Rusiyanın Moskva şəhərində Azərbaycan vətəndaşı Şahin Abbasov və onun yaxınlarının məhkəməsi başlayıb. Onlar bir il əvvəl törədilən və böyük ictimai rezonansa səbəb olan bayker Kirill Kovalevin qətlində ittiham olunurlar. İş materiallarına görə, gənc Şahin Abbasova park edilmiş avtomobillə bağlı irad bildirdiyi üçün qətlə yetirilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, 22 yaşlı Şahin Abbasov və onun 21 yaşlı qardaşı Şöhrət Abbasov bir qrup şəxs tərəfindən xuliqanlıq məqsədilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin “g”, “i”, 2-ci hissəsi) qətl törətməkdə ittiham olunurlar. Onların atası Nizami Abbasov, dayısı Bəxtiyar Abbasov və Nahidi Hüseynov qətldə şərik olmaqda təqsirləndirilir. Digər qohumu İsaxan Abbasov isə qətldə şərik olmaqda, həmçinin iki rüşvət almada (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 3-cü hissəsi) ittiham olunur.
Moskva Şəhər Məhkəməsində proses andlılar heyətinin iştirakı ilə keçirilir - bunu müttəhimlərin özləri xahiş ediblər. Qeyd edək ki, təqsirləndirilən şəxslərin əksəriyyəti rus dilini yaxşı bilmədikləri üçün iclaslarda tərcüməçi iştirak edir.
Xatırladaq ki, qətl 2024-cü il aprelin 17-də Moskvanın Krasnodarskaya küçəsində törədilib. Kirill Kovalev hadisənin baş verdiyi yerə sevgilisi ilə görüşməyə gəlib. O, binanın girişində səkidə dayanan ağ rəngli “Toyota” markalı avtomobili görərək yaxınlıqda dayanan gənclərə irad tutub. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.
Cinayət işində qeyd olunduğu kimi, Şahin Abbasov Kirill Kovalevə hücum edərək onu döyüb, sonra isə bıçaqlayıb. Kirill Kovalev yıxılanda Şahin Abbasovun yoldaşlarından biri ona daha bir neçə zərbə endirib. Bundan sonra cinayətkarlar oradan uzaqlaşıblar. Xəstəxanaya aparılan Kirill Kovalevi həkimlər xilas edə bilməyiblər. Daha sonra Şahin Abbasov iki qohumu ilə birlikdə Moskvanı tərk edib və onlar yalnız Rostov vilayətində saxlanılıblar.
İstintaqın məlumatına görə, onlar Şahin Abbasovun atasından necə gizlənmək barədə göstəriş alıblar və Rostov vilayətinə gedərkən bir sıra başqa cinayətlər törədiblər. Cinayətdə şərik olduqları ehtimal edilən qalan şəxslər paytaxtda saxlanılıb.