“Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləmiş Quliyev Əzizağa Kişibala oğlunun qanunsuz əməlləri ifşa olunub.
Saatlı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, qeyd olunan şəxsin qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında araşdırma aparılıb.
Aparılmış araşdırmalarla Əzizağa Quliyevin “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləyən zaman, Matan Məmmədovanı xadimə işinə qəbul etmək müqabilində 1000 manat, qızı Jalə Həvəskarini isə kompüter üzrə mütəxəssis ştatına işə qəbul etmək üçün 2000 manat məbləğində pulu rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon Prokurorluğunda cinayət işi başlanmaqla, Quliyev Əzizağa Kişibala oğlu Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.