Samir Piriyev: “Pul boş şeydir... şofer oğlu olmuşam, kasıb ailədə böyümüşəm”
16 aprel 2009 17:00 (UTC +04:00)

Samir Piriyev: “Pul boş şeydir... şofer oğlu olmuşam, kasıb ailədə böyümüşəm”

Türkiyədə “Sən türkünü söylə” yarışmasında Azərbaycanı təmsil edən ifaçı Samir Piriyev şənbə günü müsabiqəsinin finalında iştirak edəcək. Bu barədə məlumatı müğənni Lent.az-a müsahibəsində deyib. Müğənni müsabiqədən sonra yayılan xəbərlərə aydınlıq gətirib, yeniliklər barədə danışıb.

- Müsabiqə yaradıcılığınızda yeni səhifə açıb, çoxlu iş təklifləri almısınız, eşitmişik.

- Mənə çoxlu layihələr təklif ediblər, onların bəziləri, inşallah, həyata keçəcək. Sabah mən Türkiyədə bəlli bir yer tutmaqla Azərbaycanı təmsil edəcəm, Türkiyəyə çıxış da Avropaya qapıların açılmağıdır. Allah qoysa, türk heyəti ilə işləyəcəm, onlar olduqca professional qrupdur. Yeri gəlmişkən, kütlənin də zövqünü nəzərə alırıq. Sabah Türkiyənin məşhur televiziya proqramlarından birində iştirak etməli idim, lakin finalda qonaq olacağım üçün iştirakı təxirə saldım.

- Yeri gəlmişkən, gündəlik əyləncəli verilişlərdən birində hər gün efirə çıxırdınız, indi demək olar ki, efirdə görünmürsünüz.

- Kor-koranə hər gün efirdə görsənmək bir şey deyil, reklam özü də iki cürdür: biri var az görünürsən - çox sevilirsən, biri də var çox görünüb, camaatın gözünü mazol edirsən. Həmişə buna qarşı olmuşam. Yəni tutarlı bir işlə az görün və insanların yaddaşında qal - əsas önəmli olan budur.

- Müsabiqənin ilk proqramında Zərrin Özərin sizə olan münasibəti o qədər də yaxşı deyildi, necə oldu ki, sonradan fikri bu qədər dəyişdi?

-Türk millətində maraqlı bir cəhət var. Onlar hər şeydən əvvəl səmimiyyətə önəm verirlər, əslində hər yerdə belədir. Oradakı münsiflər heyəti də bir növ sənət dünyasının akulalarıdır. Elə-belə gəlib o səviyyəyə çıxmayıblar. Onlar nələr görüblər, insanın üzünə baxan kimi kimin necə olduğunu yaxşı başa düşürlər.

Elə şeylər var ki, vaxt keçdikcə dəyişir. Təbii ki, mən özümə qarşı bəzi şeylər hiss edirdim, amma vaxt gəldikcə o fikirləri də dəyişdirəcəyimə əmin idim. Hər şeyə səbirlə nail olacağıma əmin idim.

İnsanın səmimiyyəti onun ifasında da özünü göstərir. Mən musiqiçiyəm, bu mənim oxumağıma da təsir göstərir. Həqiqətən belədir, o ki qaldı oradakı çıxışıma, açığı, bu qədər tez müsabiqəni tərk edəcəyimi gözləmirdim, dedilər Azərbaycandan az səs gəlib, bu məni məyus etdi.

- Sizin yarışmadan çıxdığınız gün Azərbaycandan çox sayda səs gəldiyi barədə məlumatlar var, bunu araşdırmısınız?

- Bilirsiniz, mən qorxuram insanların haqqına girməyə. Aydın məsələdir ki, hər şeyin arxasında para dayanır. Bu müsabiqədə həm maddi maraqlar var, sms-lər pulla gəlir, ikinci tərəf də türk dünyasının birləşməsi idi, 13 həftə sürən proekt idi. Mən burada yeddinci həftədə müsabiqəni tərk etdim. Mənə dedilər ki, sən gedən həftə filan qədər səs göndərmişdik, necə oldu yarışı tərk elədin? Nə deyə bilərəm?..

-Bəlkə yeganə ifaçı idiniz ki, türklərin toxunulmaz musiqilərini istədiyin tərzdə oxuyurdunuz, etiraz da yox idi.

- Amma çərçivəni pozmadan oxuyurdum. Bu, illərin bəhrəsidir, axtarırdım, baxırdım. Nə qədər ki, Allah imkan yaradıb, beyin bu qədər informasiya qəbul etmək üçün şərait yaradıbsa, oxuyuram, öyrənirəm.

- Müsabiqədən sonra dəyişikliyi hiss edə bilirsiniz? Yəqin ki, indi sizə maraq daha çoxdur.

- Düzü, əvvəllər də ən çox reklam olmaq şansı olan müğənni mən olmuşam. Hətta məndən şanslı müğənni bəlkə də olmayıb. Hərdən deyirlər ki, indiki zamanda pul, sərmayə... Boş şeylərdir, adi şofer oğlu olmuşam, kasıb bir ailədə böyümüşəm. Şöhrət insanın kölgəsidir, nə qədər kölgəyə doğru gedirsən, o da gedir. Nə qədər çox adın qulağına dəydi, o qədər də qabağa gedə bilməyəcəksən. Iş sevmir təkəbbürü. O qədər qalxıb düşənləri görmüşəm ki... Alın yazısı ilə barışmaq lazımdır.
Müsabiqədən çıxanda da üzülmədim. İnsan qədərlə barışmalıdır, önəmli olan könüllərin birincisi olmaqdır. İndiyədək türklər zəng edir, tanımıram, aeroportda türk əsgərləri üzüntülü şəkildə məni qarşılayırdı. Elə insanlar olurdu ki, zəng vurub deyirdi, mən bir həftədir xəstəyəm. Deyirəm, niyə belə edirsiniz, məni günaha salırsınız, inanın. Orda Azərbaycan bayrağını qaldıranlarların əksəriyyəti türklər idi. Bunu orada öyrəndim.

- İbadətlə məşğul olursunuz...

- Əslində mən istəmirəm bu barədə danışım. Namaz hər bir müsəlmanın borcudur, reklamı sevmir. Hər işin qapısı səbirdədir.

- Sənətçinin ibadətlə məşğul olub müğənnilik etməsi mümkün ola bilər?

- Asan deyil. Musiqi ilə islam tərs mütənasibdir, onu çalışıb elə təqdim etmək lazımdır ki, ziyan verməsin, ona görə də çalışıram, bir az özümü sığortalayım.

- Muğam özü də ilahi musiqidir, muğama meyl etməyinız o səbəbdəndir?

- Muğam sinfini bitirmişəm. Doğrudur, muğamda bir az avaz var, yanğı var. Amma yenə deyirəm, hər şey insanın özündən asılıdır. İnsan ana bətnində olanda qədər yazılır. Bir ayə nazil olur ki, insan dua etdikdə o qədər dəyişə bilər. Yəni, insanı Allaha yaxınlaşdıran ibadətdir. Nə edirsə, insan özü üçün edir. Hər əməl insanın özü üçündür.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2121

Oxşar yazılar