Aybəniz Haşımova: “Bakıda namussuz gədələr peyda olub” - MÜSAHİBƏ
07 yanvar 2010 17:30 (UTC +04:00)

Aybəniz Haşımova: “Bakıda namussuz gədələr peyda olub” - MÜSAHİBƏ

Azərbaycanın Əməkdar artisti, “Bülbüllər” qrupunun rəhbəri Aybəniz Haşımovanın Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına müsahibəsi


- Siyasətlə nə qədər maraqlanırsınız?

- Mənim sahəmin xüsusiyyəti belədir ki, bu sahənin də özünə görə siyasəti var. Təbii ki, hər bir ölkə öz tarixi, mədəniyyəti və siyasətilə tanıdır. Musiqinin də özünə görə siyasəti var. Hətta elə insanlar var ki, onların danışa bilməyəcəyi, alındıra bilməyəcəyi məsələlərdə musiqi dostluq, yaxud münasibət yarada bilir. Bütün bunlara rəğmən, mən heç vaxt siyasətlə dərindən maraqlanmamışam. Ancaq ölkəmizdə baş verən proseslərə əlbəttə ki, nəzər salmışam. Ağır məsələ olanda ürəyim ağrıyıb, yaxşı xəbər olanda isə sevinmişəm.

- Nədir o, Sizdə ürək ağrıdan?

- Ürək ağrıdan odur ki, bu günə qədər hələ də Dağlıq Qarabağ torpağı bizdə deyil. Siz bilirsiniz ki, mənim qızımın atası Qarabağda şəhid olub. Yəni, Qarabağ məsələsini adi bir vətəndaş olaraq yox, şəhid oğlanın qızının anası kimi deyirəm, öz ağrılarımı dilə gətirirəm. Bu günə qədər qızımın atasının qanı tökülən torpaqlar hələ də erməni tapdağı altındadır. Əlbəttə, tək onun yox, minlərlə, onminlərlə oğlanlarımızın qanı tökülüb o torpaqda. Həmin torpaq isə ermənilərin əlindədir. Mən demirəm ki, yenidən müharibəyə başlayaq. Amma mən inanıram k, bizim dövlət başçımız düzgün qərar əsasında yaxın zamanlarda bu məsələyə son verəcək. Biz torpaqlarımızı geri almalıyıq.

- Bəs başqa hansı qanqaraldıcı məsələlər var?

- Mənim üçün əsas məsələ budur.

- Sevindirici hadisələr hansılardır?

- Sevindirici odur ki, ölkəmiz çiçəklənir, Bakı gözəlləşir, insanların yaşayışı yaxşılaşır. Qaçqın şəhərcikləri ləğv olunub, böyük qəsəbələr salınıb. İndiyədək qaçqınlarımız torpaqdan hörülmüş, bərbad evlərdə yaşayırdılarsa, indi şəraitləri yaxşılaşdırılıb. Yəni, zülm və əziyyətdən qurtulublar. Xüsusən Bakının gözəlləşməsi məni sevindirir. İndi dünyada üç gözəl şəhər varsa, onun da biri də Bakıdır. Bu da təbii ki, ölkə rəhbərimizin sayəsindədir. Yaxşı şeylər çoxdur, yaralı yerim təkcə Qarabağ məsələsidir.

- Qaçqın şəhərciklərinin ləğv olunmasına niyə sevinməliyik?

- Buna sevinməliyik ona görə ki, insanlar yaşadıqları çadırdan qurtulublar. Əlbəttə ki, bizi tam sevinməyə imkan verməyən Qarabağın bu günə qədər də düşmən ayağı altında olmasıdır.

- Sizcə, Ermənistan müharibəsiz torpaq qaytarar?

- Erməni müharibəsiz torpaq verməz.

- Bəs onda nəyi gözləyirik?

- Əgər torpaqlarımız dövlət başçısının gücüylə geri qaytarılsa, mən buna çox sevinəcəm. Əgər müharibə elan olunsa, biz hamımız dövlət başçısının yanında müharibəyə gedəcəyik. Erməni özbaşınadı ki, torpaq verməsin? Necə alıblar bizim bəzi satqınların köməyilə, canları çıxacaq elə də qaytaracaqlar. Torpaqlarımız geri qayıdacaq, istər sülh, istər müharibə yoluyla olsun. Ancaq dövlət başçısı nə qərar versə, biz onun arxasındayıq.

- Dediyiniz o “satqınlar” axı niyə satqınlıq eləyiblər?

- Pulla satdılar da torpaqları. O vaxt acından ölürdülər, Qarabağ torpağından istifadə elədilər. Hətta bizim oğullarımız vardı ki, onları özümüzünkülər arxadan güllələdi.

- Bu ilin aprelində Bakıda Dünya dini liderlərinin sammiti keçiriləcək. Sammitdə ermənilərin katolikosu II Qareginin də iştirak edəcəyi gözlənilir. Buna münasibətiniz necədi?

- Yadınızdadırsa, bizimkilər də ötən il bir tədbirlə bağlı Ermənistana getmişdi. Bilirsiniz, biz Qarabağı geri almalıyıq. Bunun da yolları var və dövlət bu yolu yaxşı bilir. Bu baxımdan, əgər o bura dəvət olunursa, deməli gəlməlidir. Hər halda erməni durduğu yerə gələ bilməz, yəqin Azərbaycanın xeyri naminə olacaq.

- Türkiyəylə Ermənistan arasında protokol imzalandı, deyilənə görə bu ölkələr arasında sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllilə paralel aparılacaq. Sizin bundan xəbəriniz var?

- İstər Türkiyə, istər də Amerika olsun, imza atsın və desin ki, sizə kömək edəcəyik, mən bunun heç birinə inanmıram. Onlar heç nə etməyəcək. Bu gün daha Türkiyədə Atatürk yoxdu ki, gələ Azərbaycana kömək eləyə. Mən buna inanmıram. Təkcə onu bilirəm ki, Azərbaycanın özündən başqa dostu yoxdur, heç bir doğması yoxdur. Danılmaz faktı ki, bu gün Türkiyənin özündə nə qədər erməni, yaxud ermənipərəst var. Bunu siz də bilirsiniz, biz də, hamı da bilir. Bu gün bu işlərin içində əsl türkün özünü də düşündürən keçid var: necə edim ki, Azərbaycana köməyim dəysin? İnanıram ki, onlar bu haqda bizim qədər düşünürlər və onu da yaxşı bilirlər ki, dünyanı ermənipərəstlər daha çox başına alıb, nəinki türkpərəstlər. Birinci növbədə biz özümüz azərbaycanlı olaraq hamımız bir olmalı və gedib torpağımızı işğaldan xilas etməliyik. O zaman əsl türk oğulları da bizim yanımızda olacaqlar. Ancaq nə təhər olur ki, biz bir qaraçı millətinin qarşısında məğlub oluruq? Bu gün gedin sorğu keçirin, on nəfərdən üçü deyəcək ki, getmirəm müharibəyə. Qaçıb gizlənəcəklər. O oğullar var idi e, Qarabağda şəhid oldular, onların ruhu bunları bağışlayacaqmı görəsən? Qulaqlarına sırğa taxıb arvad olublar. Kişi də arvad olarmı? Görün Bakıda nə qədər namussuz gədələr peyda olub. Bu infeksiya Azərbaycana haradan düşdü? Bu məsələni qaldırmaq lazımdı. Çünki bu, xəstəlikdi və yanlarındakı hamını yoluxdura bilər. Əvvəlcə bunu təmizləməliyik, ondan sonra qəti qərarlaşmalıyıq. Və özümüz deməliyik ki, bunu etməliyik, torpağımızı düşməndən təmizləməliyik. Onda türk də bizim yanımızda olacaq. Yox, hansı oğlana baxırsan, saçını “pyorışka” eləyib, qulağına sırğa taxıb, arvad paltarı geyinib, yollara düşüb. Birinci bunu yığışdırmalıyıq. Görün kişilərimiz hara gedir?!

- Dediyiniz hallar əvvəllər niyə bu qədər deyildi?

- Əvvəl yox idi... Səbəbi... nə bilim, vallah... Ancaq bilirsiniz, azadlıq o demək deyil ki, soyunub düşəsən çölə. Azadlıq başqa anlamdır, bunlar başa düşmür. Bunlar “azadlıq” deyəndə fikirləşirlər ki, soyunub çölə düşmək lazımdı, yaxud fikirlərində çılpaq olmalıdırlar. Azadlığın özünün də gözəl bir qapalılığı var, hansı ki, biz bunu keçməməliyik. Xüsusən anaların dünyaya övlad gətirməsində... Vaxt var idi qadınlar – bunu dediyimə görə üzr istəyirəm – ana olmağa hazırlaşan vaxt hamıdan gizlənərdilər, indi isə bununla özlərini reklam edirlər ki, “başqa ölkələrdə var, biz də edək”. Niyə başqasına oxşamaq istəyirsən? Axı sənin özünün soy kökündə o qədər nümunə göstəriləcək gözəlliklər var... Niyə bundan götürmürsən? Bilirsiniz, çox çətin məsələdir bunlar. Arada baxıram bunlara, həvəsdən düşürəm. Ancaq bir pedaqoq olaraq fikirləşirəm ki, həvəsdən düşmək lazım deyil, vəziyyəti düzəltmək üçün çalışmaq lazımdır.

- Ürəyiniz doluymuş...

- Məndən indi müsahibə götürürsünüz, indi deyirəm. Bir ay qabaq, ya da altı ay qabaq söhbət etsəydiniz, yenə bunları deyəcəkdim. Neçə dəfə rayondan gələndə yolda oğlanlarımızı arvad geyimində görmüşəm, az qalmışam “udar” alım. Bu, məni çox ağrıdır. Bir dəfə “Hyatt Regency” otelinin yaxınlığında maşınla gəlirdim. Maşın svetoforda dayananda birdən bir nəfəri gördüm. Baxıram ki, qadındı, mini yubka, tor-tor kolqotka geyinib, ancaq birtəhər görünür. Ona baxdım, birdən kişi olduğunu hiss eləyib ani olaraq “aaa” deyib təəccübləndim. Təəccüblü sifətimi görən o “kişi” iki əliylə mənə “ala” verdi, yəni, “kül başına...” Yəni “mənə niyə təəccüblə baxırsan?”
Yaxşı, kişilərimiz bu cür bədbəxt, xəstə vəziyyətdə çöllərə düşüblər, səhər torpağı almağa kim gedəcək? Belə çıxır ki, səhər müharibə olsa, çox az kişi gedəcək, gərək arvadlar silaha sarılsınlar.

- Bu yaxınlarda – keçən il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. Bu proseslə nə qədər maraqlandınız?

- Seçki yaxşı keçdi, vətəndaş olaraq görürdüm. Dəstəklədim də, razı da qaldım.

- Özünüz seçkidə səs verdiniz?

- Bəli.

- Partiya mənsubiyyətiniz varmı?

- Yox, heç bir partiyanın üzvü deyiləm.

- Gələcək perspektivdə hansısa partiyanın üzvü olmaq ehtimalı varmı?

- Mənim bir partiyam var, onun da adı Azərbaycandır. Heydər Əliyev vaxtilə mənim və mənim kimi çox adamın təhsil almasına şərait yaradıb. Mən də Vətəni sevməyi, Vətənə qulluq etməyi, sadiq qalmağı ondan öyrəndim. Mənim bir partiyam var: Azərbaycan partiyası.

- Bələdiyyə seçkisindən sonra Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu. Dünyadakı azərbaycanlıları nə qədər həmrəy saymaq olar?

- Hər halda, bu məsələdə vəziyyət yaxşıdır. Mən özüm dəfələrlə diaspora təşkilatları üçün konsertlərdə olmuşam. Onların iş prinsipindən razıyam. Hər halda, hər kəs bacardığını etsə, böyük iş olar. İnanıram ki, müharibə başlasa, xaricdən çoxlu azərbaycanlı gəlib cəbhəyə yollanacaq. Mən özüm çoxlu sayda bu cür azərbaycanlı tanıyıram.

- Beynəlxalq siyasətlə maraqlanırsınızmı?

- Məni ən çox öz ölkəm maraqlandırır. Ancaq başqa xəbərlərlə də maraqlanıram. Məsələn, Gürcüstan hadisələrini izləyirəm. Türkiyədə kürdlərlə bağlı problemlər məni çox narahat elədi.

- Kürdlərlə bağlı problem necə həll olunmalıdır?

- Orada neçə illərdir ki, bu problem, daha doğrusu faciələr yaşanır, nə qədər oğulların meyiti anaların üstünə gəlir. Evlərə meyitin gəlməsi mənim ən yaralı yerimdi. Belə şey görəndə qaysaq bağlamış yaralarım təzədən qanayır, bu, məni çox ağrıdır. İnanıram ki, bu məsələ türklərin və Türkiyənin xeyrinə qurtaracaq.

- Dağdan enən terrorçuların bağışlanmasına necə baxırsınız?

- Bağışlamaq Allaha məxsusdur, yaxşı şeydir. Ancaq gərək o bağışlananlar da bir də bundan betərini etməsinlər, faciələr törətməsinlər.

- Bağışlanılmaq demişkən, Müşfiq Hüseynovu tanıyırsınız?

- Müşfiq Hüseynov? Hansıdı?

- Əfv siyahısına düşən jurnalistdi. Eynulla Fətullayevi necə, tanıyırsınızmı?

- Onu tanıyıram, adı çox məşhurdu, televizorda görmüşəm. Bilmirəm onların günahı var, yoxdu.

- Hazırda Məhərrəm ayıdır. Bu ayda oxuyursunuz?

- Çəkilişlərə gedirəm. Məhərrəmlik vaxtı toy etmirlər. Məhərrəmlikdə toy eləməzlər, eləyən də olsa, yəqin müsəlman deyil. Hətta toy eləsələr və məni çağırsalar da getmərəm. Ona görə getmərəm ki, mən qanuni kəbleyiyəm. Mən dinə bağlıyam. Düzdü, dinpərəst də deyiləm, yəni, bütün günü başımı çalmalayıb oturan adam da deyiləm.

- Deməli, Sizin fikrinizcə, Məhərrəm ayında toy eləmək olmaz, ancaq oxumaq olar?

- Əgər konsert, çəkiliş varsa, bu başqadır, axı bu toy deyil. Toyda əylənirsən, oxuyursan. Əgər mən efirdə çıxıb millətimə dəyərli əsərlər oxuyuramsa, bunun məhərrəmliyə nə aidiyyatı, nə ziyanı var?!

- Məhərrəmlik mərasimlərinə qatılırsınızmı?

- Mən bütün ilboyu Allahın yolundayam. Həmişə də qatılıram, ancaq heç vaxt bunu demirəm. Çünki sağ əlin verdiyini, sol əl bilməməlidir. Evimdə Quran var, evə molla çağırıb Quran oxutdururam, halva çalınır, paylanır və s.

- Axırıncı dəfə hansı məscidə getmisiniz?

- “Təzə pir” məscidinə. Bu məscid düz evimin yanındadır. Bu evi də məhz “Təzə pir” məscidinə görə almışam ki, hər səhər yuxudan azanla oyanım. Yəqin ki, bu cavabım hər şeyi deyir.

- Kitab oxuyursunuz?

- Son vaxtlar gözlərimdə problem yaranıb. Ona görə də çalışıram ki, az oxuyum. Ancaq bədii əsərləri və şeir kitablarını oxumağı çox sevirəm.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1327

Oxşar yazılar