“Zaur Baxşəliyevdən zəhləsi gedən 1.000.000 adam axtarıram!!!”
12 yanvar 2010 18:30 (UTC +04:00)

“Zaur Baxşəliyevdən zəhləsi gedən 1.000.000 adam axtarıram!!!”

“O, ...sözbaz, qeybət eləyən, araqarışdırandı...”

“Facebook” sosial şəbəkəsində “Azad Azərbaycan” televziyasının (ATV) məşhur aparıcısı Zaur Baxşəliyevlə bağlı bir qrup yaradılıb. Lent.az-ın xəbərinə görə, qrupa “Zaur Baxşəliyevdən zəhləsi gedən 1.000.000 adam axtarıram!!!” adı verilib.
Qrupun “Açıqlama” bölümündə isə bu ifadələr yer alıb: “Zaur Baxşəliyevdən zəhləm gedir. Mənim fikrimcə, arvad kimi sözbaz, qeybət eləyən, araqarışdırandı... Mənimlə həmfikir olanlar bu qrupa qoşulsun”.

Qrupun “Xəbərlər” bölümündə isə “Bu Zaurlardan zəhləm gedir. Mənim fikrimcə, arvad kimi sözbaz, qeybət eləyən, araqarışdırandı... Mənimlə həmfikir olanlar bu qrupa qoşulsun” cümlələri yazılıb.

Hazırda qrup üzvlərinin sayı 600-ə yaxınlaşır. Qrup üzvlərini Azərbaycanda və xaricdə yaşayan, əsasən gənclərdən ibarət azərbaycanlılar təşkil edir.

Sözügedən qrupun yaradıcısı kimi isə “facebook” istifadəçilərindən olan Heydər Babayev adlı şəxs göstərilib. Lent.az-ın əməkdaşı həmin şəxsə müraciət edərək, ondan telefon vasitəsilə açıqlama alıb. Ad-soyadının Heydər Babayev olduğunu təsdiqləyən bu şəxs 17 yaşı olduğunu, Bakı şəhərində yaşadığını, ali məktəblərdən birinin tələbəsi olduğunu bildirib: “Mən baxıb müşahidə edirdim ki, “Facebook”-da kim-kimə nifrət edir, kimin kimdən xoşu gəlirsə bununla bağlı nəsə yazır, nəsə edir. Mənim də həmin insandan xoşum gəlmir. Ətrafımda olanlarla da həmin insanın apardığı verilişdən sonra zəngləşib müzakirələr aparırırdıq, məlum olurdu ki, fikirlərimiz üst-üstə düşür. Ona görə də belə qərara gəldim ki, bu qrupu açım, görüm həqiqətən də insanların o adamdan xoşu gəlir, yoxsa yox. Mən heç kimi məcbur eləmirəm ki, kiminsə ondan zəhləsi getsin, ya da xoşu gəlsin. Ancaq gördüm ki, qrupu yaradandan sonra 10 saat ərzində 300-dən çox şəxs qrupun üzvü oldu və inşallah, davamı da gələcək”.

Zaur Baxşəliyevlə heç bir tanışlığı olmadığını deyən H.Babayev onu yalnız kənardan gördüyünü deyib: “ATV-nin binasının yaxınlığında futbol oynayanda yanımızdan keçib, salamlaşmışıq. Salam Allahın salamıdır, ona görə vermişəm. Nə olsun ki, ondan zəhləm gedir?!”

ATV-nin aparıcısı Zaur Baxşəliyev isə Lent.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu deyib: “Mən “Facebook” haqqında eşitmişəm. Ancaq vaxtım olmadığından heç vaxt o sayta baxmamışam. Mənimlə bağlı belə bir qrupun yaradılmasına isə normal baxıram. Bu, dünyanın hər yerində var, həmişə öndə olan insanları sevənlərlə yanaşı, sevməyənlər də tapılır. Bu özü də piardır. Baxmayaraq ki, mən heç bir piara ehtiyac hiss eləmirəm. Çünki mənim qədər televiziyada görünən aparıcı da yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1394

Oxşar yazılar