Aysel: “Araşla aramızda sevgi münasibəti ola bilməz” – MÜSAHİBƏ
17 aprel 2009 11:30 (UTC +04:00)

Aysel: “Araşla aramızda sevgi münasibəti ola bilməz” – MÜSAHİBƏ

Bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” yarışmasında Azərbaycanı təmsil edəcək Aysel Teymurzadənin APA-ya müsahibəsi

- “Eurovision-2009” mahnı müsabiqəsinə çox az vaxt qalıb. Vaxtın azalması ilə həyəcanın çoxalırmı?

- Həyəcan olmasa, mümkün deyil. Vaxt azaldıqca daha gərgin işləyirik və ciddi hazırlaşırıq. Çox gərgin məşqlər aparırdıq, eyni zamanda bizim promo-turlarımız vardı. Bu promo-turlarda da yüksək səviyyədə çıxış etməyə çalışırdıq və fikrimcə, də bunu istədiyimiz kimi edirdik.

- Bəs, müsabiqəyə hazırlıq prosesi hansı mərhələdədir?

- Tamamilə yeni xoreoqrafiya qururuq. Bu rəqsi İsveç mütəxəssisləri ilə birgə hazırlayırıq. Yəni həmin gün bizimlə birgə səhnəyə İsveç rəqqasları çıxacaq. Mayın 14-də “Eurovision” səhnəsində mən və Araşdan başqa üç rəqqas olacaq. Səhnədə nələrin olacağını tamamilə açıqlamaq istəmirəm, çünki bütün bunları sürpriz kimi təqdim etmək istəyərik.

- Səhnə geyimləriniz harada hazırlanır?

- Geyimlərimiz də İsveçdə hazırlanır. İsveçrənin tanınmış ulduzların geyimlərini hazırlayan “Larsh Valin” şirkəti ilə əməkdaşlıq edirik. Hazırda geyimlərimiz üzərində son işlər gedir. Geyimlərimiz çox yüksək səviyyədə hazırlanır. Həmin gün səhnədə tamamilə fərqli Araş və Aysel görəcəksiniz. Azərbaycan xalqının ümidlərini yanıltmayacağıq.

- Müsahibələrinin birində “Araşın mənə mahnı yazdığını biləndə şok oldum” demişdin. Bu təəccübün səbəbi nə idi?

- Əlbəttə ki, çox təəccübləndim. Mahnı seçimi gedəndə mən elə bilirdim ki, həmin müsabiqədə ancaq azərbaycanlı bəstəkarlar öz mahnılarını verəcək. Araşın mahnı təqdim edəcəyi barədə qəti məlumatım yox idi. Araşın “Always” mahnısını ilk dəfə eşidəndə bu mahnıya vuruldum. Hərtərəfli mahnıdır. Bu mahnıda hər bir şey düşünülüb. Hər şeyi fikirləşib, ilk dəfə eşidəndə bu mahnıya vurulmamaq qeyri-mümkündür. Mahnının sözləri romantikdir.

- “Müsabiqəyə tək qatılsaydın, Araşla birgə duetdən daha az uğur qazanacaqdım” kimi düşüncələrin olubmu?

- Burada qətiyyən bir fərq görmürəm. Sözsüz ki, Araşın fanatlarının sayı çoxdur. Bütün dünyada, keçmiş SSRİ ölkələrində də onu dinləyənlərin sayı çoxdur. Ancaq düşünürəm ki, mən tək də çıxış etsəydim, uğurlu nəticə əldə edəcəkdim. Yəni mən heç də ondan geri qalmıram...

- Duet ortağı kimi Araşla necə yola gedirsiniz? Səncə duetin mükəmməl alınması üçün duet ortaqlarının da münasibəti vacibdirmi?

- Duet ortaqlarının bir-birlərinə münasibətləri çox yaxşı olmalıdır. Eyni zamanda onların bir-birini çox yaxşı tanıması da şərtdir. O insanla bir səhnəni bölüşürsənsə, bütün bunlara fikir vermək lazımdır. Biz Araşla çox gözəl dostuq və bu dostluğumuzun əbədi olacağına inanırıq. Biz “Eurovision”dan sonra da dost qalacağıq. Araş çox müsbət enerjili və gözəl qəlbə sahib olan insandır. Araşla mənim xasiyyətlərimizin bu qədər uyğunlaşması və bir-birimizi başa düşməyimiz də səbəbsiz deyil. Araş və mənim həm ilim, həm də bürcüm eynidir. Mən də, Araş da İlan ili, Buğa bürcündənik.

- Araş bütün çıxışlarında sənin ünvanına komplementlər yağdırır. “Aysel mənə çox yaraşır, Aysel çox gözəl qızdır, Mahnını məhz Aysel üçün yazdım” kimi ifadələr səsləndirir. Sənin və Araşın subay olduğunu nəzərə alsaq, aranızda nə zamansa sevgi hissinin yaşanacağına proqnoz vermək olarmı?

- Düşünürəm ki, yox və yenə də yox. Birincisi, yaşca o məndən çox böyükdür. İkincisi isə biz dostuq, belə bir şey ola bilməz.

- “Always” mahnısının sözlərində “sən hər zaman mənim qəlbimdəsən” kimi cümlədən istifadə olunub. Bu gün Ayselin qəlbində kimsə varmı?

- Mənim qəlbimdə hər zaman ailəmdir... Ailəmdən başqa heç kimi düşünmürəm.

- Etiraf edək ki, “Aysel Araşın kölgəsində qalacaq” kimi düşünənlərin sayı az deyil. Bu cür düşünənlərə bir sözün varmı?

- Qətiyyən, Araşın kölgəsində qalacağımı düşünmürəm. Həmin fikri irəli sürənlər mahnıya diqqətlə qulaq assalar, bilərlər ki, mahnının əsas yerlərini mən oxuyuram. Mahnını çox yerində mənim səsim var. Necə ola bilər ki, mən Araşın kölgəsində qalım? Bu mahnını dinləyən dostlarım mənə tamam əksini söyləyirlər. Deyirlər ki, “Araş sənin kölgəndə qalacaq”. Nə o mənim, nə də mən onun kölgəsində qalmayacağıq. Biz çıxışımız zamanı hər şeyi 50/50-yə edəcəyik.

- “Always” mahnısına çəkilən klip peşəkarlar tərəfindən birmənalı qarşılanmayıb...

- Bilmirəm ki, niyə hər şeyin bu qədər dərinliyinə varırlar və bəyənmirlər. Axı bu klip çox böyük əziyyətlə başa gəlib. Avropada bu klipə baxan hər bir kəs bizim klipimizi yüksək qiymətləndirir. Hamısı bir ağızdan “superdir” deyir. Niyə Azərbaycanda bizim bu əziyyətimizi dəyərləndirilmir? Həm mənim, həm də Araşın fikrincə, klip çox gözəl alınıb. Klipə baxan hər bir tamaşaçı bilməlidir ki, çəkilişləri bir günə aparılan və cəmi beş gün montaj olunan klip üçün çox səviyyəli alınıb. Klip çox dinamik alınıb və klipdə çox gözəl kadrlar yer alır. Müsabiqə öncəsi niyə bizi dəstəkləmirlər və bizə stimul vermirlər? Mən çox istəyərdim ki, digər ölkələrdə olduğu kimi biz də istedadlı insanların arxasında dayansınlar. Mənim bütün Azərbaycan xalqına ehtiyacım var, bunu unutmasınlar!

- “Eurovision” müsabiqəsində iştirakın həyatında nəyi dəyişib?

- “Eurovision” bütün həyatımı dəyişib. Bu müsabiqədə iştirakımı eşidəndə inanmadım və həmin an elə bil yuxudan oyandım. Bilirsiniz, hər gənc müğənniyə karyerasını “Eurovision”dan başlamaq qismət olmur. Bu, mənim şansımdır və bunun məhz mənə nəsib olması xoşbəxtlikdir. Ümidvaram ki, “Eurovision” müsabiqəsində iştirakım sənətimdə də çox böyük dəyişiklərin və yüksəlişlərin olmasına yardım edəcək.

- Fikrincə, “Always” mahnısı ilə Avropanı təəccübləndirmək mümkün olacaq?

- Təəccübləndirmək niyə, artıq təəccübləniblər. Elə ilk dəfə bu mahnını eşidəndə bütün avropalılar mahnıya heyran olublar. Bu mahnı tam olaraq “Eurovision” standartlarına uyğundur. Bununla yanaşı mahnıda həm Avropa, həm də Şərq elementləri var. Bu mahnı ilə uğur qazanacağımıza tam əminəm.

- Bu müsabiqədə iştirakını bildikdən sonra öz qarşında hansı qadağaları, məhdudiyyətlər qoymusan?

- Sözün düzü, çox qadağalar qoymamışam. Ancaq onu deyə bilərəm ki, artıq bir neçə aydır, əvvəlki kimi yemək yemirəm. Bu müddət ərzində 8 kiloqrama yaxın arıqlamışam. Səhnədə gözəl görünmək lazımdır. Onsuz da mənim heç vaxt artıq çəkim olmayıb, amma yeməyə vaxt tapmıram. Arıqlamağımla televizorda, tamaşaçılar qarşısında lap gözəl görünəcəyəm. Axı televiziya çəkilişi insanı həyatdakından 8-10 kiloqram daha artıq göstərir. Araşla qarşımıza şərt qoymuşuq ki, müsabiqəyə kimi 7-8 kiloqram arıqlayaq.

- Moskvaya nə zaman gedirsiniz?

- Elə bu gün Moskvaya gedirik və bir də “Eurovison”dan sonra Bakıya qayıdacağıq. Aprelin 18-də dövlət başçısının qızı Leyla Əliyevanın təşkilatçılığı ilə Araşla mənim konsertimiz keçiriləcək. Həmin konsertdə çıxış üçün hazırlaşırıq.

- “Eurovision-2009”-da daha çox hansı ölkələrdən yüksək bal gözləyirsən?

- Əlbəttə ki, dost və qardaş ölkə Türkiyədən. Eyni zamanda Rusiya, Ukraynanın yüksək bal verəcəyinə ümid edirəm. Almaniya və Böyük Britaniyanı isə bilmirəm.

- Məlumdur ki, müsabiqədə qalib olmaq eyni zamanda təmsilçi ölkələrin diasporlarının fəaliyyətindən də asılıdır. Təmsilçi ölkələrdəki Azərbaycan diasporlarından, eyni zamanda Moskvadakı diasporumuzdan nə gözləyirsən?

- Moskvada çox güclü diasporumuz fəaliyyət göstərir. Düşünürəm ki, bu fəaliyyət bizim qalib olmağımızda da rol oynayacaq. Bu gün Moskvada çoxlu azərbaycanlılar yaşayır. Mən onların hər birindən səs gözləyirəm. Bütün dünya azərbaycanlılarından səs gözləyirik. Bu, bütün Azərbaycanımızın adıdır. Hər birimiz Azərbaycanın birinci olmasına çalışmalıyıq. Bizim üzərimizə düşən hər bir şeyi yüksək səviyyədə edəcəyik. Soydaşlarımızın bizə dəstək olacağına əminik.

- “Eurovision” müsabiqəsindən sonra bir çox təmsilçilərə layihələr təklif olunur. Sənə şərtləri uyan və səviyyəli bir təklif olsa, ancaq şərtlər arasında Azərbaycandan kənarda yaşamaq qeyd olunsa, razılaşacaqsan?

- Açığı, hələ mənə heç bir layihə təklifi olunmayıb. Çox güman ki, “Eurosiivon”dan sonra təkliflər gəlməyə başlayacaq. Öncə təklifi dəyərləndirəcəyəm, əgər siz dediyiniz kimi bütün şərtlərimə uyğun olsa, razılıq verəcəyəm. Azərbaycandan kənarda yaşamaq bahasına belə olsa razılaşacağam. Azərbaycanda olub Vətənim üçün heç bir şey etməməkdənsə, başqa ölkədə yaşayıb Azərbaycanımın adını ucaltmağı daha məqsədəuyğun hesab edirəm. İstəyirəm ki, məni “Azərbaycanın Ayseli” kimi tanınsınlar.

- Bu müddət ərzində promo-turlarınız nəzərdə tutulurmu?

- Bəli, artıq proqram təsdiq olunub. Ancaq hazırda proqram əlimdə olmadığı üçün sizə deyə bilməyəcəyəm.

- Ötən həftə sonunda Amerikanın Azərbaycandakı səfiri xanım Ənn Dersinin iqamətgahında keçirilən bir tədbirə qatılmışdın. Xanım səfir isə səni bu müsabiqədə birinci gördüyünü qeyd etmişdi...

- Xanım Ann Dersi çox pozitiv və gözəl bir qadındır. Onu bir səfir və bir qadın kimi çox bəyəndim. Nə deyim Vallah, düşünürəm ki, səfir vəzifəsində olan insanlar uzaqgörən olurlar. Onlar sözü elə-belə demirlər. Elə onun dediyi kimi olacaq. Yəni birincilik Azərbaycanın olacaq. Bu müsabiqə təmsilçidən çox şey tələb edir. Yəni, həm mahnı, həm təmsilçi, həm də şou mükəmməl olmalıdır. Hamısı cəm şəkildə olsa, o zaman həmin təmsilçiyə zaval yoxdur.

- Elə bu müsabiqədə təmsilçiliyin məlum olandan sonra keçirilən ilk mətbuat konfransında birincilik vəd etmişdin. Rəqiblərinin hazırladığı şouları görəndən sonra fikrin dəyişməyib ki?

- Qəti surətdə fikrim dəyişməyib. O müsabiqəyə qatılan hər bir təmsilçi kimi mən və Araş ürəyimizdə birinci yeri tutmuşuq. Bizim hazırladığımız mahnı və şou ilə birincilik əldə etmək heç də qəliz bir şey deyil, əksinə əsl birinci yerə layiq şou hazırlayırıq. Lakin bilirik ki, həyatda hər şey Allahın işidir. Biz sadəcə əlimizdən gələni edəcəyik.

- “Şər deməsən, xeyir gəlməz” deyib atalarımız. Birinci yeri qazanmasanız, o yerə hansı ölkə təmsilçisini layiq bilirsən?

- Türkiyə təmsilçisi Hadisəni...

- Bu fikri Türkiyə ilə dost ölkə olduğumuz üçün dedin, yoxsa Hadisə həqiqətən də birinciliyə layiqdir?

- Həm dost ölkə olduğumuza görə, həm də Hadisəyə görə. Türkiyənin birinci olmasını çox istəyərdim. Bir də Norveç bu yerə layiqdir. Onlar çox gözəl mahnı hazırlayıblar.

- Bəs Aysel və Araşın rəqibi kimdir?

- Ən güclü rəqibimizin Norveçdir. Bukmekerlər Norvecin birincilik şansını yüksək qiymətləndirir. Ancaq bizim də ilk beşlikdə olacağımızı düşünürlər. Bunu zaman göstərəcək.

- Böyük bir sınağa hazırlaşan Aysel Teymurzadənin oxuculara son sözü nə olacaq?

- Həqiqətən də biz çox əziyyət çəkirik. Sözsüz ki, bu əziyyəti çəkmək çox xoşdur, ancaq bu dönəmdə hamıdan dəstək istəyirik. Bizə dəstək olun, biz əlimizdən gələni edəcəyik. İnşallah mayın 14-də Moskvada gözəl bir çıxış edib finala çıxmaq ümidi ilə...

- Səfər ərəfəsində biz vaxt ayırdığın üçün təşəkkür edirik! Azərbaycana qalib olaraq qayıtmanızı arzulayırıq.

- İnşallah!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2331

Oxşar yazılar