Pənah Hüseyn: “Röyanın pərəstişkarı deyiləm...” - MÜSAHİBƏ
29 mart 2009 15:00 (UTC +04:00)

Pənah Hüseyn: “Röyanın pərəstişkarı deyiləm...” - MÜSAHİBƏ

Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına bu dəfə Azərbaycanın sabiq baş naziri, Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının üzvü, millət vəkili Pənah Hüseyn danışır. Müsahibə zamanı müəyyən qədər də olsa ehtiyatlı danışmasına baxmayaraq, çox səmimi olduğundan müsahibə maraqlı alındı.

- Şou-bizneslə nə dərəcədə maraqlanırsınız?

- Əslində biz şou-biznesin istehlakçısıyıq. Konsertlər, yaxud bu kimi tədbirlərin ən azından televizor vasitəsilə iştirakçısı, dinləyicisi, tamaşaçısı oluruq. Bu, bizim indiki müasir, çağdaş mədəniyyətin bir hissəsidir. Məncə bu sahə Azərbaycan cəmiyyətində keçid dövrünü yaşayır. Çünki bəzi cəmiyyətlərdə – məsələn, Qərbdə ötən əsrin 60-70-ci illərində məişətdə, əxlaqda, şəxsi həyatda baş vermiş inqilabları biz indi yaşayırıq. Ona görə də belə demək mümkünsə sanki buna hormonlar verilir. Biz bunu hormonlu qida kimi istehlak edirik. Nəticədə də fəsadlar olur. Bu fəsad Azərbaycan cəmiyyətinin mədəniyyətində, əxlaqında, ümumilikdə həyatında hiss olunur. Necə qurtaracağını isə demək çətindir.
Şəxsən mən, mədəniyyətin şou şəklində ifadə olunan hissəsinin tam bir biznes sahəsinə çevrilməsini doğru hesab etmirəm. Yəni, bunu müsbət hal saymıram. Baxmayaraq ki, bu, bir çoxları tərəfindən reallıq kimi qəbul edilir. Hər halda, mədəniyyət – istər teatr, istər musiqi, hətta kütləvi oyunlar, bayramlar – biznesdən uzaqda durmalıdır. Bu məsələdə dövlətin, cəmiyyətin elitar hissəsinin böyük rolu məsələsi problemi meydana çıxır.

- Pənah bəy, bu sahə ilə bağlı fikirləriniz maraqlı idi. Ancaq özünüzün şou-bizneslə nə dərəcədə maraqlandığınızı demədiniz...

- Mən xüsusi şou-biznes bilicisi də deyiləm. Təkrar edirəm, özümüzdən asılı olmayaraq onun bir istehlakçısı oluruq. Televiziya da daxil olmaqla müxtəlif vasitələrlə onlar hər kəsin evinə girir, gözlərinə və qulaqlarına daxil olur. Bundan tam təcrid olmaq mümkün deyil. Ancaq xüsusi olaraq şou həvəskarı deyiləm, biznesmen də deyiləm. Daha çox klassik xarakterli məhsullara üstünlük verirəm. Klassik musiqi, hətta estradaya üstünlük verirəm. Mən bu məsələlərin sözün əsl mənasında mədəniyyət hissəsini üstün tuturam. O baxımdan ki, bu gün cəmiyyətdə şou-biznes adına zövqsüz, bir qədər də bayağı – təbii ki, mənim fikrimcə – ancaq kabel televiziyası ilə göstərilmək səviyyəsində olan məsələlərin də əleyhinəyəm.

- Siz özünüz konkret kimləri dinləyirsiniz?

- Hamı təkrar-təkrar deyir, ancaq mən də təkrarlamalıyam: mən muğam musiqisini də, estradanı da sevirəm. Özümün zövqümə görə klassik cazı da çox xoşlayıram – bir çoxları buna təəccüb edir. Konkret adlar da çəkə bilərəm. Sara xanım, Flora xanım, Zeynəb Xanlarova, hətta İlhamə xanım. Məsələn, Alim Qasımov yeni bir fenomendir, bunu da hamı deyir, ancaq təkrar etməyinə dəyər. Son dövrlərdə müxtəlif festivallar da keçilir. Bəzi televiziyalarda keçirilən musiqi müsabiqələrinə bəlkə də kimlərsə həvəs göstərib baxırlar, ancaq mən onların çoxuna baxmıram. Ancaq muğamla bağlı keçirilən müsabiqəyə hamı baxırdı, mən də böyük məmnuniyyətlə baxırdım.
Əvvəllər deyirdilər ki, sənət öldü getdi. Ancaq məlum oldu ki, gənclər də əmələ gəlir. Bir dəfə söhbət zamanı böyük yazıçımız Əkrəm Əylisliyə sual verdim ki, “sizin nəsildən sonra kimlər olacaq? Boşluq yaranmayacaq ki?” O bir hadisə danışaraq dedi ki, mütləq olacaq. O danışdı ki, Əylis tərəflərdə birdən-birə dağın başını lalələr götürdü. Hansı ki, indiyə qədər orada heç vaxt lalə bitməmişdi. Yəni, zaman yetirir. 5-6 il əvvələ qədər hamı deyirdi ki, əsl sənət öldü. Ancaq məlum oldu ki, əsl sənət heç vaxt ölmür. İnsanlıq əslində əsl sənətə köklənib.
Bir də onu deyə bilərəm ki, fonoqramlı konsertlərdə iştirak etmirəm. Bir dəfə İdman Sarayında konsert var idi. Müğənninin səsi də, musiqisi də hər şeyi məhv eləmişdi.

- Kimin konserti idi?

- Bizim Cənubi Azərbaycandan olan, həm də dini xarakterli mahnılar oxuyan oğlan idi.

- Sami Yusif?

- Bəli. Mənə belə başa düşdüm ki, o özü də pis vəziyyətə düşdü. Biz özümüz də əvvəldən gözlədiyimiz – yəni əvvəlcədən eşitdiyimiz səsindən aldığımız ləzzəti ala bilmədik. Ancaq onun da öz istehlakçıları var.
Ümumiyyətlə mən bu məsələlərdə tam anarxiyanın da, onun əksinin sərt formasının da tərəfdarı deyiləm. Orta yol tapmaq lazımdır.

- Söz düşmüşkən, son illərdə kimlərin konsertinə getmisiniz?

- Alim Qasımovun Sarayda keçirilən iki konsertində olmuşam. Çox məmnuniyyətlə Zeynəb xanımın konsertinə düşmək istəyirdim, ancaq düşə bilmədim.

- Niyə?

- Konsert keçirilən günlərin birində Bakıda olmadım, bir gün də gəlib bilet tapa bilmədim.
Bundan başqa, muğam müsabiqəsilə (Ümumrespublika Muğam Musabiqəsi nəzərdə tutulur – P.A.) bağlı keçirilən konsertlərin bir neçəsinə getmişəm, həmçinin final konsertində olmuşam. Keçən ilin sonunda muğam müsabiqəsinin qaliblərinin Opera və Balet Teatrında konserti oldu, biz də Milli Məclisin deputatları olaraq dəvət olunmuşduq, getmişdim.
Ümumiyyətlə canlı oxumaq şərtilə o qədər də böyük auditoriya olmayan yerdə – məsələn, Opera və Balet Teatrı, yaxud Dövlət Filarmoniyasında – keçirilən konsertlər məni daha çox cəlb edir, nəinki stadionda, başqa meydanda. Stadiona konsertə gedən-gedir, onun əleyhinə də deyiləm. Bu da istirahət üçün bir formadır.

- Onda yəqin ki, Tarkanın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən konsertinə getməmişdiniz...

- Yox, getməmişdim. Tarkanın sevdiyim mahnıları var, ancaq tarkanpərəst deyiləm.

- Tarkanın hansı mahnısını daha çox sevirsiniz?

- Onun bir (gülür)..., yox bir neçə yaxşı mahnıları var əlbəttə. Ancaq biri var, “yol gedirik, gedirik, gedirik”.

- “Uzun incə bir yoldayım” mahnısı?

- Hə-hə. Bir misrası da belədir. O mahnı türkü üstündədir. Ancaq ümumilikdə türk estradasını çox yüksək qiymətləndirirəm. İstər Qayaxan, istər Əhməd Qaya, həmçinin Sezən Aksu... İndikilər arasında da gözəl oxuyanlar var.
Fars musiqisini də çox sevirəm, onun da özünəməxsus gözəlliyi var.
İndi bunları sadalayıram, ancaq bu yazını oxuyanlardan məni tanıyanlar çox məəttəl qalacaq ki, məsələn mən bayaq dediyim kimi klassik cazı xoşlayıram. Yeri gəlmişkən, Bakıda caz festivalı keçiriləndə getməyə imkanım olmadı.
Biri deyir mən muğamı sevirəm, başqa birisi yalnız cazı sevir. Ancaq məndə konkret musiqi duyumu yoxdur. Məsələn, mənim oğlum bu məsələlərə məndən fərqli yanaşır. Onda musiqi duyumu var. Mən musiqinin xüsusi bilicisi deyiləm. Sadəcə baxıram, dinləyirəm, ondan zövq alıram. Daha təhlil edim, kateqoriyalar şəklində başa düşməyə çalışım, bunu eləmirəm. Ümumiyyətlə, sənətdə “başa düşmək” anlayışı mənim üçün başadüşülən deyil (gülür). Duymaq var, zövq almaq var, kədərlənmək, qüssələnmək var.

- Bayaqkı cavablardan belə məlum oldu ki, Türkiyə musiqisilə maraqlanırsınız, bu mövzuda sual vermək istəyirdim...

- (sözümü kəsir) Vallah, heç bir maraqlanmaq söhbəti yoxdur, mən sadəcə dinləyirəm.

- Hər halda nə dedikləriniz diktofona düşüb, yalnız onları yazacam. Türkiyə şou-biznesinin bir nümayəndəsi olan Azəri qızı Güneli bəyənirsinizmi?

- Vallah xüsusi olaraq pərəstişkarı deyiləm. Ancaq o, xüsusilə yeniyetmə vaxtında Türkiyənin aparıcı telekanallarında oxuyurdu ki, bu, böyük uğur idi. Ancaq yenidən uğur qazanıb-qazanmayacağını deyə bilmərəm. Ancaq arzulayarıq ki, yenidən əvvəlki şəkildə parlasın.

- Onunla bağlı yayılan məlumatlardan xəbəriniz varmı?

- Karyerasını izləmirəm.

- Bayaq “ciddi sənət” ifadəsini işlətdiniz. Şou-biznes nümayəndələrindən, xüsusilə də gənclərdən kimləri ciddi sənətlə məşğul olanlara aid etmək olar?

- Sözün düzü onları, xüsusən gəncləri izləmirəm. Ola bilsin təsadüfən televizorda görüm, xoşuma gələ də bilər, gəlməyə də bilər. Ancaq xüsusi bir adı yadımda saxlamaqda çətinlik çəkərəm.

- Məsələn, Röyanın oxuduqları, onun səsi ciddi sənətdir, yoxsa yox?

- Mən sənətdən danışdım,... Röyanın öz mahnıları, onun da öz dinləyənləri var. Onun da xüsusi dinləyəni, pərəstişkarı deyiləm. Ancaq dinləyənlər, sevənlər var.

- Suala cavab vermədiniz...

- Bu, subyektiv bir məsələdir. Hər halda, adını yuxarıda çəkdiyimiz istər bu gün həyatda olmayan həmişəyaşar böyük korifeylər, istər canlı əfsanələrimizin olduğu yer ayrı bir səviyyədir, dərəcədir, mərtəbədir. Ayrı bir haldır, məqamdır. İndiki gənclərdən də kimlərsə ora düşəcək-düşməyəcək, bunu biz həll etmirik. Röya gənc bir müğənnidir, dediyim kimi, xüsusi pərəstişkarı da deyiləm. Açıq deyim ki, televiziyadakı şou verilişlərini də bəyənmirəm. Düzdür, bu məsələdə senzura qoyulması barədə söhbətlər gedir, ancaq alovlu senzura tərəfdarı da deyiləm. Ancaq şəxsən mən o verilişləri bəyənmirəm. Bəlkə də yaşımla və zövqümlə bağlılıqdandır ki, məsələn, Nisə xanımın verilişini bəyənirəm.

- Sizin danışdıqlarınız çox maraqlı idi. Ancaq suala cavab vermədiniz: Röyanın oxuduqları, onun səsi ciddi sənətdir, yoxsa yox?

- Məncə cavab verdim. Oxucu üçün aydın olacaq.

- Röyadan əvvəlki nəsillər – Aygün Kazımova, Faiq Ağayev...

- (yenə sözümü kəsir) Mən məsələnin Röyadan əvvələ qədər və Röyadan sonra kimi qoyulmasını doğru saymıram. Bilmirəm siz hansı kriteriyaları nəzərdə tutursunuz.

- Nəsil baxımından.

- Faiq Ağayev Röyadan nə qədər yaşlıdır ki?!

- Hər halda aralarında təxminən 10 yaş fərq olar...

- Eləmi?

- Əlbəttə. Bunları həmçinin Aygün Kazımova barədə də demək olar.

- Bir sual da verə bilərəm?

- Buyurun.

- Məsələn, Röyanın neçə mahnısının adını bilirsiniz?

- Təxminən 3-4.

- Bilirsiniz niyə soruşuram, mən Röyanın bir dənə də olsun mahnısının adını bilmirəm. Ancaq qulaq asıram, hərdən insana ləzzət edən mahnıları da olur. Nə isə, növbəti sualı verin.

- “Toylar kralı” mükafatını almış Manaf Ağayevin oxuduğunu ciddi sənət saymaq olar?

- (gülür) “Toylar kralı” barədə söhbət əsnasında eşitdim və belə başa düşdüm ki, o verilişlərə baxanlar səsə qulaq asmaqla yox, ancaq SMS verməklə məşğuldurlar. Ona görə də orada çətin ki, ciddi bir şey alınsın. Mən əleyhinə də deyiləm, lehinə də deyiləm. Ancaq SMS krallığı yəqin o şounun biznes tərəfi burada özünü göstərir.

- Bu da öz növbəsində gedib çıxır sponsorlara...

- Bu da bir yarışdır da... 2005-ci ildə ANS-də seçkiqabağı debatlar edirdilər, SMS-lə səs verilirdi. Mən də Fəzail Ağamalı ilə, Hafiz Hacıyevlə çıxmışdım. Orada da dediyim kimi, SMS göndərilib səs verilirdi. Bu da günümüzün reallığıdır. Ancaq belə baxıram, “Toylar kralı” SMS-lə tutub Alim Qasımovu da uda bilər.

- Rəqsanənin oxuduğunu necə, ciddi sənət saymaq olarmı?

- Onun dinləyicisi deyiləm, bu səbəbdən də cavab verməkdə çətinlik çəkirəm. Mən Rəqsanənin bir dənə də olsun mahnısına qulaq asmamışam. Heç səsini eşitsəm də bilməmişəm ki, bu, Rəqsanədir. Röyanı səsindən tanıyaram, ancaq Rəqsanə oxusa bilmərəm ki, oxuyan kimdir, yəni səsini tanımıram.

- Bəs Rəqsanə ilə bağlı qalmaqallı xəbərləri necə, eşitmisinizmi? Anası və bacısının adının insan alverində hallandırılması, yeni doğulmuş övladı ilə bağlı maraqlı xəbərlər...

- Bunlar mənim diqqətimdən kənarda qalıb. Eşitsəm də belə, hər şeyi yadda saxlaya bilmərəm ki.

- Bir az səmimi olun Pənah bəy...

- Dedikləriniz həqiqətən də ola bilər. Ancaq mən doğrudan da siz deyən məsələləri bilmirəm. Mənim “kruq”umda belə söhbətlər olmayıb.

- Övladlarınızın toyuna hansı müğənnini çağırmışdınız?

- Mən iki toy eləmişəm. Biri qızımın toyu olub, həmin toya müğənnini kürəkən tərəf dəvət edib... (evdəkilərdən həmin müğənnini adını soruşub öyrənəndən sonra davam edir) Adı Kərim idi, familiyasını bilmirəm. Oğlumun toyunda isə məclisin əsas oxuyanı kimi Zabit Nəbizadə gəlmişdi. Ancaq onlardan başqa toylarda Flora xanım da oxuyub. Oğlumun toyunda muğam müsabiqəsinin qaliblərindən biri, həmçinin aşıq Əhliman oxuyub. Oğlumun toyuna bir gənc müğənni də gəlmişdi, adını bilmirəm, onu uşaqlar özləri çağırmışdı.

- Bəs yalnız Sizin öz ixtiyarınızda olsaydı kimi çağırardınız toya?

- Əlbəttə ki, bizim ürəyimizdən çox adamlar keçərdi. Ancaq təkcə istəməklə olmur axı. Burada çox məsələ rol oynayır, maddi məsələ var, sonra, uşaqlar da öz sözünü deyir ki, kompromisə getməli olursan və s.

- Kompromis demişkən, evdə televizora baxmaq üstündə mübahisə düşürmü, yoxsa güzəştə gedirsiniz?

- Sözün düzü, bizim evdə əsas mübahisələrimiz televizora baxmaqla bağlı olur. Mən daha çox Türkiyə telekanallarının verdiyi siyasi verilişlərə baxıram. Həyat yoldaşım isə Türkiyə seriallarına baxır. Əsas mübahisə də bunun üstündə olur (gülür). Ortaq baxanda şübhəsiz ki, mən güzəştə gedirəm. Serial olmasa da, gözəl verilişlərə baxırıq, ancaq mənim də baxdığım seriallar olur (yenə gülür, hiss olunur ki, Pənah bəy seriallara heç də həmişə könüllü baxmır).

- Evdə bir televizor var?

- Yox, bizdə iki televizor var. Oğlum həyat yoldaşı ilə birgə bizimlə yaşayır, televizorun biri onlarındır.

- Ümumiyyətlə diqqətinizi çəkən serial olur, yoxsa ancaq məcburiyyətdən baxırsınız?

- Yox, baxdıqlarım var. Məcbur olub həyat yoldaşımla birgə “Yapraq dökümü”nə baxıram (gülür).

- Bəs diqqətinizi çəkən olmayıb?

- Ümumiyyətlə mən filmlərə baxmağı xoşlayıram. Xeyli filmlərə, o cümlədən seriallara da baxıram.

- Hansı tip filmləri xoşlayırsınız?

- Xoşladığım filmlər çoxdur.

- Hansı növləri daha çox xoşlayırsınız – döyüş filmlərini, psixoloji-dram, məhəbbət?

- Elə hamısını. Film məsələsində demək olar ki, sevdiyim və sevmədiyim yoxdur. Yalnız komediya janrını və dəhşət filmlərini sevmirəm. Bunun da səbəbini bilmirəm. Heç vaxt disk satılan köşklərdən komediya janrında çəkilən film diski almamışam. Ancaq kovboy filmləri, qanqster, psixoloji-dramlar, tarixi, fantastik və s. filmləri sevirəm.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1669

Oxşar yazılar