Vilyam Hacıyev və Elnur Şıxəliyev
18 aprel 2022 13:39 (UTC +04:00)

Vilyam Hacıyev və Elnur Şıxəliyev

Məşhur idmançı Vilyam Hacıyevin ÜZÜNƏ DURDU: "20 min manat verdim"

İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər dindirilib.

Zərərçəkmiş Qarabağ veteranı Arif Ələkbərov icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsini artırmaq üçün 1000 manat veribmiş:

“Rayonumu tərk etməmək üçün icra hakimiyyətinə müraciət edib torpaq sahəsi istədim. Mənə 2001-ci ildə sərəncamla icarəyə torpaq sahəsi verdilər. Vaxtı bitdikcə yeni müqavilə imzalayırdıq. 2018-ci ildə imzaladığımız müqavilənin müddəti bitdi. Yenidən müqavilə imzalamaq üçün icra hakimiyyətinə müraciət etdikdə məndən 1000 manat pul istədilər. Hüseyn adlı şəxsə pulu verdim ki, mənim müqaviləmin vaxtını artırsınlar. Hüseyn dedi ki, bu Vilyam Hacıyevin göstərişidir”.

Prosesdə ifadə verən DSMF-nin İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyev vurğulayır ki, Vilyam Hacıyevə 3 min manata yaxın pul verib:

“Vilyam Hacıyevlə şəxsi münasibətim normal idi. Şəhərin abadlıq işləri ilə bağlı icra hakimiyyətindən tapşırıq verdilər ki, 1000 manat pul verməliyəm. Mən də pulu Cəmil Musayevə verdim. Daha sonra yenidən yolların tikintisi üçün 1000 manat istədilər. 7-8 il müddətində 3 min manata yaxın icra hakimiyyətinə pul vermişəm”.

Zərərçəkmişlər sırasında olan idmançı, Azərbaycan Natural Bodibildinq və Fitness Assosiasiyasının prezidenti, idmançı Elnur Şıxəliyev torpaq sahəsini rəsmiləşdirmək üçün 20 min manat pul verdiyini açıqlayıb:

“Bakı şəhərində yaşasam da, əslən İmişli rayonundanam. Heyvandarlığı inkişaf etdirmək məqsədi ilə 2019-cu ildə İmişli rayonunda torpaq sahəsi aldım. Bunu rəsmiləşdirmək üçü icranın hüquq şöbəsinə müraciət etdim.  Dedilər ki, Vilyam Hacıyevin sərəncamı imzalaması üçün 20 min manat pul ödəməlisən. Mən də gəldim mühasibatlığa pulu ödəyib, sərəncamı aldım.

Qanuni şəkildə olması üçün çek tələb etdim amma vermədilər. Dedilər ki, əmlak şöbəsinə göndəriləcək ondan sonra çek verilə bilər”.

Vilyam Hacıyev idmançını ilk dəfə gördüyünü və ondan rüşvət tələb etmədiyini deyib.

Digər zərərçəkmiş Bəxtiyar Nəsirov “Avrolizing” İmişli rayon şöbəsinin müdiri deyir ki, atasının Vilyam Hacıyevə rüşvət verməsindən xəbəri yoxdur:

“İşləmək üçün Bakıdan İmişliyə gəldim. Atam İmişlidə tanınmış şəxs idi. İşə qəbul olmaq üçün icra hakimiyyətinə müraciət etdim. Heç bir rüşvət vermədim”.

Hakim şahidin ifadəsində ziddiyətlər yarandığı üçün istintaq materiallarındakı ifadəsini elan edib.

İfadədə məlum olur ki, Bəxtiyar Nəsirov işə qəbul olmaq üçün 10 000 manat rüşvət verdiyini deyib. 

Şahidin ifadəsinə münasibət bildirən Vilyam Hacıyev deyir ki, mənim işimdə rüşvətlə bağlı heç bir hal yoxdur:

“Siz israr edirsiniz ki, mənə rüşvət verib”.

Bir zamanlar İmişli rayon Vergilər İdarəsinin rəisi kimi çalışan zərərçəkmiş Tərlan Əliyev deyir ki, hər il arxiv idarəsinin təmiri üçün ayrılan 1000 manat pulu Vilyam Hacıyev götürüb:

“Daim dövlət tərəfindən arxiv idarəsinin təmiri üçün 1000 manat pul ayrılırdı. Vilyam Hacıyev gələnə qədər həmin pulu mən götürürdüm. O, rayona başçı gəldikdən sonra ayrılan pulu Cəmil Musayev götürdü. Deyirdi ki, müəllimə verəcəm. Bu artıq adət halını almışdı. Heç vaxt Vilyam Hacıyevlə yaxın münasibətimiz olmayıb”.

Vilyam Hacıyev ifadəyə münasibət bildirib:

 - Müəllim kimdi? (gülür)

Zərərçəkmiş şəxs “müəllim” sözünün hörmət əlaməti olaraq dediyini deyib:

 - Sizsiniz. Hörmət əlaməti olaraq elə deyilirdi.

Vilyam Hacıyev:

 - Sizdən Cəmil Musayev hər dəfə min manat götürürdüsə, niyə gəlib mənə demirdiz?

Zərərçəkmiş şəxs Tərlan Əliyev:

 - Cəmil Musayev illərdi icra hakimiyyətində mühasib kimi işləyib. Siz icra başçısı gəldikdən sonra Cəmil özünü çox yuxarıdan apardı. Sanki, sizin birinci müavininiz idi.

Vilyam Hacıyev:

 - Siz məsuliyyət daşıyırsınız. Rüşvət verirsinizsə, səhv edirdiniz. Mənə deyərdin ki, qeyri-qanuni sizin adınızdan pul tələb olunur. Günah sizdədir.

Məhkəmənin növbəti iclası aprelin 22-ə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8574
avatar

Fidan İlqar

Oxşar yazılar