Rusiyanın Moskva Şəhər Məhkəməsi “qanuni oğru” Vyaçeslav İvankovun (Yaponçik) qətlinin təşkilatçısı İlya Simoniyanı qiyabi olaraq 21 il müddətinə maksimum rejimli həbsxanaya məhkum edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, kütləvi informasiya vasitələrində “qanuni oğru” Maho adlandırılan Simoniya, mütəşəkkil dəstə tərəfindən muzdluluq və ya muzdla adam öldürmə maddəsi ilə təqsirli bilinib.
Məhkəmə təqsirləndirilən şəxs beynəlxalq axtarışa verildiyi üçün onun iştirakı olmadan keçirilib.
Qeyd edək ki, İvankov 2009-cu il iyulun 28-də Xoroşevskoye şossesində restoranın yaxınlığında ağır yaralanıb və aldığı xəsarətlərdən həmin il oktyabrın 9-da dünyasını dəyişib.
Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən müəyyən edilib ki, qətlin motivi “Simoniyanın naməlum şəxslərin vəd etdiyi “qanuni oğru” statusunun qaytarılması” olub.