"Hiss etdim ki, qapını açıb çölə çıxdı" - Nərminin əmisi oğlu ifadəsini TƏKZİB ETDİ
05 mart 2022 15:57 (UTC +04:00)

"Hiss etdim ki, qapını açıb çölə çıxdı" - Nərminin əmisi oğlu ifadəsini TƏKZİB ETDİ

Gəncə Ağır Cinayətlər Məhkəməsində 2 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, proses hakim Dadaş İmanovun sədrliyi ilə baş tutub. 

Prosesdə şahidlər dindirilib. 

Məhkəmədə Nərmini sonuncu dəfə görən əmisi oğlu Ayxan ifadə verib. Ayxan həm də Nərminin sinif yoldaşıdır. Ayxan Nərmini sonuncu dəfə harada gördüyünü, onun əynində hansı paltarların olduğunu məhkəməyə bildirib və qaranlıq qalan məqamlara aydınlıq gətirib. 

Ayxan istintaqa verdiyi birinci ifadəsində Nərmini həyətdən çıxanda gördüyünü bildirmişdi. Lakin, Ayxan məhkəmədə bunu təkzib edib. O, Nərmini ümumiyyətlə həyətdən çıxdığını görmədiyini dilə gətirib: "Səsdən hiss etdim ki, Nərmin həyətin qapısını açıb çölə çıxdı. Lakin mən onun çıxdığını görmədim". 

Proses davam etdiriləcək. 

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4539
avatar

Fidan İlqar

Oxşar yazılar