana bilər. Problemlər yaşamamaq üçün diqqətli olmalıyam. İndi də fikir verdinsə, diqqət elədim.

 

Keçirik ət məhsulları satılan bölməyə.

 

- Hansı ətə üstünlük verirsən? Mal, qoyun, balıq, yoxsa toyuq?

 

 - Anam  tapşırdı ki, mal əti alım. Düzdür, mal əti alacam, amma mən toyuq ətini xoşlayıram. Toyuq əti üçün ölürəm. Çox sevirəm, demək olar ki, hər gün toyuq əti yeyirəm.

 

 

3 kiloqram mal əti alır, 4 kiloqram toyuq əti alıb, keçirik şirniyyat satılan şöbəyə.

 

- Hə, indi istədiyim şirniyyatı ala bilərəm.

 

- Anlamadım.

 

- Heç vaxt mən istədiyim konfeti ala bilmirlər. İndi gəlmişkən, istədiyim şokolad, konfetlərdən alacam.  Şirniyyatı çox sevirəm. Demək olar ki, hər gün yeyirəm.

 

 

Bu şöbədən 2 kiloqram konfet, 2 kiloqram yarım da şokolad alıb, parfümeriya şöbəsinə keçirik.

 

- Bu bölmədən çox şey almayacam. Nəm salfet və yuyucu toz .

 

Salfet, yuyucu toz aldıqdan sonra, keçirik çörək almağa.

 

 

- Zəhmət olmasa, məni 2 çörək verin.

 

- Ağ, yoxsa qara?

 

- Ağ çörək olsun, mən qara çörək yeyə bilmirəm.

 

Satıcıdan 2 ədəd zavod çörəyi alıb, alış-verişi yekunlaşdırmaq qərarına gəlirik.

 

 

Kassaya yaxınlaşırıq. Kassir xanım malları bir-bir hesabladıqca, müğənni pul kisəsinin ağzını açır.

 

- Günay, səncə, bu gün neçə manatlıq alış-veriş etdin?

 

- Məncə, yüz manatdan artıq olar.

 

***

 

Beləliklə, Günayın aldığı məhsullar hesablanır. Sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 102 manat, 78 qəpik...

# 4118
avatar

Yalçın UĞUR

Oxşar yazılar